Həyatına təhlükə olan məhbuslara dair son xəbər
Mirmahmud Mirəlioğlu: “Onların başına nəsə gəlsə, bu Azərbaycan hökuməti üçün “üz qarası” olacaq”
Siyasi məhbuslardan hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevin səhhətində olan problemlər artıq onların həyatları üçün təhlükəli olan hal çatıb.
Leyla Yunusun həkimi Azad İsazadənin dediyinə görə, onun vəziyyəti gündən-günə pisləşir. Həkim Leyla Yunusun mədəsində kəskin ağrılar olduğunu və onun 12 kiloqram arıqladığını söyləyib: “Dişləri, saçları tökülür. Şəkəri, təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları şişib”.
Ötən gün İnsan Haqları üzrə İşçi Qrupun üzvləri Baş Prokurorluğa hüquqşünas İntiqam Əliyevlə bağlı da müraciət ünvanlayıblar: “Onun xəstəliyi ilə bağlı müraciət etdik ki, ev dustaqlığına buraxılsın və müalicəsinə şərait yaradılsın. Onun vəziyyəti ciddidir və təcili tədbir görülməlidir”.
Qeyd etdiyimiz kimi, hər iki şəxsin durumu ağır olaraq qalır. Bəs görəsən, millət vəkilləri, iqtidaryönlü və müxalif partiyaların rəhbərlərinin bu məsələdəki mövqeyi nədir? Onlar hökumətə hansı addımlar atmağı məsləhət görürlər?
Millət vəkili Zahid Oruc ilk növbədə bu məsləyə hüquqi qiymət verilməlidir: “Mən Leyla Yunusla İntiqam Əliyevin adlarının yanaşı çəkilməsini istəməzdim. İndi məhz səhhətində olan problmlərə görə onların adı eyni müstəvidə hallanır. İntiqam Əliyev üçün fərqli yanaşma mümkündür. Lakin Leyla Yunus haqqında qanunun tələb edildiyi kimi hərəkət etmək lazımdır. Hazırki dövrdə Leyla Yunusun məhkəmə işi başa çatmayıb, o məhkəmə qarşısında dayanmayıb, cəzası da verilməyib. Belə olan təqdirdə sanki bir hüquqi qeyri-müəyyənlik vəziyyəti yaranır. İkinci tərəfdən isə bu presedent rolunda çıxış edəcək. Necə olur ki, hansısa beynəlxalq dairələr ayrıca götürülmüş şəxslərə münasibətdə belə əlahiddə maraq, qayğıkeşlik, humanizm nümayiş etdirirlər. Ancaq hər hansı başqa cinayət törətmiş, istintaq altında olan insanlar üçün belə bir yanaşma yoxdur. Sabah istənilən adamın ixtiyarı var ki, özləri üçün belə hüquq üstünlükləri tələb etsinlər. Ona görə də mən indiki halda məhkəməyə qədər gözləməyin və bundan sonrakı hökmlər əsasında axtarılan digər humanist situasiyaların tərəfində olardım. Bir daha deyirəm ki, mən bu məsələdə sanki layihə kimi görünən, əvvəlcədən razılaşdırılmış, sinxronlaşdırılmış plan kimi təzahür edən hallar var. Leyla Yunusun xarakterinə, onun indiyə qədərki fəaliyyətinə, hüquq müdafiəçisi adı altında başqalarının haqlarını istismar etməsinə rəğmən əldə etdiyi böyük vəsaitlər və əmlak fonunda onun bunu da dəmir barmaqlıqlar arxasından təşkil etdiyinə əminəm. Əlbəttə, biz dərhal xanıma humanizm devizi ilə silahlananların hücumunu görəcəyik. Əgər biz hüququn aliliyindən danışırıqsa hamı məhkəmənin qərarını gözləməlidir. Məncə, bu şəkildə xəstələnənlərin sayı da artacaq. Hesab edirəm ki, dövləti qeyri-humanizmdə qınamamaq üçün ədliyyənin çevrəsində olan müvafiq tibbi qurumların, dəqiq ekspertizaları, müayinələri olmalıdır, bundan sonra məsələyə hüquqi qiymət verilə bilər.
Lakin İntiqam Əliyev üçün məsələyə fərqli yanaşmanın mümkünlüyünü mən qəbul edirəm. Düşünürəm ki, bu yöndə çıxarılacaq hər hansı fərqli qərarlar gələcəkdə onun yayınmasına və alternativ gizli niyyətinə və sairə səbəb olmaz”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə səhhətində problem olan siyasi dustaqlara qarşı humanist addımın atılmasını həm hakimiyyətin, həm cəmiyyətin, həm də həmin şəxslərin mənafeyi baxımından müsbət qiymətləndirib: “İntiqam Əliyevin vəziyyəti bizdə olan məlumatlara görə çox ağırdır. Onun bu vəziyyətini nəzərə alaraq Azərbaycan hökuməti özündə təpər tapmalıdır və bu məsələni ədalətlə, insafla həll etməlidir, onların haqqındakı həbs qəti imkan tədbirini dəyişdirməlidir. Onsuz da onlar heç yerə getməyəcəklər. Onların müalicəsini təşkil etmək lazımdır. Bu müalicə təcridxana şəraitində effekt verməyəcək. Bu bizim hamımızdan çox Azərbaycan hökumətinə lazımdır ki, bu qınaqdan qurtulsun. Məncə, İlham Əliyevə məsləhət verənlər bir az ağıllı olmalıdırlar, bir az mərhəmətli olmalıdırlar, qərəzsiz olmalıdırlar, Allahın onlara qismət etdiyi bu hakimiyyəti qiymətləndirməyi bacarmalıdırlar, öz vətəndaşlarına qarşı daha ədalətli rəftar etməlidirlər. Artıq deyiləsi başqa söz qalmayıb. Bəyanat, tələb yox, biz xahiş edirik, şəxsən mən öz adımdan xahiş edirəm. Bu məsələ ilə bağlı kiminlə görüşmək lazımdırsa mən o görüşə hazıram təki onların vəziyyəti düzəlsin, həbs qəti imkan tədbiri dəyişdirilsin, o insanlar normal müalicə alsınlar. Əgər məhbusların yaxın qohumları dünyasını dəyişərkən və ya toy edərkən onlara bir neçə günlük icazə verirlərsə, bəs bu məsələni şişirtməyin mənası nədir? Bu məsələdə hakimiyyət ona görə güzəştə getməlidir ki, sabah onlar üçün də lazım gələndə biz cəmiyyətdən nəsə xahiş edə bilək”.
Mirmahmud Mirəlioğlunun sözlərinə görə, əgər onların başına nəsə gəlsə, bu Azərbaycan hökuməti üçün də, cəmiyyət üçün də “üz qarası” olacaq: “Azərbaycan hökuməti bu qədər acizdir ki, xəstə vətəndaşını müalicə etdirə bilmir, həbsxanada ölümə tərk edir. Axı onun imkanı da var, gücü də var. Dövlət çox böyük vəsait hesabına digər xəstələri müalicə etdirir, hətta xaricə də göndərir. Bu məsələnin də onlardan bir fərqi yoxdur, olmamalıdır. İndi bu məsələ səlahiyyətli şəxslərin vicdanına qalıb. Onlar hər zaman bununla bağlı cavab verməli olacaqlar”.