Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinə Beynəlxalq "Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu verib. Bu barədə IDEA İctimai Birliyindən məlumat veriblər. Məlumatda deyilir ki, "Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə Avstraliyada başladılıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir. "Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab edilir. Bununla əlaqədar "Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı” kampaniyasına beynəlxalq ictimaiyyət tərəfindən diqqətin artırılması müşahidə olunur. Bunun nəticəsi olaraq 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulub. Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi "Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə edib.