Dövlət başçısının iki il əvvəl Salyanda vətəndaşlara söz verdiyi körpünün tikintisi dayandırılıb, büdcə pulları suya axıdılıb
Bu günlərdə Salyan rayonunda icra başçısına bağlı qanunsuzluqlar haqda yazmışdıq. Həmin yazıda icra başçısı Tahir Kərimovun rayondakı maliyyə maxınasiyalarından bəhs olunurdu. İndi isə icra başçısının ölkə prezidenti qarşısında yalanı haqda məlumat verəcəyik. Dövlət başçısı İlham Əliyevin bölgələrə səfərləri günlərlə rəsmi KİV-də və telekanallarda təbliğ olunur. Bu səfərlərdə hər zaman "rayon ictimaiyyəti" adı altında bir qrupla görüşlər də keçirilir. Həmin görüşlərə seçilmiş şəxslərin buraxıldığı da heş kəsə sirr deyil. Cumhuriyyet.az İlham Əliyevin belə görüşlərindən biri və bu görüşdə prezidentin vətəndaşa verdiyi sözlə bağlı araşdırma aparıb.
Beləliklə,zaman 2012-cü il, mart ayının 13-ü. Prezident İlham Əliyevin Salyan səfəri. Bu səfərdə "rayon ictimaiyyəti" ilə görüş haqda məlumatı isə rəsmi mənbədən - Azərbaycan qəzetindən alırıq: "Bəllidir ki, Kür çayı Salyan şəhərini ikiyə bölərək axıb keçir. Çayın Şirvan tayında yerləşən Babazanan hissəsində yaşayan əhali yüz illər boyu idi ki, şəhərin mərkəzindəki idarə, müəssisə, təşkilatlara, bazar-dükana gəlmək üçün bərə və ya qayıqlardan istifadə etməli olurdular. Bu, həm təhlükəli, həm də əzab-əziyyətli idi. Yağışlı-qarlı havalarda, suyun səviyyəsi qalxanda çayı keçmək daha da çətinləşirdi. Əhalinin çoxsaylı müraciətini nəzərə alaraq Prezident burada körpü tikintisi üçün sərəncam imzaladı. İndi sakinlərin sevincinin həddi-hüdudu yoxdur.
Elman Hacıyev, Babazanan yaşayış sahəsinin sakini, əmək veteranı: "Ağlım kəsəndən dəfələrlə eşitmişəm ki, Salyan şəhərini ikiyə bölən Kür çayı üzərindən körpü salacaqlar. Hətta müxtəlif illərdə Bakıdan mütəxəssislər gəlib ölçü-biçi işləri də aparıblar. Lakin günlər, aylar, illər ötüb keçib, körpü tikintisindən səs-soraq çıxmayıb. Necə deyərlər, vədlər söz olaraq qalıb, camaatın ümidləri puça çıxıb. Bu günlər, yəni sentyabrın 6-da axşam televizora baxanda Salyan haqqında digər sərəncamlarla yanaşı, Kür üzərində körpü tikilməsi haqqında xəbəri eşidərkən, doğrusu, qulaqlarıma inanmadım. Xəbəri eşidənlər telefonla zəng edib bir-birini təbrik edəndə isə şübhəm qalmadı".
Digər bir sakin - Mustafa Mustafayev isə ürək sözlərini belə ifadə etdi: "Yaşım 40-ı keçib. Bu illər ərzində Salyan şəhərinin o biri tayına ya bərə, ya da qayıqla gedib-gəlmişəm. Bütün Babazanan əhalisi kimi, mən də çox çətinliklərlə üzləşmişəm. Küləkli, yağışlı havalarda qadınlar, uşaqlar Kürü qorxa-qorxa keçirdilər. Bununla əlaqədar camaat dəfələrlə yuxarılara müraciət etsə də, nəticəsi olmamışdı. Sağ olsun Prezident. Rayona səfəri zamanı əhalinin xahişini nəzərə alıb sərəncam imzaladı. Bizim Prezident sözü ilə əməli bir olan adamdır. Əminik ki, bu yaxınlarda körpünün tikintisinə başlanılacaq. Biz bu əzab-əziyyətdən, qorxu-hürküdən azad olacağıq"
İki ildir ki, Salyanlılar yeni körpünün açılışını gözləyirlər. İki il bundan əvvəl İlham Əliyevin Salyan səfərini şəhərin tarixinə daxil etmək üçün bombalı bir xəbər yaydılar. Xəbərdə bildirilirdi ki, əsrlər boyu Salyan sakinləri ilə Babazanan qəsəbəsinin sakinləri arasında axan Kür çayı əməlli-başlı həsrət çayı imiş. Son əsrlərdə Salyan şairləri Kür çayını Azərbaycan poetikasının Araz həsrətinə bənzədərək yanğılı şeirlər yazır və hətta Kürün suyunun çəkildiyi zamanlarda bu həsrət yanğısını söndürməyə su da tapılmırmış.
İlham Əliyev Salyana səfər edən zaman bu həsrətin alovu onu da qarsıb və dərhal Kür çayı üzərindən körpü tikib Salyanlılarla Babazananlılar arasındakı bu əbədi həsrətə son qoymaq qərarı verib. Əmr edib ki, bu iki camaatın həsrət və acılarına son vermək üçün burada bir körpü tikilsin. Layihə-smeta sənədləri toplanıb, başa çatdırılıb. Dövlət jurnalistikasının təbirincə desək, analoqu olmayan bir körpünün tikilməsinə başlanılıb. 216 metr uzunluğunda, 14,5 metr enində olan bu analoqsuz körpü bu ilin may ayında başa çatmalı və İlham Əliyev əlinə qayçı götürüb salyana getməli və körpünün Salyan tərəfində çəkilmiş qırmızı lenti bu qayçı ilə kəsməli, maşına minib Babazanana keçməli, oradan isə kürpünün üstü ilə piyada Salyana dönməli idi. Məsələ ilə bağlı cumhuriyyet.az-ın araşdırmaları onu göstərir ki, bütün bu pafoslu təbliğata rəğmən dövlət başçısı analoqsuz körpünün açılışında iştirakdan imtina etdi. Bu körpünü bu qədər analoqsuzluqla açmaq əməlli-başlı anlaqsızlıq olardı, çünki.
Məsələ bursaındadır ki, Salyan-Babazanan analoqsuzluq körpüsü Kürün üstündən deyil, içindən çəkilibmiş. Kürün suyunun az olduğu zaman tikinti işlərinə başlayan mühəndis-texniki personalı Kür suyunun qalxması heyrət və həyəcan içində buraxıb, körpü isə suyun altında qalıb. Buna görə də, İlham Əliyevə Salyanın icra başçısı Tahir Kərimov ,,apardı sellər Saranı, bir ala gözlü balanı,, mahnısının həsrətli təranələri altında bir veb mesaj yollayaraq padşahdan xahiş edib ki, bu il Salyana gəlməsin. Çünki Dəli Kür ağıllı adamların çəkdiyi körpünü tanımır və onun altından axmaqdan imtina edir.
Belə... Bu qədər uzun müqəddimədən anladınızsa, məsələ bundan ibarətdir ki, körpü düzgün layihələndirilməyib. Tikinti işləri başlayandan sonra bəlli olub ki, su körpüdən yuxarıda qalır. Vəssəlam. Salyan – Babazanan həsrəti davam edir…
Buna görə də tikinti işləri dayandırılıb və indi söküntü işləri aparılır. Suyun içində tikilən körpünün işə yaramayacağını görən mühəndislər və strateqlər onu söküb suyun üstündən tikmək qərarı veriblər