Azərbaycan bələdiyyə seçkiləri ərəfəsindədir. Artıq namizədliyin irəli sürülməsi prosesi başa çatıb və bu vaxta qədər baş verənlər bələdiyyələrin yenə əvvəlki durumunun saxlanacağını düşünməyə əsas verir. Son 5 ildə bələdiyyə sədri olan elə şəxslər var ki onların yenidən bu vəzifədə qalmasına yol vermək olmaz, hətta bu şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması vacibdir. Elə bələdiyyələr var ki, işləri qənaətbəxş hesab olunmur və orda qanuna zidd olan hadisələr cərəyan edir. Belələrindən biri də Sumqayıt bələdiyyəsi haqda anaxeber.info-ın apardığı araşdırmalarda ilginc faktlar üzə çıxıb.Sumqayıt bələdiyyəsinin adı daha çox qalmaqallı işlərdə, çirkli pulların yuyulmasında çəkilir.
"Sintezkauçuk", "Etilen Polietilen", "Azərkimya"...
Bələdiyyənin sədri isə Əbülfəz Babayevdir. Məhz bu sədrin "fəaliyyəti" nəticəsində Sumqayıt bələdiyyəsi özünün ən ağır günlərini yaşayır. Qeyd edək ki, Ə.Babayev bu vəzifəyə qədər 1983 -2005 ci illərdə "Sintezkauçuk" İstehsalat Birliyinin baş mühəndisi, "Etilen Polietilen" zavodunun direktoru, "Azərkimya" Dövlət Şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb. 2005-ci ilin avqust ayından şəhər bələdiyyəsinin sədri vəzifəsinə seçilib. 30 noyabr 2006-cı ildən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri olub. 9 ildir Sumqayıt bələdiyyəsinə sədrlik edən Ə.Babayev bu illər ərzində xeyli nöqsanlara yol verib. Onun fəaliyyətini araşdıranda bir sıra ciddi yeyinti faktları üzə çıxır. Belə ki, 2006-cı ildə bələdiyyə büdcəsinin gəliri 970 727, xərcləri isə 968 545 manat olub. Xərclə gəlir arasında az fərq var. Bu isə o deməkdir ki, bələdiyyə büdcəsinə yığılan gəlirlər elə ustalıqla "uçot" olunub ki, burda özbaşınalıq hallarının ola bilməsinə şübhə yeri qoyulmayıb.
Yığılan vergilərin aqibəti necə oldu?
Vurğulayaq ki, Sumqayıt bələdiyyəsi fiziki şəxslərdən torpaq və əmlak vergisini, fiziki və hüquqi şəxslərdən icarə haqqını, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişləri, avtodayanacaq ödənişlərini, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisini yığmaqla məşğuldur. Sadalanan obyektlərdən yığılan vergilərin hamısı bələdiyyənin büdcəsinə keçirilmir. Məlumatlara görə, sədr yığılan vergiləri sənədlərdə tam məbləğdə göstərmir. Ona görə də hər il büdcə kəsirləri üzə çıxır. Bundan başqa, 2013-cü ilin birinci yarımilliyi ərzində yerli büdcənin gəlirləri 735066 manat olub. Bunun 69876 manatı torpaq vergisi, 11136 manatı əmlak vergisi, 131535 manatı icarə haqqı, 77858 manat torpaq alqı-satqısı, 9430 manatı avtodayanacaq rüsumları, 150000 manat bankdan alınmış kredit, 15231 manatı isə digər ödənişlərdən əldə edilib. Dövlət büdcəsindən isə 270000 manat dotasiya verilib. Yığılan vəsaitlərin yarısı büdcəyə keçirilib, yarısının isə aqibətindən xəbər yoxdur. Dövlət büdcəsindən verilən dotasiyanın hara xərclənməsi də naməlumdur.
Bələdiyyə sədrinin Fonda da verəcəyi var
Araşdırma zamanı o də məlum oldu ki, Ə.Babayev yerli büdcənin xərclərində də saxtalaşdırmaya yol verib. O, verdiyi illik hesabatda göstərib ki, xərclərin əsas hissəsini abadlaşdırma xidmətləri haqqının ödənilməsi təşkil edir. Bura 376935 manat sərf edilib. Lakin Sumqayıt bələdiyyəsinin ərazisinə tabe olan yerlərdə bu pul dəyərində abadlaşdırma işləri aparılmayıb. Həmçinin yerli sosial təsərrüfat təyinatlı məsələlərin həllinə 63549 manat, aparatın saxlanılma xərcləri 148633, yerli sosial proqram, ictimai-siyasi, idman tədbirlərinin keçirilməsi və vəsaitin qaytarılmasına 20260 manat məbləğində pul sərf edilib. Bu azmış kimi, sədrin qanundan kənar əməlləri sayəsində Sumqayıt bələdiyyəsi borc içində batır. Hazırda bələdiyyənin müxtəlif istiqamətlərdə kreditor borcları yaranıb. Belə ki, onlardan idarənin saxlanması xərcləri üzrə 125200 manat, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 20000 manat, idmançılara bələdiyyə təqaüdünün verilməsi üzrə 1560 manat, maddi yardımın göstərilməsi üzrə 5300 manat, vəsaitin qaytarılması üzrə 24350 manat, sosial təsərrüfat təyinatlı məsələlərin həllinin icrası üzrə 85350 manat, abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması üzrə 14750 manat vəsait xərclənmişdir. Köhnədən qalan borclar isə 236641 manat təşkil edir.
Bələdiyyədə korrupsiya yoxlaması vacibdir
Biz yuxarıda qeyd olunan rəqəmləri özümüzdən çıxarmırıq. Bunların hamısı rəsmi rəqəmlərdir və bələdiyyə sədrinin hesabatlarında özəksini tapıb. Qalır bircə iş. Onu da Korrupsiyaya Qarşı Mübarizəİdarəsinin əməkdaşları həyata keçirməlidir. Artıq bu təcrübəni bir neçə dəfə yaşamışıq. Yəni işində nöqsanlara yol verən, rüşvət alan bir neçə bələdiyyə sədri iş başında yaxalanaraq həbs ediliblər. İnanırıq ki, müvafiq orqanlar Sumqayıt bələdiyyəsində ciddi yoxlamalara başlayıb, Ə.Babayevin növbəti dəfə bələdiyyə başına keçməsinə imkan vermədən onun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər görəcək.