"Gənclər şəhəri"ndə kənd təsərüfatı yarmarkası icra başçısının müavini, generalın qardaşı Akif Quliyevin bazar qanunları ilə idarə olunur
Kənd Təsərüfatı Nazirliyinin tapşırığına əsasən ölkənin bir çox rayon və şəhərlərində kənd təsərüfatı yarmarkaları təşkil olunub. Adı yarmarka olsa da, qiymət baxımından bazarlardan heç də fərqlənmir. Bazarlarda olduğu kimi kənddən öz meyvə-tərəvəz məhsullarını satmağa gətirən zəhmət adamlarının yarmarkaya girişi müşkül məsələdir. Belə bir yarmarka Sumqayıt şəhərində də fəaliyyət göstərir. Ölkədə hər şey inhisara alındığı kimi, yarmarkaları da məmurlar inhisara alıb. Sumqayıt şəhər yarmarkası ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu ticarət məkanı İH başçısının müavini Akif Quliyev ələ keçirib. Məlumat üçün bildirək ki, A.Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşıdır. Əslində yarmarkalar əhaliyə xidmət yox, kimlərinsə varlanmasına xidmət edir. Sumqayıtda 3-6-cı günlər fəaliyyət göstərən yarmarka da antisanitariya-üfunətdən nəfəs almaq mümkün deyil. Bu yarmarka da meyvə-tərəvəzlə yanaşı Çin istehsalı olan geyimlər, ət, balıq, toyuq məhsulları birbaşa yerə sərilmiş şəkildə satılır. Yer haqqına gəldikdə isə, bazarlarda tətbiq olunmuş yer pulundan heç də fərqlənmir. Əslində Kənd Təsərüfatı Nazirliyinin tapşırığına əsasən yarmarkalarda satıcılar yer haqqından azaddır. Buna məhəl qoymayan yarmarka rəhbərliyi hər yeri bazar qiymətinə uyğunlaşdırıb. Bu da məhsulun satış qiymətinə təsir göstərir.
Yarmarkanın ətrafında avtomobil çilingəri kimi çalışan Arif adlı şəxs bildirir ki, Akif Quliyevin göstərişinə əsasən onun çalışdığı sex tezliklə bağlanacaq: "Evim yaxın olduğundan sexi icarəyə götürüb işləyirdim. Bundan sonra 7 nəfərlik ailə üzvümün çörək pulunu haradan qazanacağım haqda düşünürəm”. Yarmarkanın ətrafında sahibkarlıqla məşğul olanların hamısı A.Quliyevdən narazılığını bildirdi. Bərdəli Nurəddin adlı şəxs yarmarkanı yazılmamış bazar qanunları ilə idarə edir.
Akif Quliyev Sumqayıtda topdağıtmaz obyektlərə sahiblənib. Onun himayəsi altında olan "Əşya bazarı” kimi tanınan bazar meyvə-tərəvəzin topdansatışı kimi fəaliyyət göstərir.
Həmin bazar Bakı, Abşeron, Sumqayıt və bir çox ətraf kəndlərin meyvə tərəvəz tələbatını təmin edir. Ən çox gəlir gətirən bazarlardan sayılsa da, antisanitar vəziyyətdə fəaliyyət göstərir. Həftənin 3-cü, 6-cı günləri fəaliyyət göstərən yarmarkaya öz meyvə-tərəvəz məhsullarını gətirən zəhmət adamları alverçi maneəsi ucbatından yarmarkaya daxil ola bilmir. Yarmarkada satılan meyvə-tərəvəz, toyuq və ət məhsulları antisanitar, soyuducusu olmayan şəraitdə satılır. Ət cəmdəklərinin üzərində milçək tüğyan edir. Ümumiyyətlə, yarmarka virus və bakteriya bunkerini xatırladır. Insanların aldığı meyvə-tərəvəz və ərzaq məhsullarından xəstəliyə yoluxma riski böyükdür.
Sumqayıt Sanitar Epidimioloji Stansiyasının həkimlərinin yarmarkaya nəzarəti itirib. Nəzarət üçün həkimlərin yarmarkaya daxil olması birdəfəlik qadağan olunub.
Yarmarkada hər kvadratmetrin öz qiyməti var. Yarmarkada maşınla alver etmək 15-20 manata başa gəlir. Ölçüsündən asılı olaraq hər piştaxtanın (əsasən yerdə) öz qiyməti var. Görəsən bu biabırçılıqdan Kənd Təsərüfatı naziri Heydər Əsədovun xəbəri varmı? Xəbəri yoxdursa, reklam xatirinə zəhmət çəkib Sumqayıt yarmarkasına bazarlığa gəlsin.