Həsən Əliyev isə məhkəmədə Ramazan Səlimovu ittiham etdi
Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi noyabrın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Virtualaz.org saytının Gəncəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, prosesdə sabiq hakim H.Əliyev sərbəst ifadə verib..
Həsən Əliyev ifadəsində Elman Məmmədovu Binəqədi Rayon Məhkəməsinin sədri işləyən dövrlərdən tanıdığını, onun Binəqədidə yaşayan köçkünlərlə bağlı yanına xahişə gəldiyini dedi: “Elmanı düz adam kimi tanımışam. Həmişə sözünün ağası olub. 2011-ci ilin payızı idi. Elmanla məhkəmənin qarşısında görüşdük, yanında bir nəfər var idi. Dedi dostumdur, adı Ramazandır, soyadı Səlimov, əvvəl vəzifədə işləyib, indi işə düzəlmək istəyir...
Hansı vəzifəyə düzəlmək istədiyini soruşdum. Dedi ki, qaz, işıq, su idarəsinə. Dedim CV-ni hazırlasın, baxarıq. Həmin gün hətta bir yerdə oturub çörək də yedik. Ramazan Səlimov söhbət əsnasında dedi ki, Rusiyada zavodum olub, satmışam, 7-8 milyon civarında pulum var və s. Ramazan indi burada elə danışır ki, elə bil biz məcbur eləmişik ki, gəl səni vəzifəyə qoyaq.
Elman da bir neçə gün sonra Ramazanın CV-ni gətirdi. Biz pul söhbəti danışmamışıq. Ona dedim ki, bu haqda sonra özünüz danışarsınız. Ramazanı Siyəzənin icra başçısı Arif Qasımovun yanına aparmışam, demişəm ki, qaz, su, işıq idarəsinə işə düzəlməyinə köməklik etsin. O, həmin vaxt Arif müəllimə hədiyyə verməyib. Bu söhbət alınmadı və biz çıxıb gəldik.
Sonradan eşitdim ki, Ramazan yenidən Arif müəllimin yanına gedib və o da Ramazanı qovub. Məndə mərhəmət hissi güclüdür. Ramazanın məhkumluğu olmasını da bilməmişəm, bunu məndən gizlətmişdi.
Bacımın oğluna görə “Şərurlu Isfəndiyar”dan - Isfəndiyar Axundovdan borc almışdım. Sonradan bacımın oğlu qəflətən rəhmətə getdi və bu borc mənim üstümdə qaldı. Banka hər ay 4 min manat faiz ödəyirdim. Elə olurdu ödəyə bilmirdim, dost-tanışa ağız açmalı olurdum. Ramazan mənim yanımda olarkən Isfəndiyar Axundovun kassiri Rəşad zəng vurub dedi ki, faizi ödəməyin vaxtıdır. Ramazan maraqlandı ki, nə faiz məsələsidir. Ona hər şeyi danışdım. Dedi ki, gəl mən sənə pul verim, borcunu ödə.
Sevindim ki, nə gözəl insana rast gəlmişəm. Ona hörmətim birə-beş artdı. Faizdən qurtarmaq mənim üçün böyük iş idi. Ramazan dedi ki, amma sən mənə qəbz ver. Isfəndiyar Axundova borcum 200 min manat idi. Amma dost-tanışa da borcum yaranmışdı deyə 300 min manatlıq qəbz yazıb verdim. Dedi pulu düzəldib bir-iki günə verəcəm. Nə biləydim ki, başıma bu oyunu gətirəcək?!"
Həsən Əliyev ifadəsində göstərib ki, ona “sənin aqibətin Gülər Əhmədovadan betər olacaq” hədə-qorxusu ilə psixoloji təsirlər olub. Bu səbəbdən də Elmanın vasitəsilə Ramazana ayrı-ayrı vaxtlarda 250 min manat pul göndərib. Həmin pullar bölmə rəisinin kabinetində Ramazana verilib".
Sabiq hakimin ifadəsində Ramazan Səlimovun istintaqa özü barədə yalan məlumatlar verməsi ilə bağlı fikirlərini səsləndirməsinə vəkil Iradə Cavadovadan etiraz gəlib: “Bizi avam yerinə qoymayın. Həsən Əliyev işin mahiyyəti üzrə danışmır”.
Həsən Əliyevin ifadəsindən sonra məhkəmə prosesi dekabrın 5-nə təxirə salınıb.
Bu arada Həsən Əliyevlə bağlı maraqlı sənəd yayılıb. Həmin sənəd Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin Nəsimi rayon icra şöbəsinin rəisinin Həsən Əliyev barədə sorğusuna cavabdır. Sənəddən bəlli olur ki, Həsən Əliyev iki dəfə nikahda olub. Keçmiş hakim birinci dəfə 1990-cı ilə noyabrın 21-də ailə qurub. Ikinci nikah isə 2007-ci il yanvarın 3-də Nizami rayon qeydiyyat şöbəsində qeydə alınıb. Burada maraqlı məqam ondan ibarətdir ki, Həsən Əliyev ikinci dəfə nikaha girərkən birinci nikah hələ qüvvəsində qalıb. Belə ki, birinci nikah 2008 ci il yanvarın 29-da pozulub. Azərbaycan qanunvericiliyinə görə isə vətəndaş bir nikaha pozulmadan ikinci nikaha girə bilməz. Görünür, müvafiq qurumlar Həsən Əliyevin hakimlik statusuna görə bu qanunsuzluğa göz yumublar.