Ərdoğanın Bakıya səfərindən sonra nurçularla bağlı xəbərlər gündəmə çevrildi. Lakin ekspertlər hesab edirlər ki, bu xəbərlər fakta söykənmədiyi üçün bir növ “sabun köpüyü” effekti verdi. Eyni zamanda, nurçuluqda ittiham olunan şəxslər də (millət vəkili Ceyhun Osmanlı, SAM rəhbəri Fərhad Məmmədov, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev və digərləri) bu faktı təsdiqləmədilər. Onu da qeyd edək ki, ölkədə Ərdoğanın səfərindən sonra nurçuların digər cərəyanının nümayəndələri olan 100-ə yaxın sunqurçu həbs edilib. Bəs təhlükəli hesab edilən nurçular Azərbaycan və ya Türkiyə üçün hansı qorxulu planı hazırlayıblar?
Hafta.az-a açıqlama verən politoloq Qabil Hüseynli suala cavab verməklə yanaşı, nurçuların planlarından da danışıb:
- Nurçuların əsas prinsipləri hakimiyyətə sızmaq və sonradan hökuməti içəridən laxlatmaqla, ələ keçirməkdən ibarət olub. Bu səbəbdən onların qarşısı alınmalı idi. Mən nurçular haqqında müəyyən bilgilərə sahibəm. Hətta onların ən yüksək təbəqədə dayanan mənsubları ilə də söhbət etmişəm. Nurçular ümumdünya qardaşlığı adı altında, vahid dövlətin yaradılmasına doğru planlar qurublar. Bu məqsədlə də Fətullah Gülənin dünyanın 160 ölkəsində məktəbi açılıb. Təbii ki, bu məktəbi bitirən şəxslər də mütləq hakimiyyət orqanlarında rəhbər vəzifələrə gətiriliblər. Məqsəd isə hakimiyyətə gəlmək ideyasının həyata keçirilməsindən ibarət olub.
- Ümumdünya dövlətinin başında hansı ölkə dayanacaqdır?
- Mən də bu sualı onlara vermişəm. Bildiriblər ki, onlar Osmanlı imperiyası tipli bir dövlət quruluşunun daha geniş formasını yaratmaq istəyiblər. Bu məqsədlərini ilk olaraq türk, sonra isə dünya dövlətləri arasında reallaşdırmağı planlaşdırıblar. Nurçuluğun lideri Amerikada otursa da, onlar nurçuların modern İslam ideyasına xidmət etmələrini qəbul edib. Yəni Amerika nurçuların siyasətə can atması fikrini qəbul etmir. Nurçuluq ideyasının qayəsində elm və təhsil ön plana çəkilsə də, əsas məqsəd hakimiyyət daxilinə sızmaqdır. Bunun üçün isə təşkilatlanmağı mütləq, birinci dərəcəli vəzifə kimi qarşıya qoyublar. Mətbuatda yazılanlar göstərdi ki, doğrudan da onlar müəyyən ad altında təşkilatlanıblar. Məsələn, “İrəli” ictimai birliyi adı altında və ya hansısa gənclər təşkilatı olaraq qrup şəklində məqsədlərinə doğru irəliləyiblər. Eyni zamanda, nurçuların bəzilərinin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri haqqında məlumatlar da dolaşır. Yəni bütün bunlar sırf olaraq istintaqın işidir. Daha detallı məlumatları müəyyən zaman sonra öyrənəcəyik. Hər halda belə bir şey vardır ki, nurçuluq ideyasının tərəfdarları sonunda hakimiyyəti məhv etmək fikirindədirlər”.
- Əgər nurçuların əsas məqsədi Osmanlı imperiyası tipli dövlət yaratmaqdırsa, bəs nə üçün onlara Türkiyə iqtidarı da qarşı çıxır?
- Çünki Ərdoğan hesab edir ki, iqtidarı ondan başqa heç kim yüksək səviyyədə idarə edə bilməz.
- Nurçuların planları gələcəyə hesablanıbsa, demək hələ ki, yerinə yetirilməyib. Bəs onlar nə üçün təhlükəli hesab edilir? Hazırda ölkədə onlardan da təhlükəli cərəyanlar mövcud deyilmi?
- Azərbaycan torpaqlarının işğal altında olduğu vaxt, hakimiyyətin daxilində parçalanma yaratmaq elə ən böyük təhlükədir. Bundan böyük təhlükə tanımıram. Əgər onlar hakimiyyəti zəiflədib Azərbaycan dövlətinə, müstəqilliyimizə zərbə vurmağı düşünüblərsə, Osmanlı imperiyasını yaratmaları ikinci plana daxildir. Qeyri-leqal şəkildə hakimiyyətin ideyasının və bayrağının altında təşkilatlanmaqla, başqa bir missiyanı həyata keçirməyi mən əxlaqi baxımdan doğru hesab etmirəm. Bu səbəbdən də sırf ambisiyadan irəli gələn təhlükələr mövcuddur. Nurçular da müəyyən ambisiyaların həyata keçirilməsi üçün bir vasitə idi.