“15 ildir Zərdabda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğulam. Nəinki ailəmizdə, bir neçə qohum ailə arasında tək işləyən mənəm. Xeyrə-şərə gedirəm, onlarla adama baxıram. Bütün bunları Bakıdan mal gətirib satmaqla, yola verirəm. Əslində heç yola da verə bilmirəm. Xeyli borcum var. Amma neyləyək, çarəmiz yoxdur. Son bir ildə başımıza gəlməyən oyun qalmayıb. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin adından bizdən pul yığırlar. Deyirlər, səsinizi çıxarmayın, pulunuzu verin: Pulu çatdırmayanları alver etməyə qoymayacağıq”. Bu sözlər təhlükəsizliyinə təminat olmadığı üçün adını açıqlamaq istəməyən Zərdab rayon sakinlərindən biri tərəfindən redaksiyamıza daxil olan şikayət məktubundə əksini tapıb.
Şikayətçi bildirir ki, bir neçə dəfə sahibkarlarla birgə rayon İcra Hakimiyyətində olublar: “Hər dəfə bizi İcra Hakimiyyətinin şöbə müdiri qarşılayırdı. Açıq şəkildə deyirdi ki, onluq məsələ yoxdur. İsrarlı təkidlərdən sonra icra başçısı Lütvəli Babayevin qəbulunda olduq. Fikirləşirdik ki, icra başçısı özünə sığışdırmaz, bununla da bizdən yığılan qeyri-qanuni rüsumlardan azad olarıq. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Lütvəli Babayev üzü-üzümüzə dedi ki, pul almaq tapşırığı ondan gəlib. Hətta bizi hədələdi də. Onun görüşün sonunda dediyi sözlər isə heç qulağımdan çəkilmir: “Rusiyada reketlerə pul ödəyə bilirsiniz, bizə yox”.
Xatırladaq ki, indiyədək mətbuatda Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qanunsuz fəaliyyəti ilə bağlı çoxsaylı yazılar dərc olunub. İcra başçısının torpaq alveri ilə məşğul olduğu, rayonu faktiki olaraq özəlləşdirdiyi ilə bağlı yazılar mətbuatda yer alsa da, bununla bağlı qarşı tərəfin hər hansı mövqeyinə rast gəlinməyib.