Yeni Qiyamət günü bəlli oldu və...

26-11-2014, 11:25   
Yeni Qiyamət günü bəlli oldu və...
NASA məlumat yayıb, sonra təkzib edib, Şamaxı rəsədxanasından cavab gəlib...
Amerika Milli Kosmik Agentliyi (NASA) bu ilin dekabr ayında dünyanın yarısının 3 gün müddətə qaranlığa qərq olacağını açıqlayıb. NASA rəsmiləri 21, 22, 23 dekabr tarixlərində Günəş fırtınası olacağını bildirib. Qeyd edilib ki, bu səbəbdən dünyanın bir hissəsi Günəşi görə bilməyəcək.

Xəbəri mətbuatla paylaşan NASA rəsmisi Çarlz Bolden bu fövqəladə vəziyyət qarşısında insanları soyuqqanlı olmağa dəvət edib. Bunun son 50 ilin ən böyük Günəş fırtınası olacağını deyən Bolden o səbəbdən qaranlığın 3 gün davam edəcəyini söyləyib.

Amma “Yeni Müsavat” qəzeti xatırladır ki, sözügedən xəbər dünya mediasında 28 oktyabrda yayılıb. “İndependent” qəzeti artıq bununla bağlı təkzib yayımlayıb. Linkə diqqət:

(http://www.independent.co.uk/news/science/nasa-confirms-six-days-of-darkness-in-december-no-they-really-dont—its-a-hoax-9822744.html)

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev isə açıqlamasında belə bir şeyin elmə məlum olmadığını deyib. O bildirib ki, elmi dairələrdə belə söhbət yoxdur, bu barədə yayılan xəbərlər boş söhbətdir: “Günəş tutulması ola bilər. Amma bunun nəticəsində yerin qaranlığa qərq olacağı ilə bağlı məlumat yoxdur. NASA-da gördüklərimiz və mütəmadi izlədiyimiz xəbərlərdə belə məlumata rast gəlməmişəm. Bunlar hamısı yanlış xəbərlərdir və insanları təlaşlandırmaq məqsədilə edilir”.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov da açıqlamasında NASA-nın saytında belə bir informasiyanın olmadığını söyləyib. Onun sözlərinə görə, bu barədə başqa saytlar da yazırlar, amma NASA-nın rəsmi saytında məlumat yoxdur. Şöbə müdiri qeyd edib ki, Günəş aktivliyinin proqnozunu əvvəldən vermək mümkün deyil: “Bu proqnozu ancaq 3-4 gün əvvəl vermək olar. Uzunmüddətli proqnozlar vermək, indidən dekabrda Günəşlə bağlı hansısa proqnoz irəli sürmək mümkün deyil. Mən də bu məlumatı oxudum. Bu informasiyaya skeptik yanaşıram. Hər gün NASA-nın saytına da baxıram. Amma belə proqnozlar vermək üçün əsas görmürəm. Çünki Günəşdə mürəkkəb fiziki proseslər gedir və əvvəlcədən dekabrda nə olacağına dair məlumat vermək mümkün deyil”.

Mütəxəssis əlavə edib ki, Günəşdə partlayışlar mütəmadi olur, amma onun yerə tuşlanıb-tuşlanmayacağını heç kim deyə bilməz. Onun fikrincə, yerə yönəlmə ehtimalını hesablamaq çətin məsələdir: “Bu məlumatla tanış olmuşam. Çox güman ki, NASA-nın adından kimsə yazıb. NASA-nın belə bir məlumatı rəsmi şəkildə bəyan etdiyinə inanmıram”.

Bütün hallarda dünya mediasını ağuşuna alan bu xəbərin yaratdığı əks-səda inkar edilməzdir. Xatırladaq ki, bənzər səs-küy 2012-ci ildə də yaranmışdı. Həmin il dekabrın 21-də Qiyamət gününün olacağı, dünyanın sona çatacağı ilə bağlı şayiələr bütün dünyanı bürümüşdü. Hətta dünyanın son gününü yaşamaq üçün fərqli məkanlara da üz tutanlar olub. Bunlardan biri Türkiyənin Şirincə və Fransanın Bugarach kəndləri idi. Çünki bu iki məkanın “dünyanın son günü”ndə dağıntılardan xali olacağı bildirilirdi.

Budəfəki qiyamət söhbətinin hansı həddə qədər davam edəcəyi, 2012-ci ildə olduğu kimi ciddi səs-küy yaradıb-yaratmayacağını isə gələcək göstərəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.