"Çavuşoğlu və Amerika rəsmiləri bizi bunun cavabını verəcəyimizlə bağlı təhdid etdilər. Bu təhdidlərin bizim üçün heç bir hökmü yoxdur. Biz ölkəmizin müstəqilliyi üçün hər şeyə hazırıq".
Bunu Axar.az-a açıqlamasında Türkiyə Gənclik Birliyinin sədr müavini Elif İlhamoğlu bildirib.
12 noyabrda İstanbulda 3 ABŞ əsgərinin başına torba keçirən TGB-çilərdən 12 nəfərin polis tərəfindən saxlanıldığını, bir gün sonra sərbəst buraxıldığını qeyd edən İlhamoğlu imperalizmə qarşı bu cür aksiyaların davam edəcəyini söyləyib:
“Biz heç kimdən qorxmuruq. Cavab verəcək biri varsa Amerika imperializmidir. Yaxın Şərqdə tökdüyü qanların, parçaladığı millətlərin, törətdiyi saysız terrorların və çaxnaşmanın hesabını verəcəklər. Bu hesabı türk gəncliyi soracaq, imperializmə qarşı çıxan bütün xalqlar, bütün millətlər bu hesabı onlardan soracaq. Əsil qorxması lazım olan onlardır və qorxduqlarını da çox yaxşı görə bilirik".
Elif İlhamoğlu 11 noyabrda ABŞ hərbi gəmisinin İstanbulda olduğunu öyrəndiklərini və bunun səhəri günü də etiraz aksiyasını təşkil etdiklərini deyib:
“Türk milləti 2003-cü ildə İraqda əsgərlərimizin başına torba keçirilməsini heç vaxt unutmayıb. Məhz bizim bu akt millətimizin içini soyutdu, ürəyinə su səpdi. Gəncindən qocasına, sağından soluna, fəhləsindən akademikinə, polisinə qədər cəmiyyətin hər bir təbəqəsi aksiyamızı böyük bir sevinc və qürurla qarşıladı. Amerika döyüş gəmiləri yurdumuza hər ayaq basanda türk gəncliyi tərəfindən etiraz edilib. Bu aksiyalar davam edəcək".
TGB-in 12 noyabr aksiyası Türkiyə toplumu tərəfindən müsbət qarşılanmaqla yanaşı, bunu kəskin qınayanlar da olub:
“Ayda 15 min dollar alan ABŞ əsgərinin Əfqanıstanda, İraqda, Livanda insanları vəhşicəsinə öldürmələrini, qadınlara təcavüz etmələrini göz önünə gətirdiyində onları günahsız insan kimi qələmə vermək düzgün yanaşma deyil”, - İlhamoğlu bildirib.
AKP-nin də TGB-yə qarşı addımlar atdığını vurğulayan İlhamoğlu onlara qarşı ciddi bir psixoloji savaş aparıldığını qeyd edib:
"AKP hökuməti aksiyalarımızı və fəaliyyətlərimizi məhdudlaşdırmaq üçün əlindən gələni edir, ancaq kütlənin TGB-ni dəstəklənməsi hər dəfə iqtidarın geri çəkilməsinə səbəb olur".
İlhamoğlu TGB-nin İŞİD-lə bağlı mövqeyini də əməkdaşımızla bölüşüb:
"Kobani üzərindən bu gün ciddi bir psixoloji müharibə aparılır. Bu gün bu ərəb torpaqlarında yerli sakin qalmayıb. Hamısı köç edib. Bu an Kobanidə PKK üçün həlledici savaş edir. Ya qalacaq, ya da yox olacaq. İŞİD ABŞ-ın nəzarətindən çıxıb, ancaq ABŞ həm İŞİD üzərində nəzarəti ələ almaq, həm də bölgədə kürd dövlətini yaratmaq üçün PKK-dan istifadə edir və silahlandırır. Və bu müharibə İŞID ilə PKK arasında deyil, PKK ilə Türkiyə arasındadır. TSQ da bunun fərqindədir və AKP hökuməti bu istiqamətdə sıxışdırılır. AKP hökuməti Qərb və milli qüvvələr arasında qalıb. Azad Suriya Ordusu ilə birləşən PKK ABŞ-dan yardım almasına baxmayaraq, uduzur və beləliklə, Amerika bölgədə itirməkdədir".