Azərbaycan polisindən şok biabırçılıq: “Neftçi”nin bayrağını İŞİD bayrağı bildi

18-11-2014, 01:01   
Azərbaycan polisindən şok biabırçılıq: “Neftçi”nin bayrağını İŞİD bayrağı bildi

"Fan klub” üzvlərinə plakat qaldırmağa imkan verilməyib: 100-ə yaxın azarkeş etiraz olaraq stadionu tərk edib
Noyabrın 16-da "Bakcell Arena”da keçirilən Azərbaycan-Norveç oyunundan öncə xoşagəlməz anlar yaşanıb. Musavat.com xəbər verir ki, "Neftçi” "fan klub”unun üzvlərinin üzərində "Forza Neftçi” sözü yazılan böyük plakatı açmalarına asayiş keşikçiləri mane olublar. Polislər buna səbəb olaraq, plakatın İŞİD bayrağına bənzədiyini iddia ediblər.
Bundan sonra "fan klub” üzvləri ilə polislər arasında ciddi qalmaqal yaşanıb. Nəticədə 100-ə yaxın azarkeş buna etiraz olaraq stadionu tərk edib. "Qarabağsız gənclər fan klubu” və "Qarabağ ultras azarkeş qrupu” da həmkarlarına dəstək nümayiş etdirərək, stadionu tərk ediblər.
"Backell arena”nın qarşısında fan klub üzvləri "AFFA istefa” şüarını səsləndiriblər. Polis onları uzaqlaşdırmağa çalışsa da, mümkün olmayıb. Nəticədə gərgin anlar yaşanıb. Hətta polislər bayrağı stadionun qarşısında belə açmağa imkan verməyiblər.
Oyundan sonra sayta açıqlamalarında fan klub üzvləri bu hərəkəti ayrı-seçkilik kimi qələmə verərək, polislər tərəfindən təhqir olunduqlarını bildiriblər. Onlar baş verənlərə səbəb olaraq, Bakıda keçirilən "Neftçi” -"Partizan” oyununda yaşanan məlum hadisələri göstəriblər. Bundan sonra klub səviyyəsində onlara qarşı təzyiqlər başladığını qeyd ediblər. Onu da bildiriblər ki, bu prosesə birbaşa AFFA rəhbərlik edir.
Qeyd edək ki, "Neftçi”-"Partizan”oyunu zamanı məğlubiyyəti həzm edə bilməyən azarkeşlər tərəfindən Tofiq Bəhramov stadionunun şüşə pəncərələri sındırılıb. Oyundan iki gün sonra "Neftçi” fan klubunun öndə olan üzvləri polis idarələrinə çağırılıb, gəlməyənlər isə zorla aparılıb. Onların 15-ə yaxın üzvü haqqında 20 sutkadan 3 aya qədər inzibati həbs cəzası kəsilib. Sonradan onların bəziləri "Neftçi” rəhbərliyi tərəfindən azad olunsa da, 6 nəfər sona qədər cəzalarını çəkiblər.
Fan klub üzvləri sonda onu da qeyd etdilər ki, baş verənlərlə bağlı klub və AFFA-ya şikayət edəcəklər.
Sonda onu da xatırladaq ki, Avropa çempionatının seçmə oyunları çərçivəsində keçirilən Azərbaycan-Norveç oyunu 0-1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.