32 min saxta dolları 12 minə satdı və 12 illik həbs cəzası ala bilər

9-11-2014, 14:40   
32 min saxta dolları 12 minə satdı və 12 illik həbs cəzası ala bilər



32 min saxta dolları 12 minə satdı və 12 illik həbs cəzası ala bilər
Bakı Ağır Cinayətlər Məhkəmisində Kürdəmir rayonu, Yenikənd kənd sakini, 1978-ci il təvəllüdlü Osmanov Elşən Durmuş oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un verdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib.

İstintaq yolu ilə müəyyən edilib ki, Elşən Osmanov Fərid adlı şəxslə və qeyriləri ilə tanış olaraq külli miqdarda saxta pul əldə edib satmaq barədə öz aralarında razılığa gəliblər. O, 320 ədəd 100 ABŞ dollarından ibarət saxta əskinasları 5 sentyabr, 2014-cü ildə “Şərq bazarı” yaxınlığındakı kafedə şərti alıcı Arzu Qurbanova satarkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Yaxalanarkən E.Osmanovun şalvarının cibindən 12200 dollar, şərti alıcının cibindən isə 31700 saxta ABŞ dolları aşkar edilərək götürülüb.

E.Osmanov Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Bu maddə ilə onu 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, üç aydır ki, Bakıya gəldiyini və müxtəlif tikintilərdə usta işlədiyini göstərib: “Hadisədən üç-dörd gün əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinin qarşısında Fərid adlı şəxslə təsadüfən tanış olmuşam. Fərid mənə 300 ədəd saxta 100-lük dollarının olduğunu dedi. Həmin əskinasları 20 faizlə satmağı təklif etdi və bu işdən gəlir əldə edə biləcəyimizi söylədi. Ondan saxta pulları haradan və kimdən aldığını soruşmadım. Fərid həmin gün mənə 320 ədəd 100-lük dollar verdi. O gündən də müştəri axtarmağa başladım. Fərid mənə saxta pul alıcılarının adətən “Şərq bazarı”nın qarşısına toplaşdıqlarını və ora getməyimi məsləhət gördü”.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində saxta əskinasları satmaq üçün “Şərq bazarı”nın yaxınlığındakı kafelərdən birinə getdiyini göstərib: “Kafeyə gedib çay sifariş etdim. Yaxınlıqdakı masada 50 yaşlı bir kişi tək əyləşmişdi. Onu oturduğum masaya dəvət etdim. Mənə adının Arzu olduğunu bildirdi. Səmimi söhbət zamanı ona 320 ədəd saxta dollar olduğunu dedim və bir neçəsini göstərdim, 30 faizə sata bilərsə, xeyir qazana biləcəyimizi söylədim. Bir qədər söhbət etdikdən sonra ayrıldıq.

Təxminən 40 dəqiqədən sonra Arzu geri qayıdıb müştəri tapdığını, həmin şəsxin külli miqdarda saxta pul almaq istədiyini açıqladı. Arzuya 3 ədəd saxta 100 ABŞ dollarını 90 manata satdım. Fəridlə görüşüb pulu ona verdim. Arzu demişdi ki, yerdə qalan 317 ədədə görə mənə 12 min dollar verəcək. Həmin gün Arzu ilə yenidən görüşdüm, pulları sayıb mənə verdi, cibimə qoydum. Elə bu an mülki geyimli şəxslər bizə yaxınlaşdılar, polis olduqlarını dedilər. Yanlarında iki nəfər hal şahidi də var idi. Sonradan məlum oldu ki, iki dəfə məndən saxta pul alan Arzu əslində polis əməkdaşlarının tədbirində şərti alıcı qismində iştirak edibmiş”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.