“Ded Xasan”ın qətl işi; “Rövşən Lənkəranski” yenə hədəfdə

29-11-2014, 11:27   
“Ded Xasan”ın qətl işi; “Rövşən Lənkəranski” yenə hədəfdə
Aslan Usoyanın öldürülməsini niyə azərbaycanlı avtoritetin ayağına yazırlar?; Rusiyada tutulan qanuni oğru “ Rüfət Gəncinski” şok etiraflar edib – təfərrüatlar
Yanvarın 16-da Rusiya kriminalının əfsanəsi olan Aslan Usoyanın(“Ded Xasan”) qətlinin iki ili tamam olur. 2013-cü ilin yanvar ayının 16-da Moskvada naməlum killerin açdığı atəşlə öldürülən “Ded Xasan”ın qatilləri ilə bağlı indiyədək dəqiq bilgi yoxdur. Hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq hərəkətləri də heç bir nəticə verməyib.

Hadisə yerindən tapılan gilizlərin laboratoriya araşdırması göstərib ki, bu gilizlər 9 növ silaha aid ola bilər. “Ded Xasan”ın öldürüldüyü “Val” adlandırılan xüsusi avtomatda əl izləri isə o qədər cüzi olub ki, genetik ekspertiza nəticələri tam dəqiqliklə verə bilməyib. Tələb olunan bütün zəruri istintaq tədbirləri həyata keçirildiyinə və heç bir nəticə əldə edilmədiyinə görə yeni dəlillər ortaya çıxana qədər cinayət işinin istintaqı dayandırılıb.
“Ded Xasan” klanı indiyədək bu qətlin icraçıları və sifarişçisi kimi birbaşa ad çəkməyiblər, amma nədənsə, bu qətldə ən çox adı hallanan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Lənkəranski”) olub. Məlumat üçün deyək ki, qətldə “Ded Xasan” klanı ilə münasibəti pis olan gürcü “qanuni oğru”ların da adı keçir...

Bir neçə gün əvvəl milliyyətcə “Ded Xasan” kimi yezidi kürdü olan Zaxari Kalaşov (“Şakro Molodoy”) İspaniyadakı 7 illik həbsxana həyatından sonra Moskvaya qayıdıb. O, “Ded Xasan”ın qəbrinə gedərək and içib ki, “qan yerdə qalmayacaq”. Bu səbəbdən də Rusiya kriminalında “Ded Xasan”ın qətli mövzusu yenidən aktuallaşıb və bu işlə bağlı yeni qanlı hesablaşmaların olacağı gözlənilir.

“Ded Xasan”ın qətlində adı hallanan gürcü “qanuni oğrular”- Tariel Oniani(“Taro”) və “Merab Suximski” kimi tanınan Merab Canqveladzedən hazırda həbsdədirlər. “Ded Xasan” klanının “qara siyahı” sında olanlar sırasında azadlıqda olan yeganə şəxs “Rövşən Lənkəranski” olduğundan indi əsas diqqətdə yenə onun üzərində cəmlənib.

Noyabrın 28-də Azərbaycan saytları Rusiya KİV-lərinə istinadən “Ded Xasan”ın qətli ilə bağlı məlumat yayıblar. Həmin məlumatlarda deyilir ki, “Rüfət Gəncinski” adıyla tanınan Ülfət Tağıyev həbs edilib və o, müstəntiqlərə “Ded Xasan”ın qətli ilə bağlı mühüm məlumatlar verib. “İstintaq zamanı Ülfət Tağıyevin ”Ded Xasan"ın ölümü ilə bağlı bəzi informasiyalara sahib olduğu bəlli olub. Bundan əlavə, qanuni oğrunun 16 yanvar 2013-cü ildə “Ded Xasan”ı öldürən killerin qaçma planını da hazırladığı müəyyən olunub. Mənbə həmçinin bu işi sifariş verən şəxsin adını çəkməkdən imtina edib" deyə, məlumatda bildirilir.



