Daxili işlər naziri özündən sonraya sadiq komanda formalaşdırır
Daxili Işlər Nazirliyində aparılan kadr dəyişiklikləri ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, bu kadr dəyişiklikləri post-Usubov dövrünə hazırlıq xarakteri daşıyır. Bildirilir ki, Ramil Usubovun vəzifədən getmək məsələsi gündəmdədir.
Daxili işlər nazirinin də buna etirazı yoxdur. Iddialara görə, Ramil Usubov yerində birinci müavini Vilayət Eyvazovu görmək istəyir. Bu baxımdan da DIN-də ona mane ola biləcək şəxsləri neytrallaşdırır. Xatırladaq ki, bir neçə gün əvvəl daxili işlər nazirinin müavini Əsgər Ələkbərov DIN-in Kadrlar Idarəsinin rəisi Ismət Əliyevlə əvəzlənib. Noyabrın 4-də isə Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasovun yeri dəyişdirilib. O, Kadrlar Idarəsinin rəisi vəzifəsinə təyin olunub. Rafiq Abbasovun postuna isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidov təyinat alıb.
Məlumatlarda bildirilir ki, yeni təyinatlar alan şəxslər Ramil Usubova çox yaxın şəxslərdir və onların Vilayət Eyvazova da sadiq olacaqları şübhə doğurmur.
Məlumatlarda həmçinin bildirilir ki, Ramil Usubov müavini Oruc Zalovun da işdən çıxarılmasını istəyir. Qeyd edək ki, Oruc Zalov, Əsgər Ələkbərov və Rafiq Abbasovun Ramil Usubova əks cəbhədə dayandıqları barədə iddialar var.