SSRİ tarixinin 20-ci yüzillikdə görkəmli və üzdə olan nümayəndələrindən biri Anastas Mikoyan hər ilin yay fəslində Ermənistana gedərmiş. Və raykom katiblərinə xəbər verərmiş ki, “iclas keçirəcəyəm və ön sıralarda yaraşıqlı oğlanlar əyləşsin”. Beləliklə, Mikoyan iclaslar keçirər və tədbir başa çatandan sonra yaraşıqlı oğlanlarla söhbət edərmiş.
Onların ən “suyuşirin”lərini özü ilə Moskvaya - bağ evinə apararmış. Mikoyan tapşırarmış ki, bu oğlanlara yaxşı qulluq edilsin. Hətta, onlara rus dilini tədris edən müəllimlər, nitq qabiliyyətini, etik normaları, davranış qaydalarını öyrədən mütəxəssislər də ayırtdırarmış.
Oğlanlar tam hazır olandan sonra Mikoyan özünün gizli əməliyyatına başlayarmış.
Bəs, o nə edərmiş? Tutaq ki, SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti sədrinin ad günüdür. Mikoyan ona zəng edərək təbriklərini çatdırarmış. Və sözarası deyərmiş ki, dayımın nəvəsini də ad gününüzə gətirmək istəyirəm. Təbii ki, Akademiyanın Rəyasət Heyətinin sədri etiraz etməyərək, bu təkliflə razılaşarmış. Anastas həmin gənc erməni oğlanı öyrədərmiş: “Sən bu gün akademikin nəvəsi ilə tanış olmalısan. O, gözəl qızdır, xoşuna gələcək. Bütün məclis boyu o qızı tək qoyma və etimadını qazan”.
Erməni oğlan məclisdə akademikin nəvəsi ilə tanış olarmış, qızın sevgisini qazanarmış və günlərin birində Mikoyan o gözəl nəvəyə elçi düşərmiş. Bu plan “Ermənilərin möhkəmlənməsi” planı adlanarmış. Anastas Mikoyan bunu digər qurumların rəhbərləri ilə də edərmiş. Nəticədə, mühüm nazirlik və idarələrdə həm onun gizli adamları qərarlaşarmış, həm də həmvətənləri qol-budaq atarmış.
Qarabağ münqişəsi başlananda Azərbaycan tərəfi kiçik Ermənistanla üz-üzə qalmamışdı. Söhbət neçə illər bu prosesə hazırlaşan və təşkilatlanan, budaqları SSRİ rəhbərliyinə qədər gedib çıxan düşməndən gedir. O düşməndən ki, Raisa Maksomovnaya brilyantlar verib əri Mixail Qorbaçovu Qarabağ siyasətində ermənilər tərəfə əydirə bildi. O düşməndən ki, Andrey Saxarov kimi akademiki arvadından boşatdırıb Yelena Bonner Əlixanyan kimi qadını ona calaq etdirdi. O düşməndən ki, Aleksandr Soljenitsın kimi Nobel mükafatı laueratını gülünc torpaq iddialarına inandırıb sərsəm bəyanatlar verməsinə sövq etdirdi. Mikoyanın uzaqgörən siyasəti hər cəhətcə səmərə verdi.
Qarabağ münaqişəsi başlananadan sonra Azərbaycanı informasiya blokadasına aldılar. Münaqişə bölgəsinə gələn rus, ingilis və erməni lobbisinin təsiri altında olan digər jurnalistlər burada baş verən əsil həqiqəti öz ölkələrinə çatdırmaq əvəzinə, əksinə, hər cümlələrində vurğuladılar ki, “Qarabağ tarixən erməni torpağıdır”. Və o illərdən bəzi nəticələr götürmək lazım idi. Amma o dərsi götürmədik.
İndi Rusiya ilə münasibətlərimiz haradasa toqquşsa, yenə də Qarabağ erməni torpağı kimi göstəriləcək, burada yaşayan etnik azlıqların guya hüquqlarının pozulmasına dair bədnam fikirlər səsləndiriləcək. Ukraynaya qarşı hazırda Rusiya telekanallarında efirə gedən süjetlər mənə Azərbaycanın 1988-1989-cu illərini xatırladır.
Düşmənlə öz dilində danışmaq lazımdır. Hazırda Rusiya telekanllarının əksəriyyətində xeyli sayda ermənilər çalışır. Hər sənədli filmin, hər serialın titrlərində çoxsaylı erməni ad-soyadlarını görmək mümkündür. İndi Qarik Martirosyan kimi KVN-çi ətrafına Rusiyanın gülüş ustalarını yığıb Comedy Clab kimi verilişlə milyonların rəğbətini qazanıb. Hər xəbər verilişlərində jurnalistlər erməni politoloqlarına tez-tez müraciət edirlər. Kremlin özündə belə xeyli erməni çalışır. Hələ nazirlikləri və idarələrdə çalışan minlərlə ermənini demirəm. Bəs, Rusiya telekanallarının hansında azərbaycanlılar çalışır? Bir neçə həmyerlimizdən savayı heç kim. Gözə görünən təkcə İradə Zeynalova və “Bakılı oğlanlar” KVN komandasından tanıdığımız Timur Vaynşteyndir. Mənim fikrimcə, Anastas Mikoyanın uzaqgörən siyasətini biz də tətbiq etməliyik. Demirəm ki, gözəl oğlanları rus nazirinin qızına calaq etməklə. Məsələn, buna dair təşkilat yaradıla bilər. Rus dilində səlis danışan gənclərimizi hazırlaşdırıb, müəyyən üsullarla həmin ölkənin telekanallarına yerləşdirmək mümkündür. “Müəyyən üsullarla” dedikdə, yəqin anladınız. Burda söhbət tanışlıqla, qonaqlıqla və sair nəzərdə tutulur. Söhbət təkcə telekanallardan getməməlidir. İstedadlı gənclərimizi o böyük dövlətin Elmlər Akademiyasında, kinostudiyalarında, strateji obyektlərində yerləşdirmək mümkündür. Bunları etsək, biz də qol-budaq atarıq. Məncə, dövləti maraqlar üçün bu istiqamətdə bir təşkilatın yaradılması çətin olmaz. Yaratmağa məcburuq. Çünki, nə o böyük ölkə qonşuluqdan köçəsidir, nə də biz.