“Dedim, milisi öldürmüşəm, dedilər, kişi adamsan...”

7-11-2014, 09:27   



Sirxan karantindəki ilk gecəni yatmadı. Arada onun ağzından çıxan sözü ünvanına çatmadan təsdiqləyən “nakolkalı”ya da acıqlandı:

- Get yat, bəsdir. Yerini tanı, özünü hələ də tanıya bilməyibsən.

Görünür, gündüz onun yekəbaşlıq edib polkovniki aşağılamaq niyyəti Sirxana xoş gəlməmişdi. Həm də mübahisə zamanı polkovnikin yanında dayananlar kamerada gücün əks tərəfdə olduğunu diktə edirdi. Ona görə də köhnə tanışını acılamaqdan belə çəkinmədi.

Arzularım vardı, məhv oldu getdi

Mənim də oyaq olduğumu görüb çay süzdü.

- Gəl, içək, - dedi.

Və mənim marağıma əks getmədən özünün həyat hekayəsini nəql etdi:

- Hələ məktəbli idim ilk dəfə tutulanda. Elə o vaxtdan da bu həyat məni öz toruna saldı. Baxma ki, belə danışıram, içərinin qanunlarına riayət edirəm, haqsızlığa dözməsəm də, bəzən özüm də haqsızlıq edirəm. Əslində, sənin kimi, polkovnik kimi, lap elə o at oğruları kimi adamları görəndə ötən günlərimə acıyıram. Mənim də, ata-anamın da mənimlə bağlı arzuları vardı. Hamısı məhv oldu getdi...

Xeyli susdu. Siqaret yandırdı. Yenidən hər ikimizə çay süzdü. Kürəyini divara möhkəm dirəyib ayağını qarşıdakı stolun alt dayağına dirədi. Gərildi sanki. Sonra davam etdi:

- Kifayət qədər imkanlı ailə olmuşuq. Atamın apteki, maşın təmiri üçün emalatxanası və başqa obyektləri vardı. Anam xəstəxanada, atam isə dövlət qulluğunda idi. Bacım Bakıda Tibb İnstitutunda oxuyurdu. Xoşbəxt idik. Həqiqətən bəxtəvər idik. Nəyimiz çatmırdı ki... Amma...

Rayonun çox varlı adamının oğlunu öldürdüm

Yenə də fikrə getdi. Çətinlik çəkirdi söhbətə. Amma danışdı:
- Soruşursan ki, niyə tutulmuşam. Əslində, sənin “ranqında” deyil bu sualı mənə vermək. Amma sən yaxşı kişiyə oxşadın. Həm də jurnalist olduğunu bildim. Danışacam sənə. Ancaq bir xahişim var, “volya”da istənilən şəkilidən məni soruşarsan, mən danışdıqlarımı sənə təsdiq edəndən sonra, istəsən haqqımda yazarsan. Rayonun çox varlı adamlarından birinin oğlunu öldürdüm. Niyə öldürdüm, indi sənə deyəcəm. Bu illər ərzində zonda soruşanlara həqiqəti demədim. Çünki sənin kimi ardına düşmək istəmədilər. Milisi öldürmüşəm, dedim, dedilər yaxşı edibsən, kişi adamsan.

Ərli qadınları, qəşəng qızları yoldan çıxarırmış

Tələsmir, aramla danışır. Bu, həmsöhbətini intizarda saxlamaq deyildi. Bu, sadəcə, o günlərə qayıdış idi. Ona görə də fasilə verərək bəhs edir:

- Nə isə, demək o kişinin oğlu rayon milisində işləyirdi. Baş leytenant idi. Çox binamus işlərlə məşğul imiş, sən demə. Rayonun ərli qadınlarını, qəşəng qızlarını şantaj edib yoldan çıxarırmış. Olub ki həyətlərə girib ipdən asılmış qadın alt paltarlarını götürüb, sonra da həmin qadının qabağını kəsib deyirmiş: “ya mənimlə getməlisən, ya da ərinə deyəcəm ki, mənimlə olubsan, inanmırsansa, bu da onun ..., lifçiyi və sair. Beləcə, çox qız-gəlini pis yola çəkibmiş. Bizə gedib-gəlirdi. Mən bunları sonradan bildim, onu öldürdükdən sonra. Mən məktəbli olsam da, özünü mənə dost kimi göstərirdi. Sən demə, gözünü bacıma dikibmiş. Namərd özü də evli ola-ola. Bacıma deyib ki, gəl, səni qaçırdım, arvad kimi Bakıda saxlayım. Bir-neçə dəfə də ardınca Bakıya gedibmiş. Bacım onu söyüb təhqir edib: - Evimizə gəlirsən, mənə bacı deyirsən, bu nə təklifdir?