Əvvəla, məlumat üçün deyək ki, “Rüfət Gəncinski” bir neçə ay bundan əvvəl həbs edilib. Məlumatlara görə, o, 2012-ci ildə Dubayda 15 nəfər avtoritetlə birlikdə R.Canıyev tərəfindən “oğru” adı alıb. “Ded Xasan”ın qətlindən sonra Rusiyanın hüquq-mühafizə orqanları “Rufo”nun öldürüldüyü haqda məlumat yayıb. Həmin məlumatda deyilirdi ki, killerlər “Rufo Gəncinski”ni küçənin ortasında gülləyiblər və cəsədini maşının yük yerinə qoyaraq naməlum istiqamətə aparıblar. Xəbərdə bildirilirdi ki, bu qətli “Ded Xasan”ın qruplaşmasına daxil olan digər məşhur azərbaycanlı kriminal avtoritet, hazırda həbsdə olan “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları həyata keçirib.



Həmin məlumatlarda o da deyilirdi ki, “Rufo Gəncinski” “Rövşən Lənkəranski”nin adamı kimi “Ded Xasan”ın qətlinin təşkilində də əsas rola malik olub. O, “Ded”in qətldən sonra snayperi hadisə yerindən qaçırdıb. “Rufo”nun öldürüldüyü barədə informasiyaların yayılmasına baxmayaraq əməliyyat kanalları ilə müəyyən edilib ki, o, əslində sağdır. Bu xəbərlərin yayılmasından sonra arxayınlaşıb və hətta Moskvanı da tərk etməyib. Onun yeri müəyyən edildikdən sonra əməliyyat planı hazırlanıb və avtoritet bir neçə ay əvvəl həbs edilib.

Hələ o zaman da “Rufo Gəncinski”nin “Ded Xasan” öldürülməsində əlinin olub-olmadığı araşdırılırdı. O, həmçinin Usoyanın klanına daxil olan avtoritet İlqar Cəbrayılovun qətlində də şübhəli bilinirdi. Əməliyyatçıların fikrincə, “Rufo Gəncinski” 2012-ci ili aprel ayında Rusiya paytaxtında “Danabaş” ləqəbli kriminal avtoritet İlqar Cəbrayılovun qətlini təşkil edib.



Dünən yayılan məlumatda isə deyilir ki, “qanuni oğru” “Ded Xasan”ı öldürən killerin qaçma planını da hazırladığı müəyyən olunub.

Köhnə xəbərlərin “yenilənməsi” onu göstərir ki, Rusiyanın hüquq-mühafizə orqanları kriminal aləmdə xüsusi nüfuzu olan azərbaycanlı avtoritet “Rövşən Lənkəranski”nin hədəfə çıxarılmasında maraqlıdırlar.

Yeri gəlmişkən, “Ded Xasan”ın aradan götürülməsində Rusiyanın hüquq-mühafizə orqanlarının əli ola biləcəyi ilə bağlı versiyalar da var.

Rusiyanın tanınmış sosioloqu, kriminal aləm barədə əsas araşdırmaçılardan biri sayılan Vladimir Kireyev bu yaxınlarda “Bizim Yol” qəzetinə müsahibəsində “Rövşən Lənkəranski”nin “Ded Xasan”ın qətlində əlinin olub-olmaması ilə bağlı maraqlı məqamlardan danışmışdı. O demişdi ki, “Lənkəranski”nin “Ded Xasan”ın qətlini sifariş verməsinə inanmır: “Məndə olan məlumata görə, Rövşən o zaman başqa problemlərin həlli ilə məşğul idi. Bəzi mənbələr qeyd edir ki, onun vətənində hüquq-mühafizə orqanları ilə problemləri vardı və ümumiyyətlə, ”Ded Xasan" öldürüləndə “Lənkəranski” Azərbaycanda olub. Məncə, onu sadəcