Ukraynanın şərqində 10-dan çox şəhərdə rusiyapərəst nümayişçilər hakimiyyət binalarını tutduğu vaxtda Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turchinov qubernatorlarla görüşdə deyib ki, ordu döyüşə hazır vəziyyətdədir. Turchinov bildirib ki, Rusiyanın müharibəyə başlaması təhlükəsi realdır.
Bununla belə Turchinov ölkənin təhlükəsizlik qüvvələrini “aciz” hesab edir. O deyib ki, onlar öz vəzifələrini yerinə yetirə bilmirlər.
Turchinov ordunun hazır vəziyyətə gətirilməsini bir neçə həftə əvvəl də demişdi.
Aprelin 29-da isə Luhanska inzibati binaları nümayişçilər tutanda Turchinov bir neçə şəhərdə polis rəislərini işdən çıxartdı.
Ukraynadan kənarda ABŞ və Rusiya isə Ukraynada vəziyyətin gəginləşməsində bir-birlərini ittiham edirlər.
Dövlət katibi Kerry Moskvanı Ukraynada vəziyyəti qızışdırmaqda ittiham edib. Putin isə deyib ki, vəziyyəti qarışdıran ABŞ-dır, indi Rusiyanın əli ilə vəziyyətdən çıxmaq istəyir.
Putin həmçinin deyib ki, Ukraynada Rusiyanın təhlükəsizlik qüvvələri və ya əsgərləri yoxdur.