Ötən həftə üç kriminal hadisə ilə geridə qaldı.
Bakı, Gəncə və Lənkəranda baş verən cinayət hadisələri bir-birindən kəskin fərqlənsə də, motivlər qatil olmağa heç bir əsas verməyib.
Əvvəlcə, paytaxtda ölüm faktı qeydə alınıb. Özünü xəstəxanaya Ramin adı ilə təqdim edən şəxsin qarın boşluğunda kəsilmiş-deşilmiş yara müəyyənləşib və o bu diaqnozla cərrahiyyə otağına yerləşdirilib. Əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı qətlə yetirilən şəxsin 36 yaşı olduğu, Gəncə prospekti ev 54, mənzil 75 ünvanında yaşayan Bədəlov Kamil Sürət oğlu olduğu müəyyənləşib. Məlum olub ki, tanışı Əhmədov Ədalət Füzuli oğlu aralarında yaranan mübahisə zəminində onu qətlə yetirib. Hadisə yerindən qaçan qatil Azərbaycanın dövlət sərhədini keçmək üçün Gürcüstana getmək istəyib, lakin polis əməkdaşları tərəfindən yaxalanıb.
APA TV-yə açıqlama verən Ə. Əhmədov hadisənin təfərrüatlarını danışıb: “Bir bıçaq vurdum, sonra getdim. Səhər zəng etdim ki, görüm necədir, telefonunu polis götürdü, dedi ki ölüb”.
***
Növbəti cinayət Xaçmazda olub. Qatil bu dəfə əllərini qana buladığına görə həbsxanadan qurtula bilməyəcək. Çünki əvvəllər nənəsinin evindən qızıl-zinət əşyaları oğurladığına görə həbs olunan, sonradan icbari cəza almış Əlihüseyn Fətullayevi uzunmüddətli həbs həyatı gözləyir. O, Xaçmazda 92 saylı texniki peşə liseyinin qarşısında qonşuluqda yaşayan 18 yaşlı Polad Rafiq oğlu Nəbiyevi bıçaqla qətlə yetirib.
***
Lənkəranda isə güllələnmə hadisəsi baş verib. Şəhərin H.Aslanov xiyabanında 1 saylı binanın 32 saylı mənzilində yaşayan 66 yaşlı Fəxrəddin Heydərovu ailə üzvləri ağır yaralı halda tapıb. O dərhal təcili yardım maşını ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Ev sahiblərinin ilkin istintaqa verdiyi məlumata görə, Fəxrəddin Heydərov özünə yivli ov tüfəngi ilə atəş açıb. Faktı araşdıran Lənkəran rayon Prokurorluğunda istintaq sirri olduğuna görə heç bir açıqlama verilməyib və araşdırma aparıldığı bildirilib. Hadisənin intihara cəhd və ya qətl olduğu, nə səbəbdən baş verdiyi aparılan istintaqın gedişində məlum olacaq. Əməliyyat edilən F.Heydərovun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.