Azərbaycan iqtidarı Vaşinqtonun Putinə qarşı atdığı addımların eynisilə üzləşəcəyindən narahatdır
ABŞ təhqiqatçıları Rusiya prezidenti Vladimir Putinə yaxın şəxsin pul yuyulmada rolunu araşdırır. ABŞ Ədliyyə Departamenti və Nyu York prokurorları rusiyalı milyarder Gennadi Timçenkonun ABŞ maliyyə sistemi ilə çirkli pul köçürüb-köçürmədiyini öyrənir. Həmin vəsaitin Rusiyada korrupsiya sazişləri ilə bağlı olduğu güman edilir.
Məlumata görə, Timçenkonun yaratdığı, qərargahı Cenevrədə olan Gunvor Group firmasının Rusiyanın dövlət neft şirkəti Rosneft-dən neft alıb və onu üçüncü tərəfə satdığına dair sazişlər araşdırılır.
Putinə yaxın, güclü biznesmenlərdən olan Timçenko ABŞ sanksiyalarına ilk məruz qalanlardan olub. Timçenko həm də Putinin pullarını idarə edən şəxs kimi tanınır.
“Azadlıq”a daxil olan məlumatlara görə, Azərbaycan hakimiyyəti Timçenko ilə bağlı məsələdən ciddi narahat olub. Narahatlığın kökündə eyni addımların hakimiyyətə qarşı da atıla biləcəyi ehtimalı dayanır.
Qeyd edək ki, hələ bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və “Freedom Houce” təşkilatının sədri Devid Kremer Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq edilməsini, ölkə başçısı Ilham Əliyev və yaxın ətrafının aktivlərinin dondurulması ilə bağlı ABŞ hökumətinə çağırış etmişdi. Putinin yaxın adamı ilə bağlı bu addımın atılmasından sonra Azərbaycan iqtidarı eyni təhlükə ilə üzləşəcəyini real sayır.