Şirkət və MMC-lərdə total yoxlamaların səbəbi bilindi ; Oliqarx təbəqəsinə aidiyyəti olmayan bəzi şirkətlərdə yoxlamaların ilginc səbəbləri; həyatında bir dəfə müxalifət qərargahına getməyən sahibkarları “liderlərin maliyyəçisi” qismində kim qələmə verir?
Son aylar Azərbaycanda bir sıra şirkətlərdə ciddi yoxlamalar başlayıb. Məlumatlara görə, yoxlamaları Vergilər, İqtisadiyyat və Sənaye nazirlikləri, FHN, o cümlədən hüquq-mühafizə orqanlarında (DİN, Baş Prokurorluq və MTN) iqtisadi sahələrə nəzarət edən idarələr aparır. Xəbərdə deyilir ki, araşdırmalar yalnız o şirkətlərdə aparılır ki, bu sahibkarların hakimiyyətdə ciddi dayaqları yoxdur.
Özəl mənbənin “Yeni Müsavat”a verdiyi məlumatda o da bildirilir ki, bu, sadəcə, yoxlama deyil, əslində ölkədə “iqtisadi siyasətlə” bağlı baş verən ciddi bir prosesin tərkib hissəsidir. Söhbət hakimiyyətin oliqarx təbəqəsinə aidiyyəti olmayan bəzi şirkətlərin və MMC-lərin dövriyyəsindəki pullara nəzarətdən gedir.
Hakimiyyətdən gələn göstəriş belədir ki, həmin müəssisələrin kapitalına nəzarət imkanı olmadığı üçün onları hər hansı yollarla çökdürmək, ya da oliqarxların nəzarətindəki iri şirkətlərə birləşdirmək lazımdır. Bu da kifayət qədər böyük maliyyəyə nəzarəti ələ almaq, ya da dövriyyədən çıxarmaq qərarıdır.
İqtidarın narahatlığının əsas səbəbi barədə bir neçə ciddi versiya var. Məsələn, belə bir iddia var ki, hüquq-mühafizə orqanlarının da qarışdığı yoxlamalara səbəb bəzi nəzarətsiz şirkətlərin xəvariclərə yaxınlığı və radikal dindarları maliyyələşdirməsi şübhəsidir. Əcnəbi donorlara bağlılığı olan QHT-lərin çökdürülməsindən sonra xariclə biznes əlaqələri olan şirkətlərin də təmaslarının yoxlanılması, işçi kontingentinin “siyasi mövqeyinin” öyrənilməsi barədə versiya da ağlabatandır.
Məlumdur ki, oliqarxların nəzarətində minimum 20 ən iri özəl şirkət var. Bu şirkətlər istisnasız olaraq oliqarxların nəzarəti altında fəaliyyət göstərir və aydındır ki, burada işçilərin siyasi mövqeyi “hakimiyyətyönlüdür”. Bu şirkət və holdinqlərin hər birində minlərlə işçi çalışır. Oliqarx-məmurlara bu və ya digər dərəcədə bağlılığı olan 43 iri özəl şirkət var ki, burada 100 minə yaxın adam çalışır. Bu da məşğul əhalinin (4,4 milyon nəfər) 3 faizi deməkdir. Yəni ölkə üzrə əmək qabiliyyətli əhalinin hər 100 nəfərindən 3-ü oliqarxların şirkətində çalışır.
Vergilər Nazirliyinin məlumatına görə, ölkədə 738 özəl şirkətdə isə məşğul əhalinin (4,4 milyon əhalinin) 18 faizi çalışır. Bu adamların bir çoxunun siyasi yönümü ya bəlli deyil, ya da hakimiyyətin özü üçün şübhəli sayır.
Yoxlamaların səbəbi barədə daha bir iddia isə 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Məlumdur ki, parlament seçkilərinə daha çox insan cəlb olunur və iştirak edir. 2010-cu ildə bəzi biznesmenlər qəfil zühur edərək seçkilərə qatılmış, hakimiyyətə qarşı olmasa da, ümumi kursa zidd mövqe sərgiləmiş, hətta YAP namizədlərinə problem də yarada bilmişdilər. Üstəlik, ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, 2015-ci il seçkiləri həm Qərb, həm iqtidar üçün xüsusi önəm daşıyır və əlavə sürprizlərlə qarşılaşmamaq üçün indidən ölkə daxilindəki maliyyəyə nəzarəti gücləndirmək tələb olunur.
Rəsmi məlumata görə, artıq bir neçə şirkət iri məbləğdə cərimələnib. Cəriməyə məruz qalan şirkətlər sırasında “Prokter & Gembl Azərbaycan Servisləri”, “Audi”, “Porshe” və “Volksfagen” avtomobillərinin Bakıdakı rəsmi dileri də var. Onların cərimələnməsinə səbəb isə...reklamlarda yol verdikləri şişirtmələrdir ki, bu da bəhanəyə daha çox oxşayır. Hazırda yoxlama aparılan şirkətlər sırasında “Gillette”, “Walkers”, “Lorenz Snack-World”, “Wella”, “Ferrero” və “Uni” də var.
Bu yoxlamalar mövzusunda yazan “Bizim yol” qəzeti sabiq deputat, iqtisadçı-ekspert Nazim Məmmədovun facebook hesabında “kimsəsiz” şirkətlərin cərimələnməsinə münasibətini dərc edib: “Monopoliya yaradıb Azərbaycan dövlətinə meydan oxuyan ”Baku Steel Company"yə gücü çatmayan İqtisadiyyat və Sənaye Nazirliyi, arxasında oliqarx-məmur olmayan dünya şöhrətli şirkətlərin nümayəndəliklərinə astronomik cərimələr yaza bilir".
Digər iqtisadçı Nemət Əliyev də deyib ki, yoxlamalar və cərimələr bəzi sahibkarların sıxışdırılması yönəldilib: “Hazırda sahibkarların fəaliyyətini yoxlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur və bu da onların işində gərginlik yaradır”.
Qaynağımız deyir ki, hərtərəfli yoxlanılan şirkətlərin və MMC-lərin siyahını genişdir. “Yoxlamalar bütün iqtisadi spektri əhatə edir. Sahibkarlar hələ ki narazılıqlarını açıq bildirmirlər və araşdırmaların sonunu gözləyirlər. Mümkündür ki, ilin sonunadək bir neçə şirkət özünün bankrot olduğunu və bağlandığını elan etsin. Belə görünür ki, nəzarətsiz kapitala nəzarət uğrunda başlayan proses bəzi sahibkarların həbsinə, bəzilərinin ölkə xaricinə getməsinə səbəb olacaq” - deyə, mənbə vurğulayıb.
Hakimiyyət “nəzarətsiz kapitalı” araşdırır - sensasiya
Maraqlıdır ki, bəzi oliqarxlar bu prosesi rəqiblərinin bazardan çıxarılması kimi baxır, bu istiqamətdə hətta “araşdırmalara kömək də edir”. Belə ki, xüsusilə tikinti, tikinti materialları və mebel sahələrində monopolist olanlar indiki məqamı fürsət bilib araşdırma aparan nazirliklərə hətta donos belə yazırlar, həyatında bir dəfə müxalifət qərargahına getməyən sahibkarları “liderlərin maliyyəçisi” kimi qələmə verirlər.