Baş Klinik Hospitalın rəisi hara və nə üçün qaçıb?

10-11-2014, 22:20   
Baş Klinik Hospitalın rəisi hara və nə üçün qaçıb?
Ötən gün redaksiyamıza Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və onun rəisilə bağlı böyük rezonansa səbəb ola biləcək sensasion xarakterli bilgilər daxil olub. Həmin məlumatlarda qeyd olunur ki, Baş Klinik Hospitalın rəisi, mayor Tofiq Tağıyev işə çıxmır. Tofiq Tağıyevin iki gün öncə saat 16:45 radələrində rəhbərlik etdiyi hospitalı qoyub qaçdığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün Baş Tibb İdarəsinin işçilərindən biri polkovnik-leytenant Elşad Quliyevi Baş Klinik Hospitalın rəis müavini vəzifəsinə təyin edib. Lakin Tofiq Tağıyev müdafiə nazirinin əmrinə tabe olmaq əvəzinə, buna qarşı çıxıb və sözügedən əmri saymazyana qarşılayıb. Belə ki, mayor Elşad Quliyevi müavin kimi qəbul etməyib və onun uzun müddət bu vəzifədə qalmayacağını bildirib.
Əldə etdiyimiz bilgilərə görə, Tofiq Tağıyev əsəbi şəkildə «Mənim başımın üzərindən belə bir vəzifəyə kimi isə təyin etmək düzgün deyil» deyə etiraz edib: «Onlar baxarlar ki, kimi təyin etmək lazımdır. Mən müdafiə naziri Zakir Həsənovun bu təyinatını geri çağırtdıracağam». Hamıya bəllidir ki, müdafiə naziri ölkə başçısının əmrilə bu vəzifəyə təyinat alıb. Zakir Həsənov ölkəmizin əsas güc strukturlarından birinin rəhbəri, ordu generalıdır. Kimliyindən asılı olmayaraq, Ali Baş Komandana tabedir. Əgər belə şəxslər Ali Baş Komandanın təyin etdiyi generalın təyinatlarını pozmağa çalışırsa, bu, gələcəkdə xoşagəlməz fəsadlar törədə bilər. Müdafiə Nazirliyinin kuluarlarında bəzi söz-söhbətlər gəzir ki, mayor Tofiq Tağıyev vaxtilə narahatlıq keçirib. Etibarlılığına şübhə etmədiyimiz mənbənin bizə verdiyi məlumata görə, Tofiq Tağıyev deyib ki, mən indi elə bir addım ataram ki, müdafiə naziri Zakir Həsənovun təyinatla bağlı imzaladığı əmr qüvvədən düşər. Və o, göndərdiyi kadrı – Elşad Quliyevi özü öz əlilə geri çağırar.
On il bundan əvvəl Naxçıvan qarnizonundan tərxis olunan Tofiq Tağıyev hərbi xidmətinə uzun müddət ara verib, xidmət etməyib. Biz heç kimin fəaliyyətinə kölgə salmaq istəmirik. Amma əsas məsələ ondan ibarətdir ki, Müdafiə Nazirliyində bəzi idarələrin kabinetlərinin qarşısında deyirdilər ki, Tofiq Tağıyev vaxtilə nəyəsə görə işdən azad olunmuşdu. Bəs necə olur ki, onu sonradan orduda bu cür strateji əhəmiyyətə malik olan tibb müəssisəsinə – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Qospitalına rəis təyin edirlər? Məgər Tofiq Tağıyev bilmir ki, belə əməllərə yol vermək olmaz? Silahlı Qüvvələrdə xidmət edən bu qədər polkovniklərin, polkovnik leytenantlar, yüksək ixtisaslı, savadlı həkimlərə mayor rütbəsi ilə rəhbərlik etmək mümkündürmü? Görəsən bu nə deməkdir? Aldığımız məlumatı dəqiqləşdirmək üçün ötən gün Baş Kliniki Qospitalın iş nömrəsilə əlaqə saxladıq. Zənglərimizə cavab veirən növbətçi gizir Əhmədov bildirdi ki, bu suala başqa şəxs cavab verməlidir. Daha sonra zənglərimizə cavab verən qospitalın 7 zabitdən biri dedi ki, komandiri başqa şəxs – Hüquq Şöbəsinin rəisi əvəz edir.
