İnsanov da məhkəməyə gəlmir, vəkilləri də

30-04-2014, 20:24   
İnsanov da məhkəməyə gəlmir, vəkilləri də
Vəkil Toğrul Babayev aprelin 30-da 13 saylı Cəzaçəkmə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb.
Media forum.az-a danışan vəkil məhbusun saxlanma şəraitinin ağırlığından gileyləndiyini deyib.

Toğrul Babayev əlavə edib ki, sabiq nazir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən prosesdə iştirak etməməkdə israrlıdır: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun işgəncəyə məruz qalması şikayəti üzrə işə baxılır. Əli İnsanov həbsdə olduğu müddətdə pis rəftara və işgəncəyə məruz qalmasına görə ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidməti məhkəməyə vermişdi. Azərbaycan məhkəmələri şikayəti təmin etməyib, Avropa İnsan Hüquqları Məhkəməsi isə Əli İnsanovun işgəncəyə məruz qalması faktını tanıyıb və bununla bağlı qərar qəbul edib. 1 saylı İnzibati-İqtisadi Məhkəməsində iş üzrə növbəti proses mayın 7-də olacaq.

Əli İnsanov bu gün bir daha vurğuladı ki, Azərbaycan məhkəmələrində onun barəsində bütün qərarlar siyasi sifarişlə çıxarılıb və bu hal indi də davam edir. Məhkəmələrə heç bir inamı qalmadığına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iş üzrə prosesdə iştirak etməkdən imtina edir. Bu səbəbdən vəkillər də prosesə qatılmayacaq”.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.