Qaradağ rayon, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, mənzil 41-də yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili İsmayıl Rəsulov Qaradağ Rayon İcra Hakimiyyətindən şikayətçidir.
İsmayıl Rəsulov musavat.com-a verdiyi müsahabəsində bildirib ki, Qarabağ müharibəsi əlillərinə ödənişsiz verilməsi nəzərdə tutulan mənzillər pulla satılır: “Qaradağ rayon İcra Hakimiyyətinin başçısının 26.07.2002-ci il 267 saylı sərəncamı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə üzvlərimlə mənzil növbəsinə durmuşam. Birinci növbədə mənzil sahəsi almaq hüququ olan vətəndaşların siyahısında 41-ci olmuşam. Artıq 2014-cü ildir, mən yenə də 41-ciyəm. Bu müddət ərzində əlillər üçün 3 yaşayış binası tikilib. Bu binalarda 100-dən çox mənzil var. Mən 41-ci ola-ola mənə niyə mənzil verilməyib? Tikilən üç binadakı evlər kimlərə satılıb?”
“Mənzil alanlar arasında məmurlar da var”
İ.Rəsulov bildirdi ki, bu binalarda mənzil sahibi olanların böyük hissəsi Qarabağ əlili deyillər: “Rayonda əlil və şəhid ailələri üçün 3 yaşayış binası tikilərək paylanılıb. Sonuncu inşa edilən bina 2010-cu ildə istifadəyə verilib və bu bina 9 mərtəbəli, 81 mənzillidir. Heç saymağı bacarmayan uşaq da bilir ki, mənə bu binadan mənzil verilməli idi. Bəs onda mənə niyə mənzil verilmədi? Hazırda o binalarda yaşayanların əksəriyyəti əlil deyil. Mənzil alanlar arasında Qarabağda yol qəzası nəticəsində xəsarət alanlar, saxta Qarabağ əlili statusu alanlar da var. Bəziləri varlı məmurlardır, kirayəşinlərdir. Əgər orada kimsə kirayədə yaşayırsa, deməli, mənzil sahibinin evə ehtiyacı yoxdur”.
“Gəlsinlər yoxlasınlar ki, bu mənzillər kimlərə və necə paylanır”
İ.Rəsulovun sözlərinə görə, o, bu barədə bir çox rəsmi qurumlara müraciət edib: “Mən Prezident İlham Əliyevə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edərək, Qarabağ əlilləri üçün tikilən mənzillərin kənar şəxslərə satıldığını bildirmişəm. Gəlsinlər yoxlasınlar ki, bu mənzillər kimlərə və necə paylanır, necə satılır. Müraciətimdə həmin faktların araşdırılmasını tələb etmişəm. Mənzillərin paylanmasında neqativ hallara yol verilir və bunu yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bilirlər. Bu faktları bir daha diqqətə çatdırıram ki, yeni nazir Səlim Müslümov onları araşdırsın”.
İ.Rəsulov onu da qeyd etdi ki, 12 ildir, mənzil növbəsindədir: “2012-ci ildən əlillik alıb, mənzil növbəsinə dayananlar artıq evlə təmin olunublar. Amma mən hələ də gözləyirəm. 2002-ci ildə icra başçısı mənzil növbəsinə yazılmağım üçün əmr verdi. Bu əmrin üzərindən 12 il keçib. Artıq övladlarım böyüyüb. Bu illər ərzində bütün dövlət orqanlarına müraciət etmişəm. Amma hər dəfə gözləməyi məsləhət biliblər. Nə qədər gözləmək olar? Mən necə əmin olum ki, yeni bina tikilib, başa çatdıqdan sonra onu da varlılara, saxta Qarabağ əlili statusu alanlara, məmurlara satmayacaqlar?”