Qusar rayon sakinləri Radif Ağamuradov, Cavad Məhərov, Murad İsayev, Elxan İsrafilov, Elmar Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov və Osman Mustafayevin məhkəmə prosesi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.
AzNews.az xəbər verir ki, virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin məlumatına görə, hakim Əlövsət Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Radif Ağamuradov sərbəst ifadə verdi.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bildi. O, silahı olduğunu, oğurluq etdiyini etiraf etsə də qətldə və sui-qəsddə əlinin olmadığını dedi:
“Faiq Şahmuradovgilin nəsə planlaşdırdıqlarından xəbərim olmayıb. Ümumiyyətlə, Faiq Şahmuradov, Edik Rüstəmov, Ramiz Rəhimxanov və burada əyləşənlər heç vaxt bir yerə toplaşıb hər hansı planı həyata keçirmək barədə söhbətlərimiz olmayıb. Faiqin rəhbərliyi altında hansısa dəstə yaradıldığını eşitməmişəm, bilmirəm. Onu çayxanada görəndə dedi ki, Ediki “razboy”a görə tutublar. Amma Faiqgilin polis əməkdaşlarına basqın etməsindən məlumatım olmayıb”.
Dövlət ittihamçısının suallarını cavablandıran R.Ağamuradov ondan aşkarlanan “Makarov” tipli silahı bir il əvvəl Dağıstandan gətirdiyini dedi: “Silaha marağım olub. Dağıstandan qatarla gələndə özümlə gətirmişəm. Sərhəddən keçəndə silahı ayağıma bağlamışdım. 10 ədəd patronları vardı. Amma silahdan bu bir il ərzində atəş açmamışam”.
Dövlət ittihamçısı:
-Bizneslə pul qazanmağa necə baxırsınız?
R.Ağamuradov:
-Yaxşı.
Dövlət ittihamçısı:
-Valyutadəyişmə məntəqəsinin işçisinə basqında iştirak etmisinizmi?
R.Ağamuradov:
-Xeyr. Edik basqın edib, 6000 manat pul götürüb.
Dövlət ittihamçısı:
-Dağıstan Respublikasında kimlərlə əlaqələriniz var?
R.Ağamuradov:
-Desəm tanıyacaqsınız?
Dövlət ittihamçısı:
-Siz deyin, protokola yazılır.
R.Ağamuradov:
-Dağıstanlı qardaşlardır.
Dövlət ittihmaçısı:
-Silaha münasibətiniz necədir?
R.Ağamuradov:
-Silaha həvəsim var.
Dövlət ittihamçısı:
-Faiq Şahmuradovun rəhbərliyi altında bu qrupun ytaradıldığını bilirdinizmi?
R.Ağamuradov:
-Xeyr, bilmirdim.
Dövlət ittihamçısı:
-Faiqin sizinlə telefon əlaqəsi olubmu?
R.Ağamuradov:
-Atışmadan sonra.
Dövlət ittihamçısı:
-Faiq polisə basqında iştirak etməyi sizə təklif etdimi?
R.Ağamuradov:
-Xeyr.
Bununla dap roses başa çatıb. Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 29.120.2, 177.2.3, 181.2.2, 181.2.5, 206.4, 217.2, 228.3 və 228.4-cü maddələri ilə axtarışda olan 26 yaşlı Radik Ağamuradov bu ilin avqust ayının 8-də həbs edilib. O, ötən il oktyabrın 16-da polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın üzvü olub.
İstintaqın gəldiyi nəticəyə görə, Radif Ağamuradov Qusar şəhərində İslam dininin “əhli-sünnə və əl-cəmaə” adlandırılan vəhhabilik təriqətinə mənsub dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu “Ömər” ləqəbli Faiq Şahmuradov, “Əbu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə İslam dininin bəzi müddəalarına qəsdən yanlış şərh verərək valyutadəyişmə və digər biznes sahələrindən əldə edilən gəlirlərin guya haram olduğunu iddia ediblər. Buna görə də belə fəaliyyətlə məşgul olan şəxslərə basqın edib onların külli miqdarda əmlakını ələ keçirmək qərarına gəliblər.
Dəstə üzvləri bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Rusiyanın Dağıstan Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz silah əldə edib Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər. Həmin silahları ötən il oktyabr ayının 19-dək Radif Ağamuradovun və Faiq Şahmuradovun (banda rəhbəri Faiq Şahmuradov və Ramiz Rəhimxanov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv ediliblər-red.) evində saxlayıblar.
Faiq Şahmuradovun planına əsasən Edik Rüstəmov oktyabrın 16-da səhər saat 7 radələrində Qusar şəhəri, Məlikov küçəsi, 69 saylı evin yaxınlığındakı valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib. Onun başına dəmir parçası ilə zərbələr vuraraq üzərində olan 6000 manatı ələ keçirib və pulu banda rəhbəri olan F.Şahmuradova verib.
Həmin gün Edik Rüstəmov Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırma aparılarkən E.Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyini deyərək qaytarmaq adı ilə polis əməkdaşlarını aldadıb. İmkan tapıb banda rəhbəri F.Şahmuradovla mobil telefonla əlaqə saxlayıb. Onlar polis işçilərinə silahlı basqın edərək öldürülməsini razılaşdırıblar.
Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqda gizlənmiş F.Şahmuradov, R.Ağamuradov, C.Məhərov və R.Rəhimxanov tapancalardan çoxsaylı atəşlər açmaqla polis əməkdaşı Qalib Quliyevi qətlə yetiriblər. Diğər üç polis əməkdaşını - Mövlud Əliyev, Cəmil Nəsirov və Məhəmməd İbrahimovu isə yaralayıblar.
Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun öz xidməti silahından açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov da yaralanıb.
Oktyabrın 23-də keçirilən əməliyyat tədbirləri zamanı bandanın rəhbəri F.Şahmuradov və dəstə üzvü R.Rəhimxanov DİN və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib. Edik Rüstəmov Qusar şəhəri, K.Kərimov küçəsinəki 21 saylı sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayaraq polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb.
Bundan başqa Cavad Məhərov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri dəstə rəhbərinin göstərişi ilə 13 avqust, 2013-cü ildə Qabil Həbibovun yaşadığı Qusar şəhəri, Q.Əliyev küçəsi, 43 saylı evin həyətinə daxil olaraq axtarış aparıblar, “Tukson” markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.
İstintaqa materiallarından aydın olur ki, F.Şahmuradovun göstərişləri əsasında “Qayıbulaq” istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu “əhli-sünnə və əl-cəmaə” dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədilə C.Məhərov və Ş.Qadaşovla birlikdə sentyabrın 4-ü saat 21 radələrində zərərçəkənin yaşadığı N.Həbibov küçəsindəki 26 saylı evi qarət ediblər. Ümümilikdə 6100 manat məbləğində qızıl-zinət əşyalarını talayaraq, onları ayın 8-də Dağıstanın Dərbənd şəhərində satıb, əldə edilən pulları banda üzvləri arasında bölüşdürüblər.
“Cəbrayıl” dini ləqəbi ilə tanınan Murad İsayev 2013-cü ilin iyun-avqust aylarında bandanın üzvü, “Abdulxaliq” ləqəbli Elxan İsrafilovla birlikdə Suriyada gedən döyüşlərdə iştirak edəndən sonra Azərbaycana qayıdıb. İslam dininin bəzi müddəalarını qəsdən yanlış şərh edib. Hətta yetkinlik yaşına çatmayan, “Xəttab” dini ləqəbli Bağır Azayevi dəstəyə cəlb edərək dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə cənnətə gedəcəyi vədi ilə aldadıb.