Klivlenddə 57 yaşlı afroamerikalı Riki Cekson adlı keçmiş məhbusun başına ilginc hadisə gəlib. 39 ilini türmədə keçirəndən sonra onun günahsız olduğu üzə çıxıb. Rikini adam öldürməkdə ittiham edirdilər, bu, rekord göstərici sayılır.
Cekson daha iki nəfərlə birgə 1975-ci ildə Klivlenddə bir valyutadəyişmə məntəqəsi sahibi olan Harold Frenks adlı kişini vəhşicəsinə öldürmək iddiası ilə həbsə düşmüşdü. Yeganə sübut kimi isə 12 yaşlı yeniyetmə Eddi Vernonun guya Rikini hadisə yerində görməsi ilə bağlı ifadəsi yer almışdı. İşə yenidən baxılmasının səbəbi isə hazırda 53 yaşında olan Vernonun 37 il əvvəl verdiyi ifadədən imtina etməsi olub. Oqayo ştatında qüvvədə olan “Günahsızlıq” layihəsinə görə, Vernon bu etirafını həm də keşiş qarşısında edib. O, deyib ki, hadisə baş verən zaman o, məktəb avtobusunun içində olub. Ona görə də baş verənləri dəqiqliklə görə bilməyib. Bundan başqa, keçmiş məktəbli hökumətin işinə yaramaq üçün yalan danışdığını da boynuna alıb. Nəticədə R.Cekson azadlığa buraxılıb. Onunla birgə cinayəti həyata keçirdiyi iddia edilən digər 2 şəxsin də işi məhkəmədədir, onların da azadlığa buraxılacağı gözlənilir.