Gülər Əhmədova nurçulardan danışdı: "Hətta güllələnsəm belə..."

1-05-2014, 15:15   
Gülər Əhmədova nurçulardan danışdı: "Hətta güllələnsəm belə..."
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. Milli.Az anspress-ə istinadən bildirir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib.

Vəkil Fazil Nemətov keçmiş millət vəkili barəsində tədbiq edilən 178.3.2 və 207.2 maddələri ilə əlaqədar Konsitutisiya məhkəməsinə müraciət edilməsi haqqında vəsatət qaldırıb. Hakimlər bunun zəruri olmadığını bildiriblər və vəsatəti təmin etməyiblər.

Vəkil Əfsər Talıbov isə proseslə əlaqədar əlavə şahidlərin dindirilməsi, Elşad Abdullayevin Prokuroroluğa təqdim etdiyi videonun sübutlar siyahısından çıxarılması və Səlcuq Ağlayanın, Sevinc Babayevanın oğlunun Türkiyədə verdikləri ifadələrin sübut növü kimi qəbul edilməsi haqqında vəsatət qaldırıb.

Hakimlər kollegiyası şahidlərin dindirilməsinin qəbuledilməz, video və Səlçuq Ağalayanla bağlı vəsatətin isə məhkəmənin yekun iclasında müzakirə ediləcəyini açıqlayıblar.

Daha sonra G.Əhmədova ifadə verib. O, nurçular məsələsi ilə bağlı gündəmə gələnlərdən danışıb. "Bu gün bəziləri nurçular məsələsi və elə-belə məsələrlə gündəmə gəlirlər. Mən dövlətimə və prezidentimə sadiqəm. Ölkəmdən heç kimə şikayət etmirəm. Hətta güllələnsəm belə, əqidəmdən dönməyəcəm".

Sabiq deputat Elşad Abdullayev tərəfindən yayılan videoları iki yerə ayırmalı olacağını deyir. "Onların birinci tipi əsldir. Burada heç bir problem yoxdur. İkinci tip videolar isə mənim iştirakımla çəkilib. Bu videolarda keyfiyyət aşağıdır. Videolarda nə pul var, və onun alınıb-verilməsi. Burada montajın bütün elementlərindən istifadə olunub. Mənə 3 il həbs verilməsi ilə bağlı hökm çıxarıblar. Mən Azərbaycan dövlətçiliyinə kifayət qədər xidmət etmişəm. Sevinc Babayeva heç vaxt dostum olmayıb. Yıxılana balta vuranlar çox olur. Mən heç bir reklam istəmirəm".

O, qeyd edib ki, ailəsi indi dramatik vəziyyətdədir.

Məhkəmə istintaqı tamamlandı və proses saat 14:30-da davam etdiriləcək.

Qeyd edək ki, ötən gün Gülər Əhmədovanın vəkillərinin ikisi məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qəti imkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.

----------
14:06

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət veriblər, lakin onların heç biri təmin edilməyib.

Sonra Gülər Əhmədova məhkəmədə ifadə verib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Babayevanın onun başına açdığı oyunları qismən danışıb: “Çünki ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışları da bunu təsdiq elədi. Həmin videolarda xeyli qüsur var. Elşadın dediklərinə gəlincə, əgər onun məndə pulu olsaydı, bu qədər vaxt susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib. Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda bu işləri inkubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir?

Mən üç dəfə seçkidən keçmişəm. Mənim müxtəlif təbəqələrdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Mən bir millət vəkili kimi çox insana kömək etmişəm.

Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam”.

Məhkəmə davam edir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qəti imkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.