Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini, 33 yaşlı Elsevər Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı dekabrım 2-nə təyin edilib.
Qeyd edək ki, bu ilin iyulun 20-də Xətai rayonunun Əhmədli qəsəbəsində Elsevər Şükürov həyat yoldaşı, 32 yaşlı Rəqsanə Şükürovanı bıçaqlayaraq öldürüb. Sonra o, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə gələrək könüllü təslim olub və həyat yoldaşını qətlə yetirdiyini bildirib. O, cinayətdə istifadə etdiyi bıçağı da polisə təhvil verib. E.Şükürov bildirib ki, həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.
İstintaq zamanı məlum olub ki, ərlə-arvad arasında əvvəllər də dəfələrlə mübahisə olub. Amma hadisədən 3 gün əvvəl onlar yaşadıqları Masallı rayonundan paytaxta gələrək yenidən birlikdə yaşamağa başlayıblar. Ailənin bu nikahdan olan iki azyaşlı övladları isə rayonda qohumlarının yanında qalıb. Hadisə günü Elsevər və Rəqsanə yenidən mübahisə edib və məlum olay baş verib.