“Milyonluq qalmaqal” barədə yeni təfərrüatlar

4-11-2014, 15:12   
“Milyonluq qalmaqal” barədə yeni təfərrüatlar
Nərimanovun keçmiş prokuroru istintaqda polis rəisini zərbə altına qoyub

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Virtualaz.org saytı xəbər verir ki, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulovun suallarını cavablandırıb.

Ramazan Səlimov 1 milyon manatı hardan əldə edib?

Vəkil Sadiq Rəsulov Ramazan Səlimova öncə belə sual verib: “Siz Həsən Əliyevə verdiyinizi iddia etdiyiniz 1 milyon manatı haradan əldə etmişdiniz?”
Ramazan Səlimov isə cavabında həmin pulu 29 sot torpağını və evini sataraq əldə etdiyini deyib.
Vəkilin “satdığınız mülklər öz adınıza olubmu?” sualına isə Ramazan Səlimovun cavabı belə olub: “Yox, qohumlarımın adına olub”.
Sadiq Rəsulov Ramazan Səlimovdan istintaqa verdiyi ifadəni təsdiqləyib-təsdiqləmədiyini soruşub. Ramazan Səlimov ifadəsinin bir hissəsini təsdiqlədiyini, qalan hissəsinin isə onun adından yazıldığını deyib.
Fasilədən sonra - günün ikinci yarısında məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov ifadə verib.
Bundan sonra sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulov məhkəməyə bəzi sənədlər təqdim edib. Sənədlərdən biri də məhkəmə işində adı keçən bağ evi ilə bağlı olub.
Bağın sahibi Nərminə Quliyeva ifadəsində göstərib ki, Mərdəkan qəsəbəsində yerləşən 1391 saylı bağı Ramazan Səlimovdan 1 milyon 100 min manata deyil, 40 min dollara alıb. Ramazan Səlimov isə bağını satdığını, həmin puldan sabiq vəkil Həsən Əliyevə verdiyini iddia edirdi.
Nərminə Quliyeva ifadəsində daha sonra deyib ki, Ramazan Səlimov ona qarşı dələduzluq edib. Buna görə polisə də müraciət edib.
Ramazan Səlimovun vəkili isə qadını yalan danışmaqda ittiham edib və məhkəməyə müraciət edəcəklərini deyib.
Bununla da proses noyabrın 17-dək təxirə salınıb.
Istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib. Iş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.
2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.
Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi - hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Polis rəisindən başqa istintaqa daha kimlər ifadə verib?

“Milyonluq qalmaqal” adını alan bu işlə bağlı “Azadlıq”a da yeni təfərrüatlar daxil olub. Bəlli olub ki, bu iş üzrə Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudov, müavini Cavid Quliyev və Nərimanov Rayon Polis Idarəsinin 16-cı polis bölməsinin təhqiqatçısı Şövqi Ismayılov da dindirilib. Qeyd edək ki, ötən saylarımızda 16-cı polis bölməsinin rəisi Hikmət Usubovun ifadə verdiyini bildirmişdik. Onun ifadəsindən bəzi məqamları diqqətə çatdırmışdıq. Onu da bildirək ki, Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudov və müavini Cavid Quliyev məhz bu işə görə vəzifədən azad olunublar. Onların barəsində ayrıca cinayət işinin başlandığı barədə də iddialar var.
Yeri gəlmişkən, Həsən Əliyev mətbuata açıqlamalarında Hikmət Usubovla Fikrət Mahmudovun qurduğu tələyə düşdüyünü bəyan edib.

Fikrət Mahmudova “milyonluq qalmaqal” barədə kim xəbər verib?


