Hakimiyyətdə yeni konsepsiya - zadəganlar...

1-05-2014, 10:34   
Hakimiyyətdə yeni konsepsiya - zadəganlar...
Cəmiyyətlə varlı təbəqə arasındakı “uçurum” götürülür?!; İqtidardakı oliqarxlar Avropa və Amerikada apardıqları lobbi siyasətinin xüsusi bir modelini siyasi səhnəyə transformasiya etməyə hazırlaşırlar; məmur övladlarının “harın və avtoş” obrazı kəskin dəyişdirilir - xeyriyyəçi və vətənpərvərlər...

Son aylar hakim komandada təmsil olunan məmur-oliqarxların dəbdəbəli həyatları, onların övladlarının təyyarə sürətli maşınları ilə Bakı küçələrində çıxardığı hoqqalar medianın əsas mövzularından biridir. İqtidara ciddi zərbə vuran, cəmiyyətin “harınlar və qudurğanlar” epiteti ilə baxdığı bu cür hadisələrin “qəhrəmanları”na prezident İlham Əliyev bir neçə dəfə sərt xəbərdarlıq da edib. Ölkə prezidentinin leksikonuna onlar barədə “qudurmuşlar” ifadəsi daxil oldu. Cəmiyyət isə bu ifadəni sevdi və qəbul etdi.

Son 1 ay yarımda övladlarının əməllərinə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətov və Yevlax gömrüyünün rəisi Əliməmməd Həsənov işdən çıxarılıblar. Bu məmurlar hələ hakimiyyətdə o qədər də mühüm post tutmurlar və adları da yalnız harın övladlarının əməlləri “sayəsində” ictimailəşib.

Amma bir fakt dəqiqdir ki, kimliyindən asılı olmayaraq bu hakimiyyətin süfrəsindən yeyənlərin bu cür əməllərinin ən böyük zərərini Heydər Əliyevin ustalıqla qurduğu, İlham Əliyevin də artıq 11 ildir rəhbərlik etdiyi sistem çəkir. Nə qədər əcnəbi dil öyrənsələr də, nə qədər ölkələr gəzsələr də, nə çoxlu parası olan iqtidar mənsubları, nə də onların övladları cəmiyyətin, dövlətin müsbət işarəli fiquruna çevrilə bilmirlər. Onlar bu qədər zəngin olsalar da, kübar Avropa və Amerika cəmiyyətlərində axşam yeməklərində başda otursalar da, sözün həqiqi mənasında saray dövrlərindəki zadəganlığı mənimsəməyi bacarmırlar. Bu səbəbdən də onlar sosial şəbəkələrdə hələ də hansısa restoranda içdikləri bahalı şampanların boş şüşələrini, avtomobillərinin yüksək sürətli spidometrlərinin şəkillərini fəxrlə paylaşırlar. Ümumi rəy belədir ki, hakimiyyətdəki zənginlər (onların heç də hamısı nazir deyil) ölçüyəgəlməz var-dövlətə sahiblənsələr də, müasir kübar cəmiyyətə hazır deyilmişlər və çoxlu pulla birlikdə necə yaşamaq lazım olduğunun konsepsiyasını hələ də tapmayıblar.



Bu, sadəcə, görməmişlik məsələsi deyil. Bu qədər pulu bəlkə də sabiq ABŞ prezidenti Corc Buş da görməyib. Hələ məlum deyil ki, Buş Azərbaycanın, məsələn, yazıda adını heç bir qərəz güdmədən yalnız bir nümunə kimi çəkəcəyimiz nəqliyyat naziri olsa idi və işlədiyi dövrdə bir neçə milyard qazansaydı, özünü yenə, məsələn, Ağ Evdə necə aparardı. Bəlkə də keçmiş prezidentlərin büstü olan zalda onlara baxıb gülərdi də...

Bizim varlılar isə ciddi görkəmli və sərbəstdirlər. Hörmətli Ziya Məmmədov bəzən prezidentlə birgə etdiyi açılışlarda əlini cibinə qoyub, hətta prezidentdən də qabaqda addımladığı kimi sərbəst... Bir çoxları bunu nazirin sərbəstliyi və işinə güvənliyi kimi deyil, ağlasığmaz kapitalın verdiyi hava ilə izah edirlər...

Belə görünür ki, milyardlarla hesablanan sərvətləri olsa da vaxtilə maşinist, ticarətçi, musiqiçi, tarixçi, müəllim, həkim və s. olanlar nə pulun, nə də hüdudsuz səlahiyyətlərin sınağına hazır deyilmişlər. Bunu vaxtilə sabiq prezident Əbülfəz Elçibəy gərək ki, öz komandası haqda daha dəqiq sözlərlə ifadə etmişdi. “Tankın qarşısında dayananlar, rüşvətin qarşısında duruş gətirə bilmədilər...”

***
İqtidarın üst düzeyi hər gün onlara bu cür bəd əməlləri ilə “quyu qazanlar” barədə artıq ciddi ölçü götürməyə başlayıb. Amma hər şey təkcə cəza tədbirləri, xırda məmurların işdən qovulmaları ilə yekunlaşmır. Bu hakimiyyətin sifətini təşkil edən məmur-oliqarxlar dəyişməlidir, heç olmasa övladları...

Məlumatlara görə, hakimiyyətdəki oliqarxlar, dollar milyarderləri Avropada və Amerikada Azərbaycan adına apardıqları lobbi siyasətinin xüsusi bir modelini Bakıya, yerli siyasi səhnəyə transformasiyaya hazırlaşırlar. Onlar özlərinə və övladlarına dair cəmiyyətdəki neqativ tavrı, önyarğını (ön ittihamı) aradan qaldırmaq üçün xüsusi siyasi texnologiyalar işlədəcəklər. Bunları da onlara bu sahənin PR mütəxəssisləri hazırlayacaq. Bu, onlara təkcə əmr vermək səlahiyyəti olan instansiyadan gələn tapşırıq deyil; həm də zamanın və müasir çağın tələbidir. İndi zəkaca az qala feodal kimi düşünən zəngin ataların bu cür oğullarına yeni tapşırıq və konsepsiya təklif olunur. Əlbəttə ki, seçim imkanı olmadan verilən bu göstərişi onlar icra etməyə məhkumdurlar. Bu, çox dəbdəbəli səslənsə də, Azərbaycanda yeni zadəgan sinfinin yaradılması prosesidir.

Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə deyib ki, artıq bu konsepsiya üzərində hazırlıq yekunlaşıb. Əsas məqsəd də zənginlərlə cəmiyyət arasında yaranmış uçurumu “doldurmaq” və cəmiyyətə transformasiya olunmaqdır.

“Yeni Müsavat” aydınlaşdırıb ki, hətta 2015-ci ilin parlamentinin tərkibi də əsasən bu konsepsiyanın yekunu kimi formalaşdırılacaq. Oliqarxların qəfildən “milliləşən, sadələşən, xeyriyyəçiyə çevrilən və vətənpərvərləşən” övladlarını cəmiyyətdə maraq obyektlərinə çevirmək və daha sonra onların parlamentin iclas zalının 5 illik “dinləyiciləri” etmək... Deputatlıq kampaniyalarında onların vasitəsilə cəmiyyətə, seçicilərə para xərcləmək, müxalifətin tanınmış simaları ilə onları yarışdıraraq, milyonlar sayəsində qələbələr qazandırmaq, Milli Məclisi yeni zadəgan silkinin “toplaşdığı obyekt” etmək. Bildiyiniz, gördüyünüz “avtoşlar”, “qudurmuşlar” ilyarım sonra parlamentdə deputat olaraq iclaslara qatılanda təəccüblənməyin və imkan olsa, google-dən axtarış verərək, bu yazını yenidən oxuyun...



Bu prosesdə nümunə kimi seçdiyimiz Ziya Məmmədovun oğlu Anar Məmmədov isə atasının hasmı, əsas rəqibi Kəmaləddin Heydərovun oğulları kimi olmasa da, ondan bir addım arxada cəmiyyətə transformasiya olunmaq cəhdləri göstərir. Onun Amerikada Azərbaycan üçün xərclədiyi böyük paraların ölkəmizə hansısa faydasının olub-olmamasını iddia edə bilmərik. Təki olsun... Lakin bir şey aydındır - bu fəaliyyət onun özünə yarayıb. Onun tərəfdarlarının və müdafiəçilərinin indi avtoşluq edənlərlə müqayisədə ciddi arqumentləri yaranıb. Artıq Anar Məmmədov gündəmə “A” hərfi ilə başlayan ayrı bir isimlə yox, Amerika kimi spesifik stereotiplə gəlir... İqtidarda da, deyəsən, onun bu istiqamətdə gördüyü işləri bəyəniblər. Anar Məmmədov Amerikadakı fəaliyyəti üçün yaxşı bir komanda qura bilib. Buna görə təbii ki, böyük paralar da xərcləyib. O zaman niyə eyni sxemi Azərbaycana da tətbiq etmək olmasın? Bu, daha da ucuz və gələcəyə hesablanmış bir layihə olardı...

Anar Məmmədov bu məqsədlə informasiya texnoloqları, cəmiyyət mühəndislərinin yer aldığı xüsusi qrup yaradıb. Onun yenidən 37 min izləyicisi olan facebook-a qayıtması da bu hazırlığının simptomlarıdır. Məlum olduğu kimi, Anar Məmmədov yaxın günlərdə özünün media holdinq layihəsinin təqdimatına hazırlaşır. Mümkündür ki, Ziya Məmmədov gələcəyə dair bütün stavkaları oğlu vasitəsilə edir. Amerika senatorları ilə işlədikləri kimi, indi də Azərbaycan cəmiyyəti və mediası ilə işləyəcəklər. Bu, bizdən soruşsanız, əlbəttə ki, yaxşı haldır deyərik. Axı təkcə Avropa və Amerikada deyil, Bakıda da nərə balığının kürüsünü sevənlər çoxdur. Amma hazırda siyasətdə və mediada olan azərbaycanlılar üçün “ikra” bir növ nostaljidir. Lakin mümkündür ki, iqtidardaxili klanların nüfuz və cəmiyyətə yenidən transformasiyası prosesində xərclənəcək böyük paralar siyasət və informasiya aktyorlarının da “damaq dadına” bir xeyli çeşidlər əlavə etsin.

Ümumiyyətlə, hakimiyyətin zadəgan sinfi qurmaq konsepsiyası bəlkə də Anar Məmmədov timsalında özü bir sınaq layihəsidir. Əgər onda alındısa, alınırsa, niyə başqalarında da alınmasın...

Xanımlar və cənablar! Onları gözləməyə nə deyərsiz?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.