"Azərbaycanda insan haqlarının bərbad vəziyyəti barədə dəfələrlə xəbərdarlıq etmişik; Bıçaq sümüyə dirənib..."
Rəsmi Bakı Yaqlandın tənqid dolu məqaləsinə şablon ittihamlarla cavab verdi
Britaniyada çıxan «The Guardian» qəzetində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanda insan haqlarının vəziyyətinə dair məqaləsi dərc olunub. Məqalə «Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib. Birləşmiş Krallıq biganə qalmamalıdır» adlanır («Azadlıq radiosu»).
Məqalədə deyilir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetindəki 6 aylıq sədrliyi bu ay başa çatır və bundan sonra Azərbaycan sədrliyi Belçikaya ötürəcək.
Yaqland yazır ki, 2012-ci ildə Azərbaycan paytaxtında «Eurovision» Mahnı Yarışının keçirildiyi vaxtda olduğu kimi, ölkənin Nazirlər Kabinetindəki sədrliyi dövrü də QHT-lərə və fəallara Azərbaycanda insan haqları pozuntuları ilə bağlı çoxsaylı problemləri gündəmə gətirmək imkanı verib. «Bununla belə, Avropa Şurasının özünün bu pozuntulara müqaviməti barədə daha az məlumat verilib», deyə Yaqland yazır.
Avropa Şurasının baş katibi yazır ki, bu ayın əvvəllərində Avropa İnsan Haqları Məhkəməsi tanınmış müxalifət siyasətçisi və şərhçisi İlqar Məmmədovun həbsi ilə Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu təsdiq edib.
Həbsin əsl səbəbi susdurmaqdır
«Məhkəmə qərara gəlib ki, həbsin əsl səbəbi İlqar Məmmədovun hökuməti tənqid etdiyinə və onun gizlətməyə çalışdığı informasiyanı dərc etdiyinə görə susdurulması olub», məqalədə vurğulanır. Məqalədə deyilir ki, Azərbaycan hökumətinin bu işin məhkəmənin böyük palatasına keçirilməsi barədə ricası rədd edilib. Yaqland məqalədə xatırladır ki, Avropa Şurasının 47 üzvü üçün məhkəmənin qərarlarının icrası icbaridir və o şəxsən Azərbaycan hakimiyyətini İ.Məmmədovu ləngitmədən azad etməyə çağırıb: «Belə kardinal məhkəmə qərarı Azərbaycan ədliyyəsində dərin kök salmış sistematik problemləri bir daha diqqət mərkəzinə gətirib».
Venesiya komissiyasına qulaq asmaq lazımdır
Baş katib qeyd edir ki, o, Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı bir neçə məhkəmə işini də nəzarətdə saxlayır və Avropa Şurasının Bakıda böyük səfirlikləri olan üzv ölkələrindən bu məhkəmələri müşahidə etmələrini xahiş edib. Baş katibin yazdığına görə, Birləşmiş Krallıq bu ricaya artıq müsbət cavab verib. Məqalədə deyilir ki, Azərbaycandakı yerli və beynəlxalq QHT-lər hazırkı qanunvericiliyin onların fəaliyyətini əngəllədiyindən şikayət ediblər. Baş katib qeyd edir ki, Avropa Şurasının konstitusiyalarla məşğul olan Venesiya Komissiyasına Azərbaycanın QHT-lərlə bağlı qanunlarını, onların Konvensiyaya uyğunluğunu nəzərdən keçirməyi tapşırıb.
«Biz Azərbaycana dəfələrlə xəbərdarlıq etmişik»
Yaqland bir daha xatırladıb ki, bu komissiyanın hüquqi tövsiyələri qlobal miqyasda tanınır.
«Biz Azərbaycana ölkədə insan haqlarının bərbad vəziyyəti barədə dəfələrlə xəbərdarlıq etmişik. Bu ilin əvvəllərində Avropa Şurasının insan haqları komissarı Nils Mujinieks ölkədə sərbəst toplaşma və ifadə azadlığına dair hesabat hazırlayıb və bu hesabatda onun jurnalistlərə qarşı təqiblərdən və həbslərdən ciddi narahatlığı ifadə edilib. Mujinieks bu yaxınlarda Anar Məmmədli və Leyla Yunus da daxil olmaqla həbsxanadakı tanınmış fəallara baş çəkib və Azərbaycanı insan haqları müdafiəçilərinə qarşı repressiyaları dayandırmağa çağırıb», məqalədə deyilir.
Azərbaycandan doğan ümid işığı
Yaqland eyni zamanda Azərbaycan hakimiyyətinin bir sıra addımlar atdığına da ümid etdiyini gizlətməyib: «Lakin ümid işığı da var, üç həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi 80 məhbusun arasında 4 insan haqları fəalı da var. Bu addım ABŞ və Avropa Birliyi tərəfindən alqışlanıb». O qeyd edir ki, bu yaxınlarda prezident İlham Əliyevlə təmasda ola bilib və bu, 2008-ci ildən bəri Avropa Şurası ekspertləri ilə Azərbaycan rəsmilərinin ilk görüşündə baş verib. Onun sözlərinə görə, bu qrup vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında yeni danışıqlar barədə təşəbbüslərdə bulunacaq və baş katib ümid edir ki, bu təmaslar daha çox fəalın azadlığa çıxmasına kömək edəcək.
Yaqland bildirir ki, əlavə olaraq Avropa Şurası və Azərbaycan ifadə azadlığı və ədliyyənin müstəqilliyinə dair layihələri ehtiva edən birgə hərəkət planı barəsində razılıq əldə ediblər.
«Almaniyanın xarici işlər naziri Walter Steinmeier kimi vəzifəli Avropa rəsmiləri ötən həftə Bakıda olublar və Azərbaycanı bu imkandan vəziyyəti yaxşılığa doğru dəyişmək üçün istifadə etməyə çağırıblar», məqalədə deyilir.
«Səylərimizdən əl çəkmək, ölkənin çabalayan vətəndaş cəmiyyətini tək qoymaq demək olardı. Azərbaycanı istisna etmək, onun 9,4 milyonluq vətəndaşlarını Avropa qanununun aliliyi ilə təmasdan və Avropa İnsan Haqları Məhkəməsinə fərdi qaydada şikayət etmək hüququndan məhrum etmək demək olardı», deyə Yaqland vurğulayıb.
Britaniya kimi ölkələr örnək olmalıdır
Yoqland məqalədə Britaniya ilə bağlı narahatlıqlarını da yazır. O qeyd edir ki, Birləşmiş Krallıq kimi ölkələr daxili səbəblərlə İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxacağı ilə hədələyəndə, bunun Avropadakı gənc demokratiyalara çox mənfi təsiri olur.
Yaqland yazır ki, Britaniyanın mühafizəkar hökumətinin Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmaq barədə tövsiyə xarakterli təklifləri qəbul olunsaydı, bu, heç şübhəsiz, insan haqlarına Birləşmiş Krallıqdan daha az sadiq olan rejimləri yalnız sevindirərdi. Avropa Şurasının baş katibi yazır ki, Avropa onsuz da azlıqların haqları, ifadə azadlığı və ədliyyənin müstəqilliyi məsələləri ilə bağlı aşınmalara məruz qalır və bu qorxulu meylin qarşısı dərhal alınmalıdır.
Hakimiyyətdən «maraqlı» cavab
Hakimiyyətin Yaqlandın yazdıqlarına cavabı özünü çox gözlətməyib. Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hakimiyyətin mövqeyini əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçmişdir və bunu heç kim inkar edə bilməz: «İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır». Bu fikri Ə.Həsənov «Azərtac»a müsahibəsində deyib: «Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma "siyasi məhbus” məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının Baş katibi Tarbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir. Hesab edirəm ki, Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzində günahı gənc demokratiyaların üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır. Cənab Yaqlandı bu problem üzərində daha dərindən düşünməyə dəvət edirik”.
«Yaqlandın məqaləsi hakimiyyətə sərt xəbərdarlıqdır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Yaqlandın yazdıqları hakimiyyətə ciddi xəbərdarlıq kimi dəyərləndirilməlidir. Azərbaycan hakimiyyətinin güclü olduğu sonuncu beynəlxalq təşkilatın baş katibi səviyyəsində iqtidarın yürütdüyü siyasətə etiraz edildiyini deyən G.Hacıbəyli vurğuladı ki, hədəflərdən biri kimi hakimiyyətin yaratdığı İşçi Qrup seçilib: «Yaqland İlham Əliyevlə söhbəti əsnasında yazdığı yazısında qeyd edir ki, İşçi Qrupunun yaradılmasında məqsəd 100-dən artıq siyasi məhbusun azadlığa buraxılması idi. Bu qrup yaradılsa da göründü ki, bu addım sırf imitasiyaya xidmət edir. Qrup yaradıldıqdan sonra verilən əhv fərmanı siyasi məhbus siyahısında olan cəmi dörd nəfəri əhatə etdi. Eyni zamanda Yaqlandın xahişi ilə İşçi Qrupuna beynəlxalq təşkilatlar tərəfindən tanınan, ictimaiyyətin etibar etdiyi jurnalist Xədicə İsmayıl salınmalı idi. Amma bu baş vermədi. Belə görünür ki, həm bu məqam, həm İşçi Qrupunun bu formada yaranması, həm də sonuncu əhv fərmanı Yaqlandda ümidsizlik yaradıb. Yaqland başa düşüb ki, bu qrup əslində problemin həllinə xidmət etmir və daha çox imitasiya xarakterlidir».
G.Hacıbəyli hesab edir ki, Yaqlandın açıqlaması eyni zamanda hakimiyyətə çıxış yolunu da göstərir. Amma Azərbaycan hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq istəyəcəksə, yaranmış çətin durumdan çıxmaq niyyəti bildirəcəksə, Qərb ona bu istiqamətdə dəstək də verə bilər: «Amma reallıq ondan ibarətdir ki, hakimiyyət bu siyasi iradəni ortaya qoymur. Qərblə əməkdaşlıq, Azərbaycanda islahatlar aparmaq niyyətini ortaya qoymur. Əgər hakimiyyət siyasi repressiyaları artıracaqsa, vətəndaş cəmiyyətinə hücumları davam etdirəcəksə bu siyasətin sonu yoxdur. Bu yanaşmanın sonu cəmiyyətlə qarşıdurmadır. Hakimiyyət bu məsələləri ciddi təhlil edərək bu barədə ciddi düşünməlidir».