Mühasirədə qalmış jurnalistin gördükləri (FOTOREPORTAJ)

6-11-2014, 14:42   

"Qəbristanlıqda döyüşlərin getdiyindən ölülər mərasim keçirmədən başqa yerlərdə basdırılır"

Dünya Artıq iki aya yaxındır ki, Suriyadakı kürdlərin Kobani şəhəri İslam Dövlətinin mühasirəsində qalır. Ersin Çaksu mühasirə boyunca şəhərin daxilindən xəbər verən azsayda jurnalistdən biridir.

ANS PRESS BBC-yə istinadən Kobanidə əhali ilə birlikdə mühasirədə qalmış Ersin Çaksunun gördüklərini təqdim edir:

"Mən Kobaniyə, hücumların başladığı 19 sentyabrdan 4 gün keçmiş gəlmişəm. O vaxt gördüyüm mülki sakinlərin çoxu artıq şəhərdə yoxdur. Onların bir hissəsi Türkiyəyə gedib, digərləri isə təəssüflər olsun ki, toqquşmalarda həlak olub.


Münaqişədən əvvəl Kobani və ətrafdakı 360 kənddə 400 min adam məskunlaşırdı. Hazırda isə şəhərin nisbətən sakit məhəllələrində 4 minə qədər sakin qalıb. Kobaninin şərqindəki Til Seir kəndində isə 5 min adam yaşayır.

Kobaninin bir çox rayonu xarabalıqlara çevrilib.



Mühasirədə qalmış jurnalistin gördükləri (FOTOREPORTAJ)



İD hücumlarından sonra sakinlər bacardıqları qədər çox sayda əşya toplayaraq Türkiyə sərhədilə minalanmış zona arasında yerləşən bu kəndə yollandılar. Daha sonra onlardan bir çoxu Türkiyənin Suruc şəhərinə keçdilər.

Kobani ilə Suruc arasında yeganə təmas vasitəsi mobil telefondur. Sərhədin hər iki tərəfində ilişib qalanlar bir-birləri üçün narahatdır.

Kobaninin şərqi şiddətli döyüşlərdən sonra xarabaya çevrilib. Müharibədən əvvəl isə bu, şəhərin ən zəngin hissəsi idi. Şərqlə müqayisədə bir o qədər də zərər çəkməyən şəhərin cənub rayonlarında da dağıntılar nəzərə çarpır. Küçə döyüşlərinin davam etdiyi məhəllələrdə qapılar qalmayıb və evlərə divardakı boşluqlardan girilir. Bu boşluqlarla evdən evə keçmək mümkündür.

Hər bir küçədə gülləbaranla dəlmə-deşik edilmiş avtomobillərin qalıqlarını görmək olar. Münaqişə başlayandan bəri şəhəri təmizləyən olmayıb və küçələri milçək basıb. Lakin soyuqlar düşdükcə üfünət problemi də sovuşur. Şəhərdə sahibsiz qalan ev heyvanları və küçə itləri susuzluq və aclıqdan əziyyət çəkir.

Kobanidə qalan mülki əhalinin əksəriyyəti yaşlı və əli uşaqlı qadınlardan ibarətdir. Onlara döyüşlərdə iştirak etmək yasaqlanıb. Lakin bu qaydaya boyun əyməyənlər vuruşmaq üçün əlinə silah alaraq ön cəbhəyə çıxır.

67 yaşlı Xəlil Osman iki oğlu ilə yanaşı vuruşur.

"Gənclər həlak olarkən sən mənim ölümdən qorxacağımımı gözləyirsən”, - mənə sualla müraciət edən Xəlil deyir.

Gecə cağlarında buna ehtiyac olmasa, mülkilər evlərini tərk etmirlər. Xəstələnən sakinlər yerli hakimiyyətə müraciət etdikdən sonra Xalq Müdafiə Birliklərinin iki döyüşçüsü ilə gələn avtomobillə lazım olan yerə çatdırılırlar.

“Böyük həmrəylik”

İD-nin minomyot hücumu və yaxud bənzər bir təhlükə baş verdiyi təqdirdə şəhərdə qısa müddətli fövqəladə vəziyyət elan olunur. Belə halda mülkilər Xalq Müdafiə Birlikləri tərəfindən daha təhlükəsiz yerə aparılır. Ehtiyyac olmadan mülki sakinlər evlərini tərk etmirlər.

Şəhər müdafiəçiləri arasında böyük həmrəylik əhval-ruhiyyəsi hökm sürür. Kobanidə rast gəldiyiniz avtomobil sürücüləri masını saxlayıb sizə minməyi təklif edirlər. Buna görə də, şəhərdə bir yerdən o biri yerə getmək asandır. Şəhərin belə bir uzun müddət ərzində müqavimət göstərə bilməsi bəlkə də elə bu həmrəyliklə izah oluna bilər. Bir çox adam hələ də öz evlərində yaşayır. Bəzən boş evlərə yeni sakinlər daxil olur. Belə təqdirdə öz evlərində qalan sakinlər yeni qonşularına kömək edirlər.

Döyüş səhnəsi

Şəhərdə kommersiya fəallığı mövcud deyil. Yeganə biznes fəaliyyəti çörəkxanalarla məhdudlaşır. Şəhər müdafiəçilərinin əsas məqsədi Kobaninin süquta uğramasına yol verməməkdir. Lakin burada bişirilən çorək pulsuz paylanılır. Hər üç gündən bir isə şəhər sakinlərinə un payları ayrılır.

Kobaniyə çatdırılan qida yardımı və əsasən konservlərdən ibarət olan ərzaq ehtiyatları əhaliyə mümkün qədər ədalətli şəkildə həftənin müəyyən günlərində paylanılır. Bu arada şəhərə su avtomobillərlə gətirilir. Arxa cəbhədə olanlar da öz köməklərini əsirgəmirlər: onlar avtomobil, silah və 18 aydır ki, elektriksiz qalan şəhərdəki generatorların təmirilə məşğul olurlar.

Kobani müdafiəçiləri arasında həmrəylik əhval-ruhiyyəsi hökm sürür.


Qış yaxınlaşdıqca xəstəliklər baş qaldırır və sanitariya məsələləri problemə çevrilməkdədir. Şəhərdə cəmi 5 həkim var. Avadanlıq və ləvazimatın kəskin çatışmazlığı üzündən onların işi ən yaxşı halda yalnız yaraların sarılması ilə məhdudlaşır. Kobaninin əsas xəstəxana binası bombardman nəticəsində zədələnib və həkimlər iki otaqdan ibarət binada işləyirlər. Xəstələrdən bəziləri həkimə getməkdən imtina edir. Yaşlı qadınlardan biri deyir ki, tibbi mərkəzdə ləvazimat olmadığı üçün ora getməyə dəyməz.

Şəhər mərkəzindəki qəbristanlıqda döyüşlərin getdiyi üçün ölülər mərasim keçirmədən başqa yerlərdə basdırılır.


"Onu bizə sərf etməyə dəyməz. Uşaqlarımız vuruşaraq xəsarət alır. Tibbi ləvazimət onlara sərf edilməlidir”. Şəhər mərkəzindəki qəbiristanlıqda döyüşlər getdiyi üçün ölülər mərasim keçirmədən başqa yerlərdə dəfn olunur. Gənc döyüşçünü dəfn edən Xatun adlı bir qadın deyir ki, indi yas tutmağın vaxtı deyil. "Biz bu gün ağlamırıq. Kobani azad olanda iki dəfə ağlayacağam. Bir dəfə dəfn olunan gənclər üçün kədər göz yaşları tökəcəm. İkinci dəfə isə onların fədakarlığının hədər olmadığı və Kobani azad olduğu üçün sevinclə ağlayacağam”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.