Polis rəisinin öldürdüyü iddia edilən qadınla bağlı yeni məlumatlar

28-11-2014, 08:43   
Polis rəisinin öldürdüyü iddia edilən qadınla bağlı yeni məlumatlar


Arzu Zeynalova narkotikin təsirindən ölməyib; o, heç siqaret də çəkmirmiş
Sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə öldürdüyü iddia edilən qadınla bağlı araşdırmamız davam edir. Əldə etdiyimiz son məlumatlar 24 yaşlı Arzu Zeynalovanın narkotikdən və ya digər zərərli vərdişlərdən yaranan səbəblərdən ölməsini istisna edir. A.Zeynalovanı yaxından tanıyan qaynağımız onun narkotikdən uzaq olduğunu deyib: “Arzu spirtli içkilərdən, narkotikdən uzaq idi. O, heç siqaret də çəkmirdi”.

Qaynağımız Azərbaycan hüquq-mühafizə orqanlarını bu işi araşdırmamaqda ittiham edib: “Rza Hacıyev kimdir ki, onu çağırıb bu cinayətin necə baş verməsini soruşmurlar? Niyə ondan soruşan yoxdur ki, Arzu Zeynalovanın yasına 8 min manatı hansı səbəbdən xərcləyib? Məgər o, dünyasını dəyişən hər kəsə pul xərcləyir?”

Qaynağımız məsələnin araşdırılması üçün Türkiyə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini də söyləyib. Qeyd edib ki, Azərbaycan tərəfi bir vətəndaşının ölümünü araşdırmasa da, Türkiyə hüquq-mühafizə orqanları belə məsələləri sona qədər araşdırır: “Gec-tez Arzunun ölümünün səbəbi üzə çıxacaq. Bilinəcək ki, onu kim öldürüb”.
Əldə etdiyimiz məlumatlara görə, R.Hacıyevlə Arzu Zeynalova 7-8 il öncə tanış olublar. Həmin vaxt R.Hacıyev Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsini daşıyıb. Həmin vaxt A.Zeynalovanın 21-22 yaşı olub. Bu ilin sentyabrında isə A.Zeynalovanın Türkiyədə, məşhur milyarder Telman İsmayılova məxsus “Mardan Palace” hotelində meyiti aşkarlanıb.

Yayılan xəbərlərə görə, A.Zeynalova həmin hotelə R.Hacıyevlə gedib. Aralarında yaranmış mübahisə zəminində sabiq polis rəisi qadını döyüb və o ölüb. Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” adlanan qəbiristanlıqda dəfn olunub.

Aldığımız son məlumata görə, 1988-ci il təvəllüdlü Arzu Qəmbər qızı Zeynalovanın əvvəllər səhhətində problemlər olmayıb. Buna baxmayaraq, onun ölümünün “ürək tutması” diaqnozu ilə ört-basdır edilməsi yönündə iş aparılır. R.Hacıyev bu qətlin təsadüfi ölüm kimi qiymətləndirilməsi üçün bütün imkanlarını işə salıb. Onun bu iş üçün böyük vəsait xərcləməsi də gələn xəbərlər sırasındadır. Qeyd edək ki, A.Zeynalovanın yaxınlarından biri redaksiyamıza ünvanladığı məktubda qadının Rza Hacıyevin sevgilisi olduğunu və Türkiyəyə istirahətə gedəcəkləri haqda məlumatlı olduğunu demişdi. Həmin qadın redaksiyamıza göndərdiyi məktubda yazırdı: “Mən hazırda İstanbulda yaşayıram. Arzu Antalyaya getməzdən əvvəl mənimlə telefonla danışdı. Dedi ki, mən Rza ilə Antalyaya gedəcəyəm, ordan da İstanbula gələcəyəm. Arzunu o adam öldürüb. Bunu mən bilirəm. Onlar bərabər idilər. Mən ”Mardan Palace" hotelindən də məlumat alacağam. O adamın oraya nə vaxt giriş-çıxış elədiyini isbatlamağın qarşısı alınır, hər şeyi gizləyirlər. Amma mən bu ölümün gizlinlərinin ortaya çıxmasını istəyirəm".

Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

R.Hacıyev qətllə bağlı xəbəri təkzib etmişdi. O, Türkiyədə sonuncu dəfə bu ilin yazında olduğunu demişdi. Sabiq rəis hazırda Bakıda istirahət etdiyini söyləmişdi. Bildirək ki, redaksiyamıza daxil olan məlumata görə, R.Hacıyevi Türkiyədə, “Mardan Palace” hotelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Hələlik şahid qismində dindirilən sabiq rəisin istintaqa cəlb olunma ehtimalının böyük olduğu da bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən R.Hacıyevin iş üzrə dindirilməsi xəbərini təkzib etməmişdilər. Sorğumuza verilən cavabda Rza Hacıyevin istintaqa çağırılaraq dindirilməsi təkzib olunmurdu. Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.