Sovetlər İttifaqının lideri İosif Stalinin repressiya siyahısında məmurlarla yanaşı, məmur xanımlarının adları da yer alıb, xüsusilə yəhudi əsilli xanımların. Bu haqda çıxardığı qərarlarda Stalinə heç kim mane ola bilməyib. Amansız həbs göstərişləri bir-birinin ardınca müzakirəsiz icra olunub. Hətta onların arasında Stalinin ən yaxın silahdaşlarından biri olan SSRİ xarici işlər komissarı, Siayasi Büronun üzvü, Dövlət Müdafiə Komitəsi sədrinin müavini Vyaçeslav Molotovun həyat yoldaşı Polina Jemçujina da olub.
Modern.az saytı sovet tarixinin daha bir müdhiş səhifəsini vərəqləyir.
Stalinin gözündə Molotovun yalnız bir problemi olub-onun həyat yoldaşı. Polina Jemçujina ilə Stalinin həyat yoldaşı Nadejda Alliluyeva yaxın rəfiqə olublar. Stalin elə düşünüb ki, Polina onun həyat yoldaşına mənfi təsir göstərir. Nadejda Alliluyevanın müəmmalı ölümündən sonra isə ona qarşı mənfi fikirlər Stalində daha da çoxalıb. Elə həmin müəmmalı ölüm gecəsində də Voroşilovun mənzilində Stalinlə həyat yoldaşının arasında yaranmış mübahisədən sonra Nadejda Alliluyeva məclisi Polina Jemçujina ilə birlikdə tərk edib.
Stalin Molotov haqqında həmişə müsbət fikir söyləyib. Ancaq bununla yanaşı, onun həyat yoldaşı haqqında fikirlərini söyləməkdən də çəkinməyib. Nəhayət, Siyasi Büronun iclaslarının birində o bu məsələyə son münasibətini bildirib:
“Molotov partiya üçün çox işlər görüb, o bu yolda canını belə, qurban verməyə hazırdır. Ancaq o, bununla yanaşı, öz həyat yoldaşını da sevir. Əlbəttə, düşünəcəksiniz ki, mən bunu nəyə görə vurğulayıram? Siyasi Büroda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar haqqında Molotovun həyat yoldaşı Polina Jemçujina dərhal xəbər tutur və bu məlumatları yəhudi millətçi təşkilatlarına çatdırır. Bu qadın həmin təşkilatlarla sıx əlaqədədir. Polina Jemçujinanın gizli fəaliyyəti və kimlərlə əlaqədə olması haqqında bizdə çox məlumatlar var. Onlar bizə qarşı düşmən mövqelərindədirlər...” .
Stalinin bu çıxışı onun qərarı demək idi. Beləliklə, 29 dekabr 1948-ci ildə Polina Jemçujina partiyadan xaric edilib və 29 yanvar 1949-cu ildə yəhudi millətçiləri ilə cinayət əlaqələrinə görə ittiham olunaraq həbs edilib, sürgünə göndərilib.
Sürgündən bir müddət əvvəl Polina Jemçujina Stalinin ona qarşı sərt münasibətindən xəbər tutaraq həyat yoldaşı Molotovla açıq danımağı qərara alıb: “Əgər partiya belə hesab edirsə, biz ayrılmalıyıq, deməli ayrılmaq lazımdır. Bu həm partiyamız, həm də bizim üçün daha yaxşı olar”.
Bununla da o qardaşıgilə köçməyi qərarlaşdırıb.
Lavrenti Beriya tez-tez Molotovun qulağına pıçıldayıb ki, sürgündə olan həyat yoldaşı sağdır. Molotov isə Beriyanın bu yarıkinayəli, yarıciddi sözlərinə yalnız susmağı ilə cavab verib.
Nəhayət, 1953-cü ildə Stalinin dəfnində tabut önündə dayananda Molotov Beriyaya müraciət edib:
- Lavrenti, Polinanı qaytar.
Stalinin dəfnindən bir gün sonra Beriyanın göstərişi ilə Polina Jemçujina həbsdən azad edilib.
Qeyd edək ki, Polina Jemçujina bir sıra yüksək vəzifələrdə çalışıb. O həmin dövrdə SSRİ-də təsərrüfat sahəsində yeganə xanım nazir olub. Belə ki, Polina Jemçujina SSRİ Balıq Sənayesi nazirliyinə rəhbərlik edib. Onu bu vəzifəyə də məhz Stalin təyin edib. Molotov həyat yoldaşının bu təyinatna qarşı çıxsa da, Stalinin əmri ilə Jemçujina bu vəzifədə öz fəaliyyətini davam etdirib.
Həbsdən azad olduqdan sonra Polina Jemçujina partiya sıralarına yenidən bərpa olunub. O, Stalinə olan sədaqətini onun ölümündən sonra da belə, nümayiş etdirib.
1960-cı ildə Stalinin qızı Molotovlar ailəsini ziyarət etdikdən sonra bu haqda öz xatirələrində yazıb:
- Polina ilə görüşüm məni çox təsirləndirmişdi. Onun dediyi sözləri tez-tez xatırlayıram: “Sənin atan dahi insan idi. O ölkədəki beşinci sütunu məhv etmişdi. Müharibə başlayanda xalqla partiya yekdil idi. İndi isə insanlarda heç bir inqilabi ruh qalmayıb”.
O, atam haqqında danışdıqca qızı və kürəkəni gözlərini yerə dikirdilər. Sanki nədənsə utanırdılar”.
Həbsdən çıxdıqdan sonra Polina Jemçunaya sevdiyi həyat yoldaşı Vyaçeslav Molotovla 17 il birgə ömür sürmək nəsib olub. O, 1970-ci ildə Moskvada vəfat edib.