Ötən həftənin ən maraqlı hadisələrindən biri Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının Azərbaycana səfəri oldu.
İşçi səfərlə gələn türkiyəli qonağı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qəbul etdi. Dörd gün davam edən (5-8 noyabr) səfərin sonuncu günündə isə general Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə oldu.
Generalın səfərini, xüsusən də onun cəbhə xəttinə getməyini Azərbaycan və Türkiyə mediası həvəslə tirajladı.
Çünki generalın Azərbaycana işçi səfəri demək olar ki, görünməmiş jestlərlə yadda qaldı: o, müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə oldu; Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən binoklla müşahidə etdi; elə cəbhə xəttindəcə növbəti dəfə “Türkiyə daima Azərbaycanın yanındadır” mesajını verdi; “İstiqlal” snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlandı; nəhayət, əlinə snayper tüfəngini götürərək işğal olunmuş əraziləri bir daha müşahidə etdi.
Əslində rəsmi məlumatda belə yazılıb: işğal olunmuş əraziləri müşahidə etdi.
akin rəsmi açıqlamalarda türkiyəli generalın snayper tüfəngi ilə işğalçılara - erməni tərəfə baxdığı, hətta nişan alıb-almadığı barədə konkret heç nə yoxdur. Əslində bu, normaldır. Çünki rəsmi məlumatlarda belə detallar açıq yazıla bilməz.
Türkiyəli generalın əlinə snayper tüfəngini götürərək qarşı tərəfə tuşlaması və bu anın fotosunun mediaya yayılması isə təsadüf ola bilməz. Bunu Türkiyə və Azərbaycan tərəfinin düşünülmüş və razılaşdırılmış bir mesajı saymaq olar. Özü də bu mesaj Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlim keçirən günlərdə verildi.
Üstəlik, bu il erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar da edib. Bu mesajı miqyasına görə, 2001-ci ildə “türk şahinləri” adlandırılan qırıcı eskadrilyasının Bakı və Xəzər dənizindəki mübahisəli ərazilər üzərindən uçuşlar həyata keçirərək Azərbaycan dövlətinə verdiyi açıq dəstəyi ilə də müqayisə etmək olar. Rəsmi Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfində olduğunu dəfələrlə bəyan edib. Lakin Azərbaycanın işğal altında olan torpaqları azad edilməlidir - bu, müharibə bahasına olsa da belə…
Əgər müharibə olarsa, Türkiyə Azərbaycanın, yumşaq desək, yanında olacaq. Bunu general Aksakallının səfəri də bir daha təsdiqlədi.
Yeri gəlmişkən, Azərbaycanın xüsusi təyinatlı qoşunlarının formalaşdırılmasında Türkiyənin rolu böyük olub. İndinin özündə də Türkiyədəki xüsusi təyinatlı məktəblərdə Azərbaycan zabitləri təhsil alır. Yəqin ki, bu əməkdaşlıq türkiyəli generalın Azərbaycana səfərindən sonra daha da genişlənəcək. Çünki o, Bakıda olarkən iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən də danışıb.
P. S. Azərbaycan və Türkiyə mətbuatı ən çox türkiyəli generalın snayper tüfəngi ilə olan fotosunu yaydı. Doğrudan da möhtəşəm və çox mətləbdən xəbər verən fotodur: türkiyəli general silahı işğalçı ermənilərə tərəf tuşlayır və nişan alır. Tətik hər an çəkilə bilər – sözün bütün mənalarında!