Bacım mənə dedi

Bu isə əməlindən çəkinmirmiş. Bacım anama, anam da atama deyib. Bir neçə dəfə xəbərdarlıq edilsə də, bu adam pis niyyətindən əl çəkməyib. Bakıda evimiz vardı. Bacım öz evimizdə qalırdı. Bir dəfə mən də şəhərdə olanda bacım hadisəni mənə danışdı. Dedi ki, dəfələrlə rayonda evimizə gəlib, ata-ana evdə olmayanda nəyi isə bəhanə edib səni həyətə, dükana göndərib, mənə əl atıb, qucaqlamaq istəyib. Deyir, evlənək. Axırda əl çəksin deyə, dedim, sənə inanmıram. Ailəlisən, get boşan baxarıq. Bu da deyir yox, səni də, onu da saxlayaram.
Hirs vurdu təpəmə. Bacımı da götürüb gəldim rayona. Qış tətili idi. Rayona çatan kimi atamın iş yerinə gedib dedim ki, bu nə oğraşlıqdır boynumuza götürürük? Mən onu öldürəcəm. Atam dedi ki, məsələni yoluna qoyaram, sənlik deyil, özüm öldürəcəm.
Qayıtdım evə. İstəmirdim atam etsin bu işi. Onsuz bizə çətin olacaqdı. Bu fikirdə ikən həmin milis evimizə zəng vurdu: “Eşitmişəm gəlibsən, - dedi. - Evdə olacaqsansa, bacıya de, çay qoysun, gəlim söhbət edək”. Dedim, gəl. Bacıma tapşırdım ki, çıx get qohumlardan birinin evinə. Onu yola saldım. Atamın naqanı vardı, yerini bilirdim. Getdim, götürdüm. Bir azdan gəldi. Dostu vardı, onun maşınında. Dostuna deyib ki, sən get aralıda gözlə. Fikir verdim ki, bu, gözüdağınıqdır. Ətrafa baxır. Bacımı soruşdu, qonşudadır, dedim, indi gələr. Gözlə, çağırım.

Şkafdakı alt paltarlarına baxırdı

Maşın təmiri emalatxanamız evə bitişik idi. Oradan da həyətə girmək olardı. Darvazamızı çöldən bağlayıb gəldim ustaların yanına, dedim ki, evdən muğayat olun, gedirəm. Ustaların başını qarışdırıb keçdim həyətə. Evə qalxanda gördüm ki, bacımın otağındadır. Onun şkafdakı alt paltarlarına baxır. Özümü qoyun yerinə qoydum. Dəvət etdim qonaq otağına. Gəlib stolda oturdu. Naqanı çıxarıb tuşladım sifətinə. Dedim, hə, indi səni öldürəcəm. Ay binamus, sən bizi nə bilirsən?
- Uşaqsan sən başa düşməzsən, bacını sevirəm, - dedi.
Dedim:
- Səhv edirsən, sən mənim bacıma bir şey edə bilməzsən, amma mən sənin dul qalan arvadını...

Bütün güllələri boşaltdım bunun sinəsinə

Televizor işləyirdi, səsini lap qaldırdım. Başımı qarışdırdı söhbətə və qəflətən üstümə cumdu. Geri atılıb bütün gülləni boşaltdım sinəsinə. Ağzından qan gəldi. Yerə yıxıldı. Xalçanın üstü qana boyandı. Sonra onu kürkümə bükdüm. Çiynimə alıb, gətirdim həyətimizdən keçən kanalizasiyaya atdım. Qayıdıb onun qanını yudum. Xalçanı büküb atdım zirzəmiyə.
Sonra yenə də xəlvətcə evdən çıxdım. Fikir verdim ki, dostu hələ də aralıda maşında oturub onu gözləyir. Saata baxdım, bütün bunlar üçün cəmi yarım saatdan bir qədər çox vaxt sərf etmişdim. Oradan aralandım. Getdim məktəbin həyətində veylləndim, çayxanaya girdim, başqa yerlərdə oldum, diqqəti çəkdim və gəldim atamın yanına, ona da bir söz demədim. Axşamüstü gələndə gördük həyətimizdə milislər var. Dostu görüb ki, bu gecikir. Gəlib görüb qapımız bağlıdır. Ustalara yaxınlaşıb. Onlar da deyib ki, evdə heç kəs yoxdur. Açar da budur, bizdədir.

Evimizi axtardılar. Heç kəs yox idi. Dedim o gəldi, gördü ki, heç kəs yoxdur, dedi gedim, mənim uşaqla oturub söhbət etmək fikrim yoxdur. Beləcə, onun axtarışı başlandı. Bizdən izi tapılmasa da, bilirdim ki, nəzarətdəyik. Atamı aparıb işgəncə vermişdilər. Amma onun bütün günü işdə olmasını deyən şahidlər vardı. Anam işdə olub, mən də tay-tuşlarımın yanında. Bacım isə qohumumuzun evində. Evin, darvazanın açarları isə ustalarda...
Bacım hiss etmişdi ki, bu mənim zavalıma gəlib. Bir dəfə soruşdu da, dedim, yox, bacı, mən də onu axtarıram, tapsam öldürəcəm. Beləcə, 20-30 gün keçdi. Fikrim vardı ki, xəlvətə salıb onun dostunu da öldürəm. Sonradan həmin milis haqda çox sözlər danışıldı. Bildim ki, öldürdüyüm milis şantaj etdiyi gəlinləri onunla aparırmış. Özündən sonra onu da qonaq edirmiş.

Bir dəfə güclü qar yağmışdı. Həmin adam şəhərin kənarında dostları ilə yeyib-içirdi. Xəlvətə salıb güddüm, hava qaranlıq idi. Gördüm ağaclığa getdi. Bir ağaca söykənib təbii ehtiyacını ödəməyə başladı. Yerimi rahlayıb nişan aldım. Güllə açılan kimi dərə aşağı yuvarlandı. Bildim ki, vurdum. Qaçıb aradan çıxdım. Amma güllə çiyninə dəyibmiş. Ölmədi.

Meyit tapıldı

Yaz vaxtı məni tutdular. Kanalizasiya dolubmuş. Su axmırdı. Düşüblər təmizləməyə. Köhnə iri kanalizasiya xəttidir. Qarşısına dəmir barmaqlıqlar toxunub. Oranı təmizləyəndə kürkə bükülmüş meyit aşkarlanır. Mənim kürküm olduğu aşkarlandıqdan sonra həbs olundum. Amma əvvəlcə atamı tutub apardılar. Dözmədim ona verilən işgəncələrə. Getdim milis rəisinin yanına, hadisəni olduğu kimi danışdım. Rəis məni dinlədi. Və dedi ki, gərək öldürməyəydin. Amma sən ki belə bir hərəkət edibsən, qoymaram sənə zərər toxunsun. Neçə gün KPZ-də qaldımsa, mənə onun göstərişi ilə xüsusi qulluq etdilər.

Məhkəməm oldu. Onun atası təzyiq etdi məhkəməyə, pul basdı. Mənə güllələnmə verdilər. Ancaq 18 yaşım olduqdan sonra. Mənim isə hələ 16 yaşım tamam deyildi. Sonra məhkəmənin qərarından şikayət verildi. Onun pis əməlləri aşkarlandı. Neçə qadın, qız-gəlin gəlib ifadə verib ki, o bizi şantaj edirdi. Bütün bunların xeyri oldu. Güllələnmə götürüldü, 14 il həbs cəzası aldım.

Mən həbsdən azad olunanda artıq ölkəmiz müstəqilliyini elan etmişdi. Müharibəyə getmək istədim. Alınmadı. İçəridə narkotikə aludəçilyim yaranmışdı. Yenidən həbs olundum. 6 il də yatdım. Budur, indi yenə də tutulmuşam.

Sirxan “dolya” tələb etdi...

Mən Sirxanla bir də 2008-ci ildə görüşdüm. Azadlığa çıxdıqdan sonra məni axtarıb tapmışdı. Bakıda, Zığ qəsəbəsində yaşayırlar. Anası ilə özüdür. Bacısı ailə qurub, atası dünyasını dəyişib. O görüş bizim sonuncu görüşümüz oldu. Onunla mübahisə etdik. Sirxan məndən hər ay üçün 150 manat “haqq” tələb edirdi:

- Səndən az istəyirəm. Oğlanlar var, mənə ayda 500 manat verəcəklər ki, ona krışalıq edim. Səninlə çörək kəsmişəm.

- Sirxan, sən gərək düzələydin. Sənin o vaxt mənə danışdıqların “ponyatkalı” oğlan olmağından xəbər verirdi. Yanılmışam. Haqq istəməli o qədər adamlar var ki...

Ayağa durub gedərkən yavaş və günahkar səslə dilləndi:

- 15 manata ehtiyacım var...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.