Ağsu şəhər sakini Siyavuş Əfəndiyevin etdiyi müraciət onun rayon Qaz İstismar Şöbəsinin rəisi Xəyyam Allahverdiyev tərəfindən təzyiqə məruz qalmasına səbəb olub. Bu barədə saytımıza Siyavuş Əfəndiyev özü məlumat verib. S. Əfəndiyev deyib ki, şöbə rəisi onu AzNews.az-a rüşvət verməkdə ittiham edib: “Sizin yazınızdan sonra Ağsu rayon qaz idarəsinin rəisi Xəyyam Allahverdiyev mənə xəbər göndərib ki, sən o jurnalistə pul vermisən. Sənin pulun belə çoxdur ki, jurnalistə verirsən? Amma qaz pulunu ödəyə bilmirsən. Mənə deyir ki, elə bilirsən səndən istədiyim 50 manatı cibimə qoyacaqdım? Mən də həmin pulla yoxlamaya gələnlərə yeyib-içmək verəcəkdim də. Deyir canın çıxsın, indi apar 154 manatını ödə. Allaha and olsun, məni sayğacımın üstündə pu olmayıb, pulunu ödəmişəm sonra quraşdırılıb. Bu gün səhər övladlarım dərsə gedəndə qapının ağzında qarşısını kəsiblər soruşublar ki, sizə kim gəlir - gedir? Uşaq da qorxusudan qaçıb girib içəri”.
S.Əfəndiyev bildirib ki, X. Allahverdiyev onu təhqir də edib: “Həddən artıq söyüşcül adamdır. Məni təhqir edir. Axırıncı dəfə özü ilə srağagün danışmışam. Özüm də şəkər xəstəsiyəm. Onunla danışanda şəkərim qalxır. Başa düşmürəm belə tərbiyəsiz adamı necə rəhbər vəzifəyə qoyublar?” Saytımız haqında səsləndirdiyi iddialara cavab verməsi üçün Xəyyam Allahveriyevlə əlaqə saxladıq. Şöbə rəisi sualımızı eşidən kimi “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayevlə danışmağımızı “məsləhət görüb”. Araz Ağayev isə AzNews.az-a açıqlamasında məsələni araşdıracağını bildirib və əlavə edib ki, heç kim vətəndaşdan artıq pul istəmir: “Gətirib borcunu ödəsin. Ona heç kim heç nə demir. Burda artıq vətəndaşın qərəzli olduğu görünür”
Qeyd edək ki, S. Əfəndiyev redaksiyamıza müraciətində bildirmişdi ki, yaşadığı mənzildə 2011-ci ildə “smart” tipli qaz sayğacı quraşdırılıb və bu ilin fevral ayında ona rayon qaz idarəsindən 154 manat borcunun olması ilə bağlı bildiriş gəlib. Hansı ki, belə bir borcun olması qeyri-mümkündür.