Fikrət Mahmudovun ifadəsinə gəlincə, məlumatlara görə, keçmiş prokuror bildirib ki, o, “miylonluq qalmaqal” barədə Hikmət Usubovun mərulumatı əsasında xəbər tutub. Keçmiş prokurorun sözlərinə görə, 2013-cü ilin aprel ayının əvvəllərində Hikmət Usubov ona zəng vuraraq Ramazan Səlimovun polis bölməsinə müraciət edərək Həsən Əliyevin onu aldatdığını bildirib. Hikmət Usubov həmçinin deyib ki, apardıqları araşdırma nəticəsində məsələnin mülki xarakter daşıdığı bəlli olub və buna görə cinayət işi başlanması rədd edilib. Daha sonra isə Cavid Quliyev bu məsələ ilə bağlı Fikrət Mahmudovun yanına gəlib. Məlumatlara görə, keçmiş prokuror bu barədə ifadəsində belə deyib: “2013-cü ilin aprel ayının axırları - may ayının əvvəllərində Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev mənim yanıma gəldi və dedi ki, onun çoxdan, hələ Yasamal Rayon Prokurorluğunda işlədiyi vaxtdan tanıdığı bir nəfər yanına gələrək Həsən Əliyevin Ramazan Səlimova vurduğu ziyanı ödəmək istədiyini bildirib və bu pulu qaytarmaq üçün ona vaxt verilməsini xahiş edib. Mənə artıq 16-cı polis bölməsinin rəisi Hikmət Usubov material üzrə cinayət işinin başlanmasının rədd edildiyini demişdi, bu səbəbdən mən Cavid Quliyevə dedim ki, Həsən Əliyev barədə ərizə polis bölməsində araşdırılıb, ən əsas məsələ ərizəçinin razı salınması, şikayətin olmamasıdır. Hal-hazırda seçki ilidir, indiki vaxtda hakim barəsində şikayətlərin olması yaxşı hal deyil, bu səbəbdən şikayətçinin razı salınması məqsədəmüvafiqdir. Mən tərəfdən bu məsələ ilə bağlı heç bir problem yoxdur. Cavid Quliyevlə mənim aramda bu məsələ ilə bağlı başqa söhbət olmayıb, heç həmin vaxt mən Cavidin yanına gələn şəxsin kim olmasını bilməmişəm. Sonradan bildim ki, onun yanına gələn adam əslən ağdamlı olan Elman adlı şəxs və əvvəllər Cavid Quliyevin yanında qeyri-rəsmi kompyuter işlərinə köməklik etmiş Taleh adlı şəxs olub. Taleh rəsmi olaraq Nərimanov Rayon Prokurorluğunda işləməyib. O, mən rayon prokuroru təyin edilməzdən əvvəl prokurorluğa gəlib-gedirdi və əsasən Cavidə, eləcə də digər müstəntiqlərə kompyuter işlərində mütəxəssis kimi köməklik edirdi. Mən Nərimanov rayon prokuroru təyin edildikdən bir müddət sonra onun intizamsız davranışına görə prokurorluğa gəlməsini qadağan etdim”.

