Qalmaqallı internatın daha bir müəllimi danışdı: “Bəli, uşaqlar tualetdə çimir” - (Video)

22-11-2014, 20:25   
Qalmaqallı internatın daha bir müəllimi danışdı: “Bəli, uşaqlar tualetdə çimir” - (Video)


Qalmaqallı internatın daha bir müəllimi danışdı: “Bəli, uşaqlar tualetdə çimir” - (Video)
Qalmaqallı internatın daha bir müəllimi danışdı: “Bəli, uşaqlar tualetdə çimir” - (Video)Dünən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində azyaşlıların hamamda yox, soyuq tualetdə çimizdirilməsini əks etdirən videogörüntü yayıldı. Vurtualaz.org saytının yaydığı bu görüntülərdən dərhal sonra Təhsil Nazirliyi jurnalistləri internata apardı.


İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva isə mətbuat nümayəndələrinə bildirdi ki, görüntü 1-ci sinif müəlliməsi Mülkücahan Əliyeva tərəfindən məktəbin nüfuzuna zərbə vurmaq məqsədilə qəsdən çəkilib.

Hətta tualetdə yuyunan uşaqlar da açıqlama verdilər. Dedilər ki, uşaqlar isti hamamda, özü də hər həftə çimizdirirlər, müəllimə Mülkücahan Əliyeva direktor kreslosuna göz dikdiyindən məktəbə şər atır...

Amma internat məktəbinin riyaziyyat müəllimi Gilman İsmayıl oğlu Hüseynov vurtualaz.org saytına növbəti sensasion məlumatı verib. O, uşaqların hamamda deyil, tualetdə çimizdirilməsini təsdiqləyib.

Məsələnin təfərrüatlarını virtualaz.org saytına danışan G.Hüseynov deyir ki, birinci mərtəbədə yerləşən hamam son bir ildə ümumiyyətlə işlədilməyib: “Jurnalistlərə göstərilən hamamın qapısı qıfıllı idi. Hamam yalnız həmin gün, jurnalistlər gələndə açıldı. Uşaqlar isə neçə vaxtdır ikinci və üçüncü mərtəbədəki tualetlərdə çimirlər. Bunu direktor Gülnarə Abdullayeva da, onun müavini Mirvari Orucova da yaxşı bilir. Lakin uşaqlar çiməndə tərbiyəçilər onlara nəzarət edirlər. Yalnız yuxarı sinif şagirdləri tərbiyəçilərin gəlməsini istəmirlər. Deyirlər ki, sizdən utanırıq. Videogörüntülərdəki faktlar doğrudur. Tualetlərdə qızdırıcılar qoyulub. Bəzən qızdırıcı işləmir, uşaqlar soyuq su ilə yuyunurlar”.

G.Hüseynov da Mülkücahan Əliyeva kimi Mirvari Orucovadan şikayətçidir: “Mirvari Orucovanın oğlu Ermənistandan sığınacaq alsa da o, bizi təhqir edir. “Gedib öz torpaqlarınızın dərdini çəkin” deyir. Mən ona bildirdim ki, mənim qardaşlarım döyüşüb, hətta biri ağır yaralanıb”.



Mirvari Orucova və Ermənistana qaçan oğlunun ailəsi

G.Hüseynov onu da qeyd edir ki, 2011-2012-ci tədris ilində M.Orucova ilə aralarında mübahisə yaranıb: “Mən 11-ci sinifin rəhbəri idim. Mirvari Orucovanın gəlininin yaxın qohumu da bizim məktəbdə müəllimə işləyirdi, onun qızı isə məktəbin 7-ci sinfində oxuyurdu. Dəfələrlə bu qızım oğlanların otağına girdiyinin şahidi olmuşdum. Sonuncu dəfə otağa girib qapını bağlamışdılar. Mən təkidlə qapını açdırdım. Yəni məsələ bir az əxlaqla bağlı olduğundan oğlanlarla özüm danışdım, qız haqqında isə o vaxt baş tərbiyəçi işləyən Mülkücahan müəlliməyə xəbər verdim. Mülkücahan Əliyeva isə bizimlə birgə işləyən qızın anası ilə danışmağımı məsləhət bildi.

Məsələni qızın anasına danışdım. Məktəbin o zamankı direktoru Mehparə Qurbanova da iclas çağıraraq qızı məktəbdən azad etdi. Mirvari Orucova isə qızın məktəbdən çıxarılması ilə razılaşmırdı, oğlanların da məktəbdən qovulmasını tələb edirdi. Amma oğlanlar məktəbdən qovulmadı. Çünki onların dərsi bitirməsinə 2-3 ay qalmışdı, internatdan çıxarılacaqları təqdirdə heç bir məktəbə qəbul edilməyəcəkdilər.

