İcra başçısı məşhur futbolçuya 2 milyon manat borcludur- İddia

8-11-2014, 00:59   
İcra başçısı məşhur futbolçuya 2 milyon manat borcludur- İddia
Vilyam Hacıyev Maşallah Əhmədova Göygöl, Samux və İmişlidə gördürdüyü işlərin müqabilində verilməli olan 2 milyon manatını ödəməkdən imtina edib. İmişlinin icra başçısı Vilaym Hacıyevlə bağlı daha bir iddia gündəmə gəlib.

anaxeber.info bildirir ki ,jam.az-a verilən məlumata görə, bu dəfə də söhbət məhz görülən işlərin müqabilində ödənilməli olan milyonlarla manat vəsaitin subpodratçılara verilməməsindən gedir.

Aldığımız məlumata görə, Hacıyevin növbəti “qurbanı” “Neftçi”nin sabiq futbolçusu, bir zaman məşhurlar sırasında olan Mahşallah Əhmədovdur. Verilən məlumatlarda deyilir ki, Əhmədov idmandan ayrıldıqdan sonra özünə kiçik bir MMC qurur. Daha sonra isə tanışları və illərdən bəri qazandığı dostları sayəsində onu böyütməyə başlayır. Və nəhayət, rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə qoşulur. Keçirilən tenderlərdən bir neçəsində qalib olur.

Mənbənin bildirdiyinə görə, M.Əhmədovla Vilyam Hacıyevin yolları ilk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda kəsişir. Həmin vaxt sözügedən rayonun icra başçısı olan Hacıyev məşhur futbolçunu bəzi tikinti işlərinə cəlb edir. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin bir qismini verərək, yerdə qalanını da ödəyəcəyini vəd edir.

Amma bu anlaşmadan qısa müddət sonra Hacıyev Samux rayonuna icra başçısı göndərilir. Və Mahşallah Əhmədov bu rayonda da tikinti işləri üzrə tenderlərə qatılır. Orada da bir xeyli işlər görür və bunun üçün ayrılmış pulların bir qismini ala bilir. Yerdə qalan vəsaiti isə öz cibindən xərcləməli olur.



Verilən xəbərlərdə iddia edilir ki, Samuxda icra başçısı ilə tanınmış futbolçu arasında narazılıq yaransa da, birinci prosesi uzatmaqla onu sakitləşdirməyə nail olur. İmişli rayonunda görülən işlərə də cəlb edilən Mahşallah Əhmədov isə tamamilə müflis vəziyyətinə düşür. Hətta onun aldığı borcları qaytara bilmədiyi də verilən məlumatlar sırasında var.

Mənbələrin sözlərinə görə, İmişli rayonu da daxil olmaqla, digər rayonlarda görülən işlərə görə Vilayam Hacıyevin Mahşallah Əhmədova olan ümumi borcu təqribən 2 milyon manat civarındadır. Dəfələrlə tərəflar arasında bununla bağlı söhbət olsa da, icra başçısı pulları qaytaracağı vədi ilə onu inandırmağa nail olub. Amma sonuncu dəfə bu dialoq qarşıdurma ilə nəticələnib və məşhur futbolçu pulunu almayacağı barədə xəbərdar edilib. Və bundan sonra Əhmədov bu ilin əvvəllərində İmişli rayon İcra Hakimiyyətinin binası önündə özünü yandırmağa belə cəhd edib.

Məlumatlarda iddia olunur ki, həmin vaxt İcra Hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardımçı olmayıb. Əksinə, Vilyam Hacıyevin yaranmış vəziyyəti yuxarılardan gizlətdiyi deyilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.