Aynur Elgünəş
Elnur Aslanovun “vurulması” bəzi media orqanlarının da əldəyişməsinə səbəb oldu. Nəticədə yeni sahib bir xeyli media qurumunun qapadılmasına, ixtisarına, birləşdirilməsinə və s qərar verdi. Bununla da Elnur Aslanov hakimiyyətinə güvənib ağlına, ağzına gələni edənlərin bazarı bağlandı.
Dünya çox fanidir, heç kimə bel bağlamaq olmaz. İllah da ki, hakimiyyətə. Ona görə də gərək bəri başdan ehtiyatı əldən verməyəsən.
Məsələdən bir az sapıdıb bu “ehtiyat” sözünün məna yükünü aydınlaşdırım, sonra yenə mövzuya kurs olacam. Belə ki, normal ölkələrdə vətəndaşın ehtiyatı qanundu. Yəni, işini qanuniləşdirsə, fələk də bata bilməz. Bizdə isə “ehtiyat” pul, yeyinti mənasındadır. Nəticədə işimizi itirəndə ya yığdıqlarımızı da əlimizdən alırlar, ya da yeni iş tapana qədər balansdakını tükətməklə məşğul oluruq. Bunun da bir səbəbi qanunlara inamsızlıqdı. Çünki qanun da “şah”ın əlindədir və istənilən zaman dəyişikliyə məruz qala bilir.
Mövzuya giriş edərək deyim ki, sadaladıqlarımın jurnalistikaya çox az dəxli var. İşini itirən jurnalistin arxada heç bir ayı da yola verəcək qədər pulu yoxdur. Əslində bəla da ondadır ki, daim qanunsuzluqlardan yazan, qanun-vətəndaş körpüsü yaratmağa can atan jurnalistin özünü belə işdən çıxaranda əlinə alıb məhkəməyə aparacaq müqaviləsi olmur. Özü də bu, təkcə müstəqil, muxalifyönümlü mediada deyil. Fərq yalnız ondadır ki, müxalifyönümlü medianı vurmaq üçün bu qanunsuzluq əsas şərt olur.
Mayın 1-dən etibarən Elnur Aslanova məxsus bir sıra saytlar qapanır, gün.az isə 1news.az-a birləşdirilir. Nəticədə onlarla jurnalist işini itirir. Artıq neçə gündür mətbuat bu xəbəri yayımlayır. Bəs heç olmasa Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı bu məsələ ilə maraqlanıbmı? Əminəm ki, yox.
Əgər maraqlanan olsaydı, o zaman görərdi ki, qəflətən işsiz qalan jurnalistlərlə heç bir müqavilə yoxdur. Bu, bir yana, heç qanuna hörmət edib onlara əvvəlcədən xəbərdarlıq da etməyiblər. Əvvəlcədən dedikdə, Əmək Məcəlləsinə görə, bu xəbərdarlıq düz 2 ay əvvəl edilməlidir, işçi ixtisara düşdüyünü məhz iki ay əvvəldən bilməlidir. Üstəlik həmin işçiyə maaşdan əlavə 1 aylıq kompensasiya da ödənilməlidir.
Amma nə yazıq ki, Azərbaycan mətbuatında bu qaydalara əməl olunmur. Və ən əsası da media qurumları iş yerlərini qanuniləşdirmək əvəzinə düşürlər sosial güzəranın yaxşılaşdırılması hayına. Yəni, hökumətdən, büdcədən daha çox nə qoparmaq olar deyə düşünürlər. Qazanan da yenə həmişə qazananlar, hər şeyi olanlardı.
Dərd ondadır ki, jurnalistləri də hakimiyyətyönümlü media orqanlarına cəlb edən məhz daimiliyi, imkanların genişliyidir.Ancaq hər dəfə də unutdular ki, klanlararası müharibə heç kimin hakimiyyətinin daimiliyinə zəmanət vermir. Odur ki, 3-5 manat artıq qazanmaq naminə haqqı güdaza vermək olmaz. Hakimiyyət verdiyi evi sabah bir səhvinə görə əlindən də ala bilər. Amma qaydalar, qanunlar işlək olarsa, nə sənin kiminsə cibində gözün olar, nə də kimsə qəflətən qapını döyüb “sağlıqla qal, sabahdan işləməyəcəksən” deyə bilər.
Bunu bizim əvəzimizə nə Mətbuat Şurası edəcək, nə JuHİ, nə də digər qrantyeyən qurumlar. Bəlkə bir az da bunu özümüz düşünək?