"Hərbi xidmətə gedənlərin sayı 4-5 dəfə artmalıdır. Fərarilik birdəfəlik ləğv olunmalıdır. Fərari oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq".
Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan xalqının mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda keçirilən konfransda deyib.
Azərbaycan xalqının böyük qəhrəmanlar, yüksək rütbəli hərbi kadrlar yetişdirdiyini deyən Əli Həsənovun fikrincə, bu, xalqın genində var. Ona görə də gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirilməlidir: "Ölkənin 20 faizi işğal altında ikən ölkənin gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə almalı, xüsusən hərbi təhsil almalı, ölkəni işğaldan azad etməyə daim hazır olmalıdır. Bizim güclü ordumuz var və torpaqlarımızı azad etmək iqtidarındadır. Buna baxmayaraq, hər bir gənc də öz növbəsində buna hazır olmalıdır".
Əli Həsənov hesab edir ki, hərbi güc, hərbi qüdrət önə çəkilməlidir. Baş nazirin müavini Heydər Əliyev tərəfindən 20-ci əsrin 70-ci illərində bu məsələyə xüsüsi önəm verildiyini xatırladıb: "Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı, hərbi kadrların yetişdirilməsi, Azərbaycanın hərbi potensialın yaradılması üçün böyük işlər gördü. Əgər ulu öndər Heydər Əliyev gənclərimizin hərbi təhsil məsələlərinə xüsusi diqqət yetirməsəydi, indiki Azərbaycan olmazdı".
Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan Ordusunua kifayət qədər diqqət və qayğı göstərir: "Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən an işğal olunmuş torpaqları azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər".
O həmçinin bildirib ki, Dağlıq Qarabağ probleminin həllində nə ATƏT-in Minsk qrupundan, nə də digər dövlətlərdən heç nə gözləmir: "Onlar boş-boş vədlər verirlər. Ermənilərə havadarlıq edirlər. Məndə belə bir fikir formalaşıb ki, bu problem həll olunmayacaq. Nə etsə, cənab İlham Əliyev edəcək".
Lakin, Əli Həsənovun fikrincə, Azərbaycan bundan arxayınlaşmamalı, gənclər arasında fərariliyi yox etməlidir: "Gəncləri hərbiyə, orduya yönəltməliyik. Sovet dövründə olduğu kimi orduya, hərbiyə hörmət edilməlidir. Bu var, lakin lazımi səviyyədə deyil. Torpağı işğal altında olan millətin, xalqın gəncləri arasında fərarilik olmamalıdır!"
Baş nazirin müavini qeyd edib ki, işğal altında olan rayonların gəncləri arasında hərbi məktəblərə getmək istəyənlərin az olması bir problemdir. Bu, araşdırılmalı və bu istiqamətdə iş görülməlidir: "Düşmən o zaman sülhə getməyə razı olacaq ki, qarşısında həm iqtisadi, həm hərbi cəhətdən güclü dövlət görsün".
Konfransda təhsil naziri Mikayıl Cabbarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, işğal altında olan rayonlardan seçilmiş millət vəkilləri, həmin rayonların icra başçıları, hərbi təhsil alan məcburi köçkün gənclər və digərləri iştirak edirlər.