Üç gün əvvəl evində yandırılan 47 yaşlı Gəncə sakini Pərvanə İsmayılovanın cəsədinin fotoları yayılıb.
anaxeber.info Aktual.az-a istinadən xəbər verir ki, mərhumun yarı yanmış vəziyyətdə görüntülərini Kəpəz TV yayımlayıb.
1967-ci il təvəllüdlü qadın barədə əldə olunan məlumatlardan biri də, onun müxtəlif şəxslərə faizlə pul verməklə, sələmçiliklə məşğul olmasıdır. Mərhumun sələmə pul verdiyi şəxslər tərəfindən öldürüldüyü də istisna edilmir.
Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.