Vüsal Novruzovla Orucəli Hacıyevin ortaq biznesi
Redaksiyamıza Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı yeni məlumatlar daxil olub. Qeyd edək ki, biz, daha əvvələr də V.Novruzovun fəaliyyəti ilə bağlı dəfələrlə yazmışıq. Bu yazı da həmin mövzuların davamı kimi qəbul edilə bilər. Məlumatda bildirilir ki, V.Novruzov ölkədəki sement satışını monopoliyasına alıb. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir.
Oxuculara maraqlı olar ki, O.Hacıyev kimdir? O.Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirməməyə başladı.
Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Onun V.Novruzovla ortaq biznesi də elə bu andan başlayır. Belə ki, O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başladı.
Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Ofisdə oturanlar isə O.Hacıyev və V.Novruzovun yaxın qohumlarıdır. Qeyd edək ki, respublikaya ayda 50 min ton sement idxal edən “Babək-97” firmasının əlavə müştəriyə ehtiyacı yoxdu. Firmanın ölkəyə gətirdiyi bütün sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə - ölkənin müxtəlif bölgələrində baş vermiş fövqəladə hallar zamanı həyata keçirilən inşaatlarda istifadə olunur.
Bakı Gömrük İdarəsində vətəndaşları qəbul edən V.Novruzov isə ölkəyə bir kisə belə, sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir. O, hətta bildirir ki, ölkəyə sementi O.Hacıyevlə şərikli olaraq, yalnız onlar gətirə bilər. Başqa şəxslərin sement idxalı qadağandır. Çünki ölkəyə gətirilən sementin markasını və keyfiyyət rəyini də elə FHN-nin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstam Bağırov verir.
Yazının bu yerində kiçik bir xatırlatma edək.Ötən il bir sahibkar Gürcüstandan ölkəmizdə 3 vaqon “Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallar Tovuz Gömrük İdarəsinin icraatına düşür. İdarənin rəisi Vəzir Həsənov həcc ziyarətində olsa da, həmin ərəfələrdə sahibkara dəfələrlə yalan vədlər verir, onun gətirdiyi sementi ölkəyə buraxacaqlarını bildirir. Özü isə əl altdan gömrükçülərə tapşırır ki, 500 marka “Euro-sement”in nümunələrini S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərsinlər. İnstitutun direktoru Rüstəm Bağırov isə rəhbərlərinin – O.Hacıyev və V.Novruzovun tapşırığı ilə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş. Baxmayaraq ki, həmin 500 marka “Euro-sement” “Babək-97” firmasının ölkəyə idxal etdiyi sementlərdən iki dəfə keyfiyyətlidir.
Bu yazını yazmaqda məqsədimiz isə odur ki, ölkəyə sement gətirmək istəyən sahibkarlar gözlərinin önünə Orucəli Hacıyevi, Vüsal Novruzovu, hacı olan Vəzir Həsənovu və Rüstam Bağırovu gətirsinlər və bu niyyətlərindən vaz keçsinlər. Çünki, istəyirsiniz, 1000 markalı sement gətirin, laboratoriya yekunda sizin sementinizin qum olduğu barədə rəy verəcək və malınız hardan gəlibsə, ora da qayıtmalı olacaq.