O vaxtdan Mirvari Orucova mənimlə və baş tərbiyəçi Mülkücahan Əliyeva ilə ədavətə başladı. Mənim gəlinimlə həyat yoldaşım bu internat məktəbində tərbiyəçi köməkçisi işləyirdi. Mirvari Orucova direktor təyin edilən kimi hər ikisini eyni gündə işdən çıxardı. Dedi ki, sənə kin bəsləyirəm.

İnternatda olan hadisələr və bizə ailəliklə edilən haqsızlığa görə təhsil naziri Mikayıl Cabbarova müraciət etdim. Amma Təhsil Nazirliyindən mənə cavab yazıb bildirdilər ki, məhkəməyə müraciət etməlisən. Nazirlik heç şikayətimi araşdırmadı. Mən isə Baş Prokurorluq da daxil olmaqla əksər qurumlara müraciət etmişəm”.

G.Hüseynovun sözlərinə görə, direktor verdiyi vədi yerinə yetirmir: “Direktor verdiyi sözə əməl etmir, şikayətləri dinləmir. Mətbuata açıqlama verməyimi əsas gətirərək mənə dərs saatı verilmədi. Direktor və Mirvari Orucova mətbuata şikayət edənləri, məktəbdəki problemləri qabardanları açıq-aşkar sıxışdırırlar”.

Şikayətçi məsələ ilə bağlı araşdırma aparılmasını, internet məktəbində baş verənlərin yoxlanılmasını tələb edir: “Doğrudur, Mikayıl Cabbarov nazir təyin ediləndən sonra internatda yeməyin keyfiyyəti artıb. Amma həll olunmamış problemlər var”.

Qeyd edək ki, dünən internat məktəbinin həmkarlar təşkilatı iclas keçirib. G.Hüseynov da işdən azad edilib. Bu barədə özünün dediklərindən: “Mən Təhsil Nazirliyinin kursundayam, yəni heç işdə də deyiləm. Amma məni də işdən çıxarıblar. Səbəb isə yalnız məktəbdə baş verənlərdən şikayətçi olmağımızdır. Məktəbin həyətindən yüksək gərginlikli elektrik xətti keçir. Bu xətt qırılsa, fəlakət baş verəcək. Bəs bunun məsuliyyətini kim daşıyacaq? Məktəb rəhbərliyinə deyirəm, amma tədbir görmür. Mən də məcbur olub belə laqeydliyi mətbuata söyləyirəm. Mən bundan sonra öz hüquqlarımın bərpası üçün çalışacağam”.



Teymur Rza

Hüquq müdafiəçisi Teymur Rza isə Təhsil Nazirliyinə qarşı iradlar səsləndirib: “Oktyabrın 29-da uşağın yanması xəbərini mətbuata verəndən sonra hadisə ilə bağlı çəkiliş aparmaq istəyən jurnalistlər internata buraxılmadı. İndi Təhsil Nazirliyi tələm-tələsik mətbuat nümayəndələrini toplayıb internata aparır. Onların jurnalistlərə təqdim etdiyi hamam həyətdə yerləşir. Bu cür araşdırma aparmaq, şikayətçiləri dinləmədən yalnız internatın rəhbərliyinin haqlı olduğunu söyləmək doğru deyil. Biz bu internatla bağlı tədbirlər görülməsinə çalışacağıq”.

Doğrudan da şikayətçilərin heç biri nazirlik tərəfindən dinlənilməyib. Elə isə Təhsil Nazirliyinin internat məktəbinin rəhbərliyinin dedikləri ilə tələsik qərar çıxarması nəyə xidmət edir? Yoxsa nazirliyin hər ay maşınlarla gələn yardımların kəsiləcəyi qorxusu var?

Biz isə məsələnin hüquq müstəvisində həll ediləcəyinə inanırıq. Hadisənin günahkarının kim olmasının fərqi yoxdur, əsas odur ki, tərəflər arasındakı mübahisənin çanağı uşaqların başında çatlamasın...

Sonda isə Təhsil Nazirliyini dünən gecə qəfildən hərəkətə gətirib tələm-tələsik internata aparan videogörüntüləri bir daha təqdim eidirk.[media=http://www.youtube.com/watch?v=YqZwMmPA1XM]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.