Pusquda gözləyən texnoloji təhlükə: Bizi internet və mobil telefondan izləyə bilərlər

12-11-2014, 19:37   
Pusquda gözləyən texnoloji təhlükə: Bizi internet və mobil telefondan izləyə bilərlər
Pusquda gözləyən texnoloji təhlükə: Bizi internet və mobil telefondan izləyə bilərlər
Osman Gündüz: “Azərbaycanın oflayn sərhədlərinin qorunmasına necə həssas yanaşılırsa, ölkəmizin onlayn sərhədləri də internet üzərindən o cür ciddi şəkildə mühafizə olunmalıdır”

Hər birimiz texnologiyanın son nailiyyəti olan telefonlardan, kompüter və planşetlərdən istifadə etməyə can atırıq. Əlimizdəki cihazın sərhədsiz imkanları nə qədər bizim lehimizə işləyirsə, bir o qədər də əleyhimizə işləyir.

Bəlkə də əlimizdəki telefonun və ya dizimizin üstündəki planşetin kamerası kimlərinsə bizi izləməsinə xidmət edir. Və ya hər gün dostlarımızla, yaxınlarımızla ünsiyyət qurmağımıza xidmət edən sosial şəbəkələr, çatlar yazışmalarımızı üçüncü şəxslərin oxumasına da imkan yaradır.

Biz bu kimi təhlükələrdən sığortalanmışıqmı? Kibercinayətkarlığa məruz qalmamaq üçün hansı tədbirləri görməliyik?

Əgər, bu suallar sizi də düşündürürsə, Multimedia Mərkəzinin və Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün məsləhətlərindən faydalanın.


Osman Gündüz

İnternet və informasiya texnologiyalarından istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı açıqlama verən Osman Gündüz bildirdi ki, texnologiya inkişaf etdikcə, vətəndaşların, ayrı-ayrı dövlət qurumlarının, yüksək vəzifəli şəxslərin informasiya təhlükəsizliyi ilə bağlı problemləri də artır: “Ancaq bu, o demək deyil ki, texnikadan imtina etmək lazımdır. Əksinə texnologiyanın son yeniliklərindən daha səmərəli istifadə etmək, təhlükəsizlik qaydalarına əməl etməklə kibercinayətkarlıqdan müdafiə olunmaq daha önəmlidir.

İlk növbədə vətəndaşların internet təhlükəsizliyini götürsək, bu, birbaşa onların özlərindən asılıdır. Sadə insanlar da internetdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməlidirlər. İlk növbədə kompüterdə olan proqramlar lisenziyalı olmalıdır. Kompüterdə mütləq antivirus proqramı aktiv olmalıdır. Çünki elə proqramlar və viruslar var ki, onlar kompüterdəki informasiyanı idarə olunduqları mərkəzə göndərirlər. Həmin proqramlar vasitəsilə sizin kompüterinizi kənardan idarə etmək mümkündür. Bu səbəbdən də kompüterə yüklənən hər bir proqramın mahiyyətindən xəbərdar olmalısınız. Müasir dövrdə kompüterdə anticasus proqramı olmalıdır ki, kənardan idarə olunan virusları zərərsizləşdirsin”.

Osman Gündüz onu da vurğuladı ki, kənar yerlərdə öz emailinizi və ya sosial şəbəkələrdəki səhifələrinizi açarkən ehtiyatlı olmalısınız: “Bunlar ən sadə təhlükəsizlik qaydalarıdır ki, onlara əməl etmək mütləqdir. Eləcə də, internet resurslardan istifadə edərkən daha təhlükəsiz olanlarına üstünlük vermək lazımdır. İnternetdə elə messengerlər var ki, ödənişlidir. Onlardan istifadə edərkən araşdırmalısınız. Çünki bu resurslar bəzən istifadəçiləri aldadıb, onların şəxsi məlumatlarını, məsələn, bank hesablarının kodunu öyrənmək üçün qurulmuş tələ olur.

Dünya təcrübəsində ən çox yayılmış üsul odur ki, hansısa ödəniş saytına uyğun bir domen alıb, eyni dizaynla bir sayt yaradırlar. Burada domenin adında bir hərf dəyişikliyi olduğu üçün insan fərqi anlaya bilmir. İnsanlar öz hesab nömrəsini və parolunu daxil edən kimi bu informasiyalar oğurlanır. Bu səbəbdən də istifadəçilər onlayn ödəniş portallarından istifadə edərkən diqqətli olmalıdırlar.

Bəzi informasiya resursları var ki, orada qeydiyyatdan keçərkən sizin informasiyalar başqa yerlərə də ötürülür. Həmçinin android sistemli telefonlarda hansısa internet resursunda qeydiyyatdan keçərkən istifadəçiyə bildiriş gəlir ki, sizin mikrofonunuzdan, kameranızdan istifadə olunacaq, qeydiyyatdan keçməyiniz üçün bu vacibdir, siz buna razısınızmı?

İstifadəçilər heç bu bildirişi oxumadan “ok” tuşuna basır. Bu, o deməkdir ki, artıq həmin proqram açılan kimi avtomatik sizin mikrofondan səsiniz, kameradan görüntünüz izlənilə bilər.

Göndərilən informasiyaların kənar müdaxilələrə məruz qalmaması üçün, kənar şəxslər tərəfindən oxunmaması üçün daha təhlükəsiz yollardan istifadə etmək lazımdır. Məsələn, facebook, gmail, skype və digər proqramlarda informasiya ötürülərkən şifrələnir və onun açılması mümkün deyil. Bunlar ən təhlükəsiz informasiya ötürülməsi vasitələridir.

Təbii ki, istifadəçi də öz hesabının təhlükəsizlik kodunu etibarlı şəkildə saxlamalıdır. Bu informasiya resurslarına kiminsə şəxsi məlumatlarının alınması üçün müraciətlər olur. Məsələn əməliyyat axtarış tədbirləri məqsədilə insanların şəxsi informasiyaları istənilir. Bu tələblər müzakirə olunur, bəzən şəxsi informasiyalar verilir, bəzən isə imtina olunur. Ancaq bu müraciətlər mütləq əsaslandırılmalıdır.

Məsələn, müraciət hər hansı oğurluq hadisəsi ilə bağlıdırsa, müraciət qəbul olunmur. Ancaq terrorizm, dövlət çevrilişi və sair məsələlərlə bağlı olursa, o zaman şəxsi informasiyalar açıqlanır”.

Osman Gündüzün sözlərinə görə, Azərbaycan qanunvericiliyində də bu, nəzərdə tutulub: “Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da istifadəçilərin izləniləməsinə icazə verilir. Azərbaycanda bu proses “Əməliyyat-axtarış tədbirləri haqqında” Qanunla tənzimlənir.

Ancaq bu da cinayət aktının hansı dərəcədə ciddi olmasından asılıdır. Xüsusilə terrorizm, dövlət çevrilişinə cəhd və sairə görə... Eləcə də, izlənmə məhkəmə qərarı ilə olmalıdır. Məhkəmə qərarı olmadan izlənmə mümkün deyil”.

Ekspertin fikrincə, yüksək səviyyəli dövlət xadimləri də bu cür qanunsuz dinləmələrdən sığortalanmayıb: “Biz tez-tez eşidirik ki, müxtəlif dövlətlərdə, hətta Avropa ölkələrində və Amerikada qeyri-qanuni dinləmələrlə bağlı məlumatlar yayılır. Bununla bağlı məhkəmə çəkişmələri də olur. Bu zaman müxtəlif proqramlardan və uzaqdan idarə edilən cihazlardan istifadə edirlər. Mən düşünürəm ki, Azərbaycan üçün də təhlükələr az deyil. Azərbaycanın milli maraqlarına təhlükə törətmək istəyən qüvvələr də az deyil.

Bu səbəbdən də, Azərbaycan hökuməti informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə istiqamətində addımlar atmalıdır. Azərbaycanda bununla bağlı iki dövlət qurumu yaradıldı: “Dövlət sektorunda informasiya təhlükəsizliyi” və “qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi”...

Ancaq bunun yaradılması kifayət etmir, bu qurumlara ixtisaslı kadrlar cəlb edilməlidir, maliyyə ayrılmalıdır. Azərbaycanın oflayn sərhədlərinin qorunmasına necə həssas yanaşılırsa, ölkəmizin onlayn sərhədləri də internet üzərindən o cür ciddi şəkildə mühafizə olunmalıdır.

Bəzən hansısa dövlət qurumları lisenziyasız proqramlardan istifadə edirlər, lisenziyalı proqramlara pul xərcləmək istəmirlər. Bu, düzgün deyil, pulsuz proqramların nə dərəcədə təhlükə mənbəyi olduğunu və asanlıqla kompüterdəki informasiyanı kənara ötürdüyünü bilmək lazımdır.

Ona görə də, maliyyə, kadr potensialı, infrastruktur baxımından informasiya təhlükəsizliyi təmin olunmalıdır. Bütün ölkələrin dinlənmə və kibercinayətkarlıqla bağlı problemləri var. Hansı ölkə konkret tədbirlər görəcəksə, bu prosesdən qalib çıxacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.