Natiq və Murad Ədilovların ata evinə polis basqınında azyaşlı uşaq əli silahlıları erməni zənn edib...
Tahirə Ədilova: «Muradın ortancıl qızı deyirdi ki, onlar bizi öldürməyə gəlmişdilər?»
“Azadlıq” qəzetinin yazarı, həmçinin peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun, eləcə də siyasi məhbus Murad Ədilovun ata yurduna baş çəkmək üçün Sabirabad rayonunun Xəlfəli kəndinə yollandıq.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvü olan Murad Ədilov avqustun 11-də narkotiklə şərlənərək həbs olunub. Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılır. Murada Sabirabad Rayon Polis Şöbəsində deyilib ki, həbsi qardaşının hökuməti tənqid edən fəaliyyətilə əlaqədardır.
Natiq və Murad Ədilovlar kimi cəsarətli, ziyalı və mübariz insanların yetişdiyi bu evdə bizi onları böyüdən ana - kənd məktəbində müəllim işləyən Tahirə xanım, eləcə də artıq dördüncü aydır ki, atalarının yolunu gözləyən körpələr qarşıladı.
Evdəkilərlə Muradın həbsi, Natiqin siyasi fəaliyyətə başlaması, ailənin hazırkı durumu da daxil olmaqla, müxtəlif məsələlər ətrafında söhbətləşdik.
“Polislərdən biri üstümə bıçaq çəkdi...”
Xəlfəli kəndinin başqa bir sakini Cavid Əzizov Murad həbs olunan gün onun yanında olub. Cavid Əzizov həmin gün baş verənləri danışdı: “Həmin gün günorta saat 4 radələrində Muradla telefonda danışdıq, Sabir körpüsünün üstündə görüşüb, yonca əkdiyimiz əraziyə gedəcəkdik. Maşınla gedib onu götürdüm. Bir az gedəndən sonra ”Mercedes" markalı bir maşın məni saxlatdırıb yolu soruşdu. Məni bir az ləngitdi, birdən başqa bir maşın qabağımızı kəsdi. Təxminən səkkizə yaxın mülki geyimli şəxs maşının üstündə tökülüşdü, Muradı tutub bir göz qırpımında başqa maşına mindirdilər. Sonra mənim maşınımı axtarmağa başladılar. Dedilər ki, telefon axtarırıq. Onlara dedim ki, maşınımdan düşün, düşmədilər. Mən də maşını asfaltdan aşağı sürdüm, həmin adamlardan biri üstümə bıçaq çıxartdı. Sonra o birilər də yanımıza gəldi, gördüm ki, sahə polisləri də onların yanındadır. O vaxta qədər başa düşməmişdim ki, bu adamlar polisdi. Dedim ki, maşınımı aparmayın, məni aparın. Məni şöbəyə apardılar, sonra maşınımı da götürüb şöbəyə gətirdilər. Məni danışdırdılar, hadisəni danışdım, sonra məni buraxdılar".
“Evimizə onlarla əli silahlı daxil oldu”
Orada bu hadisələr yaşanarkən Xəlfəli kəndində 100-ə yaxın mülki geyimli Muradgilin evinə basqın edibmiş. Onlar evdə axtarış aparıblar.
Muradın anası ilə yanaşı, bacısı və həyat yoldaşı da həmin gün baş verənləri danışdı. Deyirlər ki, o günü unutmaq mümkün deyil. Bir hamilə qadının, üç körpə uşağın olduğu evə onlarla əli silahlı insanın basqınını unutmaq olar?
Tahirə xanım o günü belə xatırlayır: “Avqustun 11-də, günorta saatlarında həyətimizə onlarla əli silahlı mülki geyimli şəxs daxil oldu. Icazə almadan, heç bir sənəd göstərmədən evimizə girdilər. Təxminən 20-yə yaxın maşınla gəlmişdilər, maşınların heç birinin nömrəsi yox idi.
Təxminən 10 nəfər eyvanımızda dayandı, 7-8 nəfər də Muradgilin otağına girdi. Gəlinim dedi ki, niyə mənim otağıma girirsiz? Əvvəlcə icazə vermədi, sonra halı pisləşdi, otaqdan çıxdı. Mən ona su gətirməyə getdim. Sonra bizi otağa çağırdılar. Döşəyi qaldırdılar, oradan guya, bir bağlama çıxartdılar. Bağlamanı açdılar, dedik ki, bu, bizə aid deyil. Götürüb bağlamanın içindəkinə baxdım, soruşdum ki, bu nədir, nanə qurusuna oxşayır? Polislər dedilər ki, sən narkotiki tanıyırsan? Dedim ki, yox, mən hardan tanıyım. Narkotiki götürəndən sonra bütün evi axtardılar, dağıtdılar. Sonra tərəzi axtarmağa başladılar ki, narkotiki çəksinlər. Elektron tərəzi gətirdilər, onu çəkdilər. Sonra bizə izahat yazdırmağa başladılar. Əvvəlcə, etiraz etdim ki, yazmayacam. Dedilər ki, yazmasanız, gəlini polisə aparacağıq. Açığı, mən də qorxdum, ona görə də yazmağa başladıq. Sonradan öyrəndik ki, Muradı 3 gün izləyiblər".
Qeyd edək ki, bu hadisədən əvvəl də Murad Ədilovu həbs edib, sonradan azadlığa buraxmışdılar. O zaman ona xəbərdarlıq etmişdilər ki, sən də, qardaşın da siyasi fəaliyyətinizi, tənqidlərinizi dayandırmalısız. Amma qardaşların heç biri bu göstərişə əməl etmədi.
“Narkotiki polislər özləri qoyub, özləri də götürmüşdülər”
Tahirə xanımla Muradın sözügedən qısamüddətli həbsi barədə də danışdıq: “Onda Muradla dayısı oğlunu saxlamışdılar. Natiq cəld tərpəndi, ona görə Muradı şərləyə bilmədilər. Dayısı oğlu Səbuhini həbs etdilər, 6 ay sonra azadlığa çıxdı”.
Tahirə xanım bugünlərdə oğlunun işi üzrə istintaqda dindirilib: “Bizi bir dəfə çağırdılar, əvvəlki ifadəmizi dəyişdik. Dedim ki, o ifadələri yazdıranda başımızın üstündə silahlı polislər durmuşdu. Üstümüzdə də ata yox, qardaş yox, qorxub yazmışıq o izahatı. Evimizin dörd bir tərəfini mühasirəyə almışdılar. Yolda Muradın cibinə də narkotik atıblar. Evdəki bağlama da guya, döşəyin altından çıxıb, amma təptəzə idi, heç əzilməmişdi də. Yəni, özləri qoyub, özləri də götürmüşdülər - bağlamaya baxan kimi bilinirdi”.
Başlarına gətirilən müsibətlərə baxmayaraq, Tahirə xanım onların doğru yolda olduğunu düşünür: “Oğlanlarım düz yoldadır, amma gərək, onlara dəstək olsunlar. Xalq hakimiyyəti pisləyir, amma qabağa düşmür. Təkcə Natiqlə, Muradla nə olacaq ki...”
“Uşaq elə bilirdi ki, polislər ermənidilər...”
Tahirə xanım oğlanlarının fəaliyyəti və bu üzdən ailənin başına gələnlərlə bağlı qohum-əqrəbanın da fikirlərinə də toxundu: “Hamı bilir və bir ağızdan deyir ki, Muradı şərləyiblər. Vəkil də müstəntiqə dedi ki, Muradı qardaşının fəaliyyətinə görə şərləyiblər. Inanın ki, polislərin evimizə basqını çox dəhşətli idi. Muradın ortancıl qızı o qədər qorxmuşdu ki, o gündən bəri çox az danışır. Həmin gün xəstəxanaya getdik. Uşağın qızdırması qalxmışdı. Indi də yadından çıxara bilmir o günü. Deyir ki, onlar bizi öldürməyə gəlmişdilər? Uşaq elə bilirdi ki, polislər ermənidilər. Mənim və hamilə qızımın halımız pisləşmişdi. Həmin gün bizim şəkillərimizi çəkdilər. Müstəntiq deyir ki, şəkillərdən heç də stres keçirənə oxşamırsız. Fotodan belə bir şeyi necə görmək olar? Xəstəxanadan kağızımız da var. Məhkəmə zamanı hamısı təqdim olunacaq”.
“Muradın əlləri işləməkdən qabar-qabardı...”
Anası Natiqin siyasi fəaliyyətə başlamasından da danışdı: “Natiq universiteti bitirəndən sonra kəndə qayıtdı. Hərbi xidmətə getdi, gələndən sonra məktəbdə işləyirdi. Atası rəhmətə gedəndən sonra onun yerinə Natiqi direktor müavini qoydular. 2003-cü ilin prezident seçkilərində məktəbdə iş yoldaşlarının saxtakarlıq etməyinin şahidi oldu. Bildiyiniz kimi, bülletenləri götürüb qaçmışdı, sonra buna görə həbs olunmuşdu. Azadlığa çıxandan sonra məktəbin kollektivindən soyudu, işdən çıxdı, Bakıya getdi.
Natiqin uşaqlıqdan təhsilə, kitaba marağı böyük olub. Rəhmətlik atası uşaqların təhsilinə çox fikir verirdi. Natiqlə xüsusi məşğul olurdu. Yadıma gəlir ki, Natiq çox intizamlı uşaq idi. Hətta uşaq vaxtı ssenarilər yazırdı, tamaşalar hazırlayırdı.
Muradın həbsindən əvvəl bizə elə də ciddi təzyiq olmayıb. Amma Natiqi çox incidirdilər. Bilirsiniz ki, tez-tez polis idarələrinə çağırırdılar. Aksiyalarda tutulurdu, döyülürdü. Biz çox pis olurduq, amma ona və ailəsinə çox adi gəlirdi, çünki onlar öyəşmişdilər. Natiq həmişə deyirdi ki, yüzlərlə insanı həbs edirlər. Yəni, bunlar çox adamın başına gəlir. Inşallah, haqq yerini tapacaq. Oğlumu şərləyənlər öz cəzalarını çəkəcəklər".
Tahirə xanım bizimlə söhbətində vurğuladı ki, oğlu günahsızdır, ona görə də kiminsə qarşısında əyilmək niyyətində deyil: “Mənim uşağımın günahı yoxdur, ona görə də heç vaxt heç kimin qarşısında baş əymərəm. Oğlum nahaqdan tutulub, hələ biz əfv də istəməliyik? Murad nə edib ki? Işləməkdən əlləri qabar olmuşdu. Vaxt gələcək, o insanların özləri xalqın qarşısında baş əyəcəklər”.