Prokuror müavininə 100 min manat rüşvət iddiası

Fikrət Mahmudov daha sonra bildirib ki, 2013-cü ilin iyun ayında Hikmət Usubov yenidən ona zəng vurub. Polis rəisi deyib ki, Həsən Əliyev Ramazan Səlimovun pulunu qaytarmaqdan imtina edir. Ona görə də Səlimov və ailəsi yenidən şikayətçi olublar. Fikrət Mahmudovun deməsinə görə, bundan sonra müavini Cavid Quliyevi yanına çağırıb: “Cavid Quliyevi yanıma çağıraraq Ramazan Səlimovun ərizəsi üzrə materialı 16-cı polis bölməsindən götürməyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etməyi tapşırdım. Həm də Bakı şəhər prokuroruna zəng vuraraq material haqqında ona məruzə etdim, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimindən Ramazan Səlimovun şikayət edərək 600.000 manat pul vəsaitinin ələ keçirilməsini bildirdiyini və hazırda da şikayətlərini davam etdirdiyini dedim. Bakı şəhər prokuroru mənə materialı Baş Prokurorluğa məruzə etmək üçün şəhər prokurorluğuna təqdim etməyi tapşırdı. Cavid Quliyev 16-cı polis bölməsinin təhqiqatçısı tərəfindən material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.04.2013-cü il tarixli qərarı 01.07.2013-cü il tarixdə mənim göstərişimlə ləğv etdi, həmin gün də material arayış tərtib edilməklə Bakı Şəhər Prokurorluğuna əl ilə aparılaraq təhvil verildi”.
Məlumatlarda bildirilir ki, Həsən Əliyev Cavid Quliyevi şantaj edib. Bu barədə Fikrət Mahmudov da ifadəsində bildirib. Keçmiş prokurorun sözlərinə görə, Cavid Quliyev deyib ki, Həsən Əliyev bu işin ört-basdır edilməsilə bağlı guya ona 100 min manat pul verib. Fikrət Mahmudov Cavid Quliyevdən həqiqətin nədən idarət olduğunu soruşub. Keçmiş müavini isə Həsən Əliyevin sadəcə onu şantaj etdiyini deyib. Bu halda Fikrət Mahmudov Cavid Quliyevə məsələ barədə Bakı şəhər prokuroruna məruzə etməyi tapşırıb. Məlumatlara görə, Fikrət Mahmudov daha sonra ifadəsində deyib: “Cavid Quliyev Bakı şəhər prokurorluğuna gedib, şəhər prokurorunun qəbulunda olduğunu və sonuncuya Həsən Əliyevin şantaj xarakterli telefon zəngini məruzə etdiyini, onun əgər heç kimdən heç nə almamısansa narahat olmağına dəyməz şəklində cavab verdiyini bildirdi. Bundan bir və ya iki gün sonra Cavid Quliyev yenə də mənim yanıma gəldi və Həsən Əliyevin ona bir ədəd CD diski göndərdiyini dedi. Mən özüm də həmin diskə qulaq asdım, diskdə Cavidin deməsinə görə Həsən Əliyevlə Elman adlı şəxsin arasında söhbətin audiyazısı yazılmışdır və bu danışıqda Həsən Əliyev Elmandan soruşur ki, Cavidə verdiyim 100.000 manatın axırı necə olacaq, Elman da cavab verir ki, o mənlikdir, Caviddən alıb qaytaracağam. Mən yenə də Cavid Quliyevə dedim ki, diski də aparıb şəhər prokuroruna məruzə etsin, o da həmin gün axşam mənə bildirdi ki, şəhər prokurorunun qəbulunda olub bu barədə onu məlumatlandırıbdır”.
Fikrət Mahmudov faktla bağlı prokurorluğun dərhal cinayət işi başlamamasının səbəbini Hikmət Usubovun ona verdiyi məlumatlarla izah edib. “16-cı polis bölməsinin rəisi mənə materialı məruzə edərkən Ramazan Səlimovla Həsən Əliyev arasındakı pul mübahisəsinin mülki xarakter daşıdığını, borc öhdəliyindən yarandığını bildirmişdir. Bu səbəbdən də hakim barəsində cinayət təqibinrin aparılmasına razılıq verilməsi üçün yuxarı prokurorluq qarşısında vaxtında məsələ qaldırmamışam. Mübahisəni mülki xarakterli hesab etdiyimizdən, həm də Həsən Əliyevin izahatı alınmadığından hakim barədə cinayət təqibi aparılmamış, konkret ərizəçinin şikayəti araşdırılmayıb. Rayon prokuroru kimi mən 01.07.2013-cü il tarixdə bölmə rəisi ərizəçinin şikayətlərinin davam etdiyini dedikdən sonra hakim barəsində cinayət təqibinin aparılmasına razılıq verilməsi üçün Bakı şəhər prokuroru qarşısında məsələ qaldırmışam”, - deyə keçmiş prokuror müstəntiqin sualına cavabında bildirib bildirib. Bununla da Fikrət Mahmudov faktitik olaraq məsuliyyəti Hikmət Usubovun üzərinə ataraq, onu zərbə altına qoyub.
Yazıda adı hallanan şəxslərin də mövqeyini də dərc etməyə hazırıq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.