Digəri dedi ki, biz bu suala cavab verə bilmərik. Beləcə, dəqiq məlumat ala bilmədik. Lakin etibarlı mənbənin verdiyi bilgilərdə qeyd olunur ki, Tofiq Tağıyev iki gün öncə axşam saat 16:45-dən sonra ümumiyyətlə işə çıxmayıb. Bütün bunlar onu göstərir ki, bu barədə əldə etdiyimiz xəbərlər həqiqətə uyğundur və qospitalın rəhbər strukturlarında vəziyyət ürəkaçan deyil. Məlumatlı şəxs həmçinin, onu da bildirdi ki, dünən Hərbi Prokurorluq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ciddi araşdırmalara başlayıb və Tofiq Tağıyevin fəaliyyəti ən incə detallaradək yoxlanılır: «Hərbi Prokurorluq artıq Tofiq Tağıyevi barəsində bir sıra zəruri addımlara start verib. Belə ki, artıq onun otağı möhürlənib və otaqdakı seyfi də, daxil olmaqla bir sıra mühim sənədlər araşdırılır. Bununla bağlı müvafiq komissiya yaradılıb və Tofiq Tağıyevin fəaliyyəti, indiyədək gördüyü bir sıra işlər yoxlanılmağa başlanılıb».
Əldə etdiyimiz digər məlumatlarda isə qeyd olunur ki, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu ilin fevral ayında sosial şəbəkə vasitəsilə məhz sözügedən məsələ ilə bağlı ölkə başçısına müraciət edib. Həmin müraciətdə bildirilir ki, Azərbaycanda minlərlə peşəkar, savadlı və bacarıqlı hərbi həkim olduğu halda, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ehtiyatdan baş leytenant rütbəsində, bir vaxtlar Silahlı Qüvvələrdən xəstəliklə ehtiyata buraxılmış Tofiq Tağıyev adlı şəxs gətirilərək ona mayor rütbəsi verilərək strateji bir posta rəis təyin edilib. Tofiq Tağıyevin 1996-cı ildə sabiq müdafiə naziri Səfər Əbiyevin müvafiq əmrilə ordu sıralarından xaric edildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, o, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını tərk edərkən hospitalın şəxsi heyətinin, eləcə də ordu rəhbərliyinin ünvanına bəzi xoşagəlməz ifadələr işlədib: «Hazırda Tofiq Tağıyevin vəzifəsini əslən Gədəbəy rayonundan olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hüquq işləri üzrə əməkdaşı Pərviz adlı şəxs icra edir». Bu arada, onu da qeyd edək ki, Tofiq Tağıyev Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına rəis təyin olunduqdan təxminən, 2 ay sonra ona məharət dərəcəsinin verilməsi adıçəkilən hospitalda xidmət çəkən hərbi həkimlər arasında ciddi narazılığa səbəb olmuşdu.
«Hələ bir müddət əvvəl təcrübəsiz zabit hesab olunan Tofiq Tağıyevin birdən-birə ehtiyatdan çağırılıb baş leytenant rütbəsindən mayor rütbəsinə qaldırılması da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının tibbi personalı tərəfindən etirazla qarşılanmışdı» deyən məlumatlı şəxsin sözlərinə görə, məharət dərəcəsi adətən uzun illər rəhbərlik etdiyi sahədə göstərdiyi xidmətlərə və yüksək hərbi biliyə görə verilir: «Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında uzun illər xidmət çəkən təcrübəli hərbi həkimlər birinci və ikinci dərəcəyə sahib olurlar. Tofiq Tağıyev isə yeni vəzifəsinin icrasına başladıqdan iki ay sonra məharət dərəcəsinə yiyələnib. Bu onu deməyə əsas verir ki, Müdafiə Nazirliyində hansısa maraqlı qüvvə Tofiq Tağıyevi əməlli-başlı himayə edir».
Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.