Kremli Bakıdan asılı edən vazkeçilməz səbəb

7-11-2014, 09:51   
Kremli Bakıdan asılı edən vazkeçilməz səbəb
Rusiyanın Azərbaycana münasibətini indi təkcə Qarabağ məsələsi, yaxud Avrasiya layihələri diktə eləmir...
Rusiya ilə Azərbaycan arasında münasibətlər qeyri-müəyyən olaraq qalır. İki tərəfi təmsil edən rəsmilər nə qədər gümrahlaşdırıcı bəyanatlar versələr də ki, əlaqələr normal inkişaf edir, hətta strateji əhəmiyyət daşıyır, təbii ki, ciddi analitiklər bunu belə qəbul eləmir, gerçəyin bəyan edilənlərdən xeyli fərqləndiyini söyləyirlər.

Skeptiklər öncəliklə bu reallıqdan çıxış edirlər ki, Azərbaycan Rusiyanın cızdığı siyasi-hərbi təsir dairəsində olmadığı, buna qərar verməyə tələsmədiyi üçün iki ölkə arasında münasibətlər Kremlin və Bakının arzu elədiyi səviyyədə, məcrada ola bilməz. Üstəlik, Qarabağ məsələsi bu münasibətlərin arzulanan axara düşməsində mühüm əngəl olaraq qalır. Çünki Bakı konfliktin həll açarının hələ də Kremldə olduğuna əmindirsə, Moskva özünü elə aparır ki, guya belə deyil və bəyan edir ki, “problemin həllini öncə Azərbaycanla Ermənistan tapmalıdır”.

İki ölkə arasında münasibətlərin qaydasında olmadığını iki il öncə Qəbələ RLS ətrafındakı yaranan gərgin vəziyyət və bu vəziyyətin yekunu olaraq RLS-in ləğvi də əyani şəkildə ortaya qoydu. Həmçinin, Rusiyanın Xəzər dənizində, Ermənistanda vaxtaşırı geniş miqyaslı hərbi təlimlər keçirməklə Azərbaycana “əzələ nümayişi” Moskvanın Bakıya heç də xoş münasibət bəsləmədiyinin təzahürüdür.

Sadalananlara rəğmən, tərəfləri bir-birinə bağlayan amillər də kifayət qədər güclü görünür. Onlardan biri hər iki ölkədəki rejimlərin xarakteridir ki, iki ölkənin iqtidarlarını bir-birinə yaxınlaşdırır, onların Qərbdən məsafə saxlamasını təmin edir. Digər mühüm amil son illər Rusiya ilə Azərbaycan arasında silah ticarətinin uğurla inkişaf eləməsidir. Ermənistanda güclü qıcıq doğuran və həcmi 4 milyard dollara yaxınlaşan əməkdaşlığın bu sahəsi hazırda Rusiya-Azərbaycan münasibətlərində yeganə sağlam sfera sayıla bilər.

Rusiyaya qarşı beynəlxalq sanksiyaların güclənməyə meylli olduğu indiki mərhələdə silah alıcıları Moskva üçün şübhəsiz, fövqəladə önəm daşıyır. Bakı da, Kreml də bunu fərqindədir təbii ki. Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları qənaətimizə sübutdur. Sitat: “Rusiya sanksiyaların öhdəsindən gələ bilər, hətta öz mövqeyini möhkəmləndirmək gücünə sahibdir. Bu istiqamətdə bir sıra layihələr hazırlanıb”.



Kreml başçısı təbii ki, ən əvvəl silah bazarını nəzərdə tutur. Arayış üçün: cari ilin oktyabrında Rusiya 9,8 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib. Rusiyanın xarici ölkələrə 15,7 milyard dollar dəyərində hərbi texnika satdığı qeyd edilir. Putin Rusiyanın bir çox ölkələrlə uzunmüddətli strateji əməkdaşlıq sazişi bağladığını, silahlandırılan ölkələrlə də münasibətlərin yeni formalarından istifadə etməyin əhəmiyyətini vurğulayıb.
Şimal qonşumuzun hərbi sahədə əsas tərəfdaşları isə Hindistan (42 faiz), Çin (10 faiz), Azərbaycan (7 faiz), Venesuela və Əlcəzairdir (5 faiz). O da bildirilir ki, ötən il Rusiya hərbi texnika ixracında rekord həcmdə - 49 milyard dollar gəlir əldə edib.

Zərrəcə şübhə yox ki, rəsmi Moskva sanksiyaların, neftin ucuzlaşmasının büdcəyə mənfi təsirini müstəsna olaraq silah satışı hesabına kompensasiya eləmək niyyətindədir. Demək, şimal qonşumuzun Azərbaycana ehtiyacı artacaq ki, azalmayacaq. Bakını itirmək bu dəqiqə Kremlə heç cür əl vermir. Hərgah, bir sıra ekspertlər və siyasilər getdikcə daha dərin bataqlığa girən Rusiyanın vəziyyətdən çıxa biləcəyinə inanmırlar.

“Mən Putinin hərəkətlərini ölkəmizə böyük zərər yetirən avantura hesab edirəm”. Bunu Rusiyanın müxalifət liderlərindən olan Boris Nemtsov söyləyib (axar.az). O, Putinin öz hərəkətləri ilə rusları fəlakətə sürüklədiyinə əmindir: “Onun hərəkətləri Rusiya vətəndaşlarının vəziyyətini pisləşdirib, ölkəni təcrid olunmuş, iqtisadi böhrana və silahlanma yarışına gətirib çıxarıb. Əslində Putin ətrafında yalnız düşmənlərinin olması üçün hər şey etdi.

Bir il bundan öncə Rusiya ilə Ukrayna arasında müharibə olacağını heç bir normal insan təsəvvür edə bilməzdi. Bütün bunlar bizi fəlakətə sürükləyir. Hazırda Putini yetərincə insanlar dəstəkləyir. Lakin bir neçə müddətdən sonra vətəndaşların əksəriyyəti mənimlə razılaşacaq...”

Siyasətçi ilə razılaşmamaq çətindir. Ancaq hələ ki Putin və ətrafının başı dumanlıdır. Duman çəkiləndə isə gec olacaq. Bircə Azərbaycan üçün də gec olmasın..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.