Erməni helikopteri rəsmi İrəvanın hərbi-siyasi provokasiyasının güdazına gedib - TƏHLİL

14-11-2014, 01:56   
Erməni helikopteri rəsmi İrəvanın hərbi-siyasi provokasiyasının güdazına gedib - TƏHLİL
Noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 (NATO kodu “Hind”) zərbə helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

“APA-Analitics”in bununla bağlı hazırladığı təhlildə hadisənin mahiyyəti, xronikası, Azərbaycan qanunlarına və beynəlxalq normalarına uyğunluğu araşdırılıb.

Əvvəla onu qeyd edək ki, cəbhədə ermənilərin təxribatlarına günlərlə, hətta illərlə reaksiya verməyən ATƏT, NATO, Avropa Birliyi, ABŞ Dövlət Departamenti hadisədən bir neçə saat sonra “narahatlıq” ifadə edib, bu addımın “cəbhə xəttində gərginliyi artıracağı”, “bu kimi addımların danışıqlar prosesinə mane olacağı” barədə bəyanatları səsləndirilib.

Əslində isə bəyanatlar daha əvvəl verilməli, cəbhə xəttində gərginliyin artırılmasından narahatlıq ötən həftə-erməni silahlı qüvvələri Azərbaycan ərazilərində təlimə başlayanda qeyd olunmalı idi.

Bəyanatları ilə “tərəfləri təmkinli olmağa”, Azərbaycanı isə torpaqlarında baş verənlərə göz yummağa çağıran beynəlxalq təşkilatların hələ 20 il geriyə baş vurmadan, bir neçə gün əvvələ dönüb vəziyyəti bu həddə gətirən faktorları incələmələri daha doğru olardı.

Ötən həftənin sonlarında Ermənistan Ordusu işğal altındakı Azərbaycan ərazilərində Dağlıq Qarabağdakı separatçı dəstələrlə birgə “Birlik-2014” adlı hərbi təlimlərə start verib.

Ermənilərin açıqladığı rəsmi məlumata görə, təlimə 47000 nəfərlik şəxsi heyət, 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub.

Təlimə erməni tərəfindən 6 ədəd helikopterin (2 ədəd Mi-8 və 4 ədəd Mi-24) cəlb olunmasına dair məlumatlar mövcuddur.

Buna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-da bəyan edib ki, “Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi İrəvanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir. Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz İrəvan rəhbərliyinin üzərinə düşür”.

Təlimlər Ağdam rayonunun Uzundərə adlı bölgəsində, azərbaycanlılara məxsus, müharibədə tərk edilmiş yaşayış məntəqəsinin yerində yaradılmış hərbi poliqonda keçirilir. Bu yerlə Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinin arası hava yolu ilə 3000 metrə yaxın məsafədədir. Ağdamın cəbhəyanı kəndlərinin sakinlərinin sözlərinə görə, ermənilərin təlim zamanı açdığı atəşlərin səsi aydın eşidilir.

Hadisədən dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisənin təfərrüatı barədə yaydığı məlumatda qeyd olunur ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gün ərzində provokasiya xarakterli uçuşlar həyata keçiriblər: “Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib”.

Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı “Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Xatırladaq ki, rəsmi Bakı hələ 2010-cu ildə bəyan edib ki, Azərbaycan hökuməti Ermənistanın işğal etdiyi ərazilərin üzərindəki hava məkanında uçuşları qadağan edib. Bu ərazilərdə uçuşlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hava sərhədlərinin pozulmasıdır və bu addımı atan, təyinatından asılı olmayaraq bütün hava vasitələrinə qarşı müvafiq tədbirlər görüləcək. Hətta fiziki məhvetmə tədbiri də bu çərçivədə istisna deyil. Rəsmi Bakı bu qərarını ICAO, IATA, ECAC və digər beynəlxalq təşkilatlara göndərdiyi müraciətlərdə qeyd olunan ərazi üzərində uçuşların təhlükəsizliyinə təminat vermədiyini rəsmən ifadə edib.

2013-cü ilin yanvar ayında Nazirlər Kabineti Azərbaycanın hava məkanını pozan təyyarələrin vurulmasına icazə verən qərar qəbul edib. “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na görə, Azərbaycanın ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilib. Sənədə əsasən Azərbaycanın hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Zəruri hallarda, Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadə qadağandır.

Azərbaycanın hava məkanından istifadə qaydalarının pozulması halları da müəyyən edilib. Sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi, müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi, uçuşları idarəetmə orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi, nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri, xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi və s. hava məkanından istifadə qaydalarının pozulması hesab edilir.

Ermənilərin Azərbaycanın hava sərhədlərini pozmaq və vəziyyəti gərginləşdirmək cəhdləri indiyədək dəfələrlə baş verib. İşğal altındakı Xocalı aeroportuna uçuş planları, ardınca 2013-cü ilin may ayında Ermənistan müdafiə nazirinin içində olduğu helikopterin Azərbaycanın Qazax rayonu istiqamətində dövlət sərhədini pozma cəhdi buna misal ola bilər. Son olayda hava sərhədini pozmağa cəhd edən, Ermənistanın müdafiə nazirinin olduğu helikopterə xəbərdarlıq atəşi açılaraq onun geri dönməsi təmin edilmişdi.

Ortada kifayət qədər fakt var.

Beynəlxalq hüquq və milli qanunvericiliyi nəzərə aldıqda ortaya bu suallar çıxır və bunun cavabını sadə məntiqlə də vermək olar:

Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus helikopter hansı dövlətin ərazisində vurulub?
Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin Azərbaycan Respublikasının ərazisində uçuşu hansı məqsəd daşıyır?
Hərbi helikopter hansı şəraitdə vurulub?

Reallıq budur - vurulan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 (NATO kodu “Hind”) zərbə helikopteridir. Piyada bölmələrinə atəş dəstəyi vermək, rəqibin canlı qüvvələrini, mövqelərini, zirehli və zirehsiz texnikasını məhv etmək üçün nəzərdə tutulur. Silahlanmasında 12.7 mm çaplı pulemyot, idarə olunan tank əleyhinə raketlər, 57 və ya 81 mm çaplı idarə olunmayan raketlər yer alır. Helikopterin vurulduğu yer Azərbaycan Respublikasının Ağdam rayonu.

Helikopter Ermənistan Ordusunun Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində keçirdiyi hərbi təlimlərə cəlb olunub.

Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulub. Heç bir humanitar və ya mülki məqsədli əməliyyatda iştirak etməyib.

Azərbaycanı ermənilərə məxsus hərbi helikopteri vurmaqla “doğru addım atmamaqda” ittiham edənlərə bir neçə faktı xatırlatmaq lazım gəlir.

Ermənilər tərəfindən 1992-1994-cü illərdə Azərbaycana məxsus mülki helikopterlərin vurulmasına dair faktlar mövcuddur.

28 yanvar 1992-ci il tarixində Şuşa şəhəri üzərində, enmə kursunda olan Azala məxsus Mi-8 mülki helikopteri İqla portativ zenit raket kompleksi ilə vurulub. Nəticədə helikopterin ekipajı da daxil olmaqla 30 nəfər sərnişin həlak olub. 3 mart 1992-ci il tarixində ermənilər Gülüstan kəndində uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. 1992-ci il may ayının 12-də isə Naxçıvan - Vaziani marşrutu üzrə uçan və göyərtəsində Azərbaycanı tərk edən rus zabitlərinin ailəsi olan Mi-26 helikopteri Ermənistan üzərində vurulub, helikopterdəki 3 ekipaj üzvü və 6 sərnişin həlak olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.