Komitə sədri «Cənub» mehmanxanasının torpağını necə özəlləşdirib?
“Cənub” mehmanxanasının torpağı payçılarının iradəsinin əleyhinə hərraca çıxarılıb. Bu barədə cəmiyyətin səhmdarı Şahin Əlizadə “Bizim Yol” qəzetinə bildirib.
Bu ilin sentyabrında müəssisənin keçirilən ümumi yığıncağında cəmiyyətin istifadəsində olan torpağın özəlləşdirilməsi müzakirəyə çıxarılıb. Hotelin səhm nəzarət paketi sahibi nümayəndəsinin “səhmdar cəmiyyətin büdcəsində yetərli qədər vəsait yoxdur ki, biz onu müəssisənin adına özəlləşdirək” bəhanəsinə minoritar səhmdarlar “torpağı özəlləşdirmək lazımdırsa, gəlin özəlləşdirək”, deyə maliyyələşməni öz üzərlərinə götürməyi təklif ediblər. Sözügedən ərazidə torpaq sahəsi olmadığından və yerin dəyəri nəzərə alınsa, səhmdarlar müəssisənin torpağını yarım milyon manat dəyərində qiymətləndirirlər.
Səhmdar bildirir ki, müəssisənin torpağı hərraca çıxarılsa da, bu barədə elanı görən olmayıb: “Mülkiyyət” qəzetinin noyabr ayındakı bütün saylarını ələk-vələk elədim. Qəzetin 8 noyabr 2014-cü il tarixli 44-cü (894) sayında, 6-cı səhifədə Bakı şəhərində hərrac vasitəsilə satılması nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi barədə elan var. Qiymətli kağız sahiblərinin reyestrindən çıxarışın nömrəsi AZ 1001008031-dir. Ünvan sütununda Bakı şəhəri və 31 rəqəmi göstərilib, küçənin adı, obyektin sahəsi və qiyməti isə qaralanıb, göründüyü kimi, üzərində şrtixlər qoyulub. Torpaq sahəsinin satışının dekabrın 3-ü saat 11-ə təşkil olunacağı bildirilib.
Səhmdarlar bu elanın məhz “Cənub”a aid olduğunu və onun məxfi qrif altında verildiyini deyirlər. Qəzetin 15 noyabr tarixli 45-ci sayının yenə 6-cı səhifəsində bildiriş verilib. Söhbətigedən qeyri-yaşayış sahəsinin hərracının dekabrın 9-na keçirildiyi elan olunur. Dəyişiklik ediblər, ancaq qaralama barədə düzəliş verilməyib. Bizim təhlilimiz və araşdırmamıza görə elandakı Səbail rayonu Zərifə Əliyeva küçəsi 31 ünvanıdır, yəni “Cənub” Hotelin yerləşdiyi ərazi. Məlumatlara görə, torpağın hərrac qiyməti 30 min manatdan bir qədər çox təyin olunub - faktiki dəyərindən 15 dəfə az. Fikirləşdim, bəlkə sadəcə məndəki qəzetdə belədir, bəzi səhmdarlara zəng elədim. Onlarda da ünvan, sahə və hərracın qiyməti eynilə qaralanmışdı.
Bu dəfə “Mülkiyyət” qəzetinin redaksiyası ilə əlaqə saxladım, texniki işçi və mühasib də özlərində olan qəzetlərə baxıb həmin hissədə qaralama olduğunu təsdiqlədilər. Sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla danışdım. Qulu müəllimin də kabinetindəki qəzet nüsxəsində təsadüfdən, yoxsa zərurətdənmi vəziyyət eyni idi. Lakin MX rəhbəri bunun mətbəə nöqsanı olduğunu deyib komitənin web-saytında elanlar bölməsinə baxmağı məsləhət gördü. Dedi ki, oxunmayan yerləri oradan görə bilərəm. www.emdk.gov.az saytına da baxdım, elandan əsər-əlamət görmədim. Dedim, bəlkə mən tapa bilmirəm. Hərracların Təşkili Üzrə Auksion Mərkəzinə zəng elədim. Məsləhətçi Ilham Hüseynov yarım saatlıq axtarışdan sonra bu hərrac barədə heç bir məlumat tapa bilmədi. Onun baxdığı “Mülkiyyət” qəzeti"ndə də eyni yerlərdə qaralama vardı. Saytdan isə elanı I.Hüseynov da tapa bilmədi.
Artıq “tapa bilmədi” deməyəcəm, çünki elə bir elan saytda yox idi. Sonradan sayta yerləşdirib məni yalançı çıxartmasınlar deyə səhifənin “screenshot”unu da çıxartmışam".
Təcrübəli səhmdarlar deyirlər ki, bu onları hərraclardan kənarda tutmaq üçün düşünülmüş yeni bir “oyun”dur və çaşdırma xarakteri daşıyır.