Noyabrın son ongünlüyündə hava qeyri-sabit, dəyişkən olacaq
Adam Içində Sabah hava yağmurlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, noyabrın 21-i Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq, arabir tutulacaq, bəzi yerlərdə çiskin olacaq. Gecə saatlarında yağış yağacağı ehtimal olunur.
Mülayim şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-10, gündüz 11-14 dərəcə isti olacaq.
Rayonlarda da gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacaq. Şimal və şərq rayonlarında yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 4-9 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti noyabr ayının sonuncu ongünlüyündə havanın qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib. Xəbərdarlıqda noyabrın 3-cü ongünlüyünün birinci yarısında - noyabrın 21-dən 25-ə qədər ölkədə qeyri-sabit, dəyişkən havanın olacağı bildirilib.
Ayın 21-i axşamdan şimal rayonlarında fasilələrlə qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şimal küləyi əsəcək. Noyabrın 23-dən 25-ə qədər temperaturun 5-8 dərəcə enəcəyi gözlənilir.