Saxta rəy sorğuları hansı zərurətdən doğur?
2 gündür hökumət mətbuatı ölkə başçısı Ilham Əliyevin reytinqini artırmağa başlayıb. Verilən məlumata görə, “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri Ilham Əliyevin reytinqinin artmasını göstərib.
Monitorinq Mərkəzindən AzərTAc-a verilən məlumata görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı ölkə başçısına verərdi. Rəy sorğusunun nəticəsinə görə, Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində Ilham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi “Ilham Əliyev sizin maraqlarınıza cavab verirmi” sualını müsbət cavablandırıb.
Azərbaycanda seçkilərin şəffaf keçirilməsinə inam nə qədərdirsə, rəy sorğularının mötəbərliyi də o qədərdi. Yəni biz bu rəy sorğusunu “ənənəvi” təbliğatın bir hissəsi kimi qiymətləndiririk.
Ancaq, başqa maraqlı məqamlar da üzə çıxır. Ilin-günün bu vaxtında Ilham Əliyevin reytinqini ölçmək niyə zərurətə çevrilib? Prezident seçkilərinə 4 il vaxt qaldığı bir zamanda, bu nə təbliğatdır?
Bəlkə, Rusiyada keçirilən rəy sorğusunda Putinin reytinqinin düşməsi, hökumətimizi narahat edib? Belə ki, Azərbaycan hakimiyyəti bütün mənalarda Rusiya hakimiyyəti ilə uyğunluq təşkil edir. Hər 2 ölkədə avtoritar idarəetmə hökm sürür. Ümumi rəy isə belədir ki, Rusiyada baş verən hadisələrin Azərbaycana mütləq təsiri var. Bu baxımdan Putinin reytinqinin düşməsi, eyni “dəyər”lərin daşıyıcısı olduğuna görə Ilham Əliyevin də reytinqinə təsir etməlidir. Ola bilər ki, hökumətimiz də beyinlərdə bu amilin möhkəmlənməməsi üçün “reytinq” yığır.
Amma başqa bir səbəb də ola bilər. Son günlər PA rəhbəri Ramiz Mehdiyevin iflas etirafları ictimaiyyətə tirajlandı və məlum oldu ki, bütün sahələrdə vəziyyət bərbaddır. Ona görə də rəy sorğusu keçirilir və istənilən vəziyyətdə Ilham Əliyevin alternativsiz olduğu göstərilir.
Gəlin, bu reytinq məsələsinə real prizmadan baxaq. Ilham Əliyev hansı uğurlarına görə rəy sorğusunun liderinə çevrilməlidi?
Ölkənin baş ideoloqu deyir ki, elm sahəsi bazara dönüb, təhsilin vəziyyəti bərbaddır, savadlı kadr yoxdur, televiziyalar heç bir standarta cavab vermir, mənəvi məsələlərdə böhran yaşanır, ziyalı qıtlığı yaşanır və s.
Bütün bu faktlar icitmai rəyə təsir edəcək faktlardı. Əgər ölkənin əsas sahələri iflic vəziyyətdədirsə, Ilham Əliyevin reytinqi niyə artmalıdır?
Işsizlik ən yüksək həddədir, vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalıb, bütün dövlət idarələrində rüşvət maksimum həddədir, əmək haqları yaşayış minimumuna cavab vermir, insanlar qondarma ittihamlarla həbs olunur, məhkəmələr sifarişli qərarlar çıxarır, iqtisadiyyatın bütün sahələri inhisardadır, təhsil haqları kəllə-çarxa çıxır, vətəndaş kredit bataqlığında boğulur. Belə bir reallıqda Ilham Əliyevi cazibədar edən nədir?
Bu rəy sorğusunun mötəbər olmaması həm də ona görədir ki, hakimiyyət özü də buna inanmır. Əgər Ilham Əliyevin reytinqi həqiqətən yüksək olsaydı, nə seçki saxtakarlığına, nə karusel əməliyyatlarına, nə rəqiblərə qarşı qara kampaniyaya, nə də onlarla siyasi fəalın həbsinə ehtiyac qalmazdı. Ilham Əliyevin reytinq problemi olmasaydı, bu ölkədə müxalifət partiyasının qərargahı partladılmaz, müxalifət liderinə posport qadağası tətbiq edilməz və ölkə telekanallarına şər-böhtan kampaniyası aparmaq sifarişi verilməzdi.
Bu hakimiyyətin ölkə daxilində də, ölkə xaricində də reytinqi məlumdur. Özünüzə təsəlli vermək üçün daha inandırıcı yollar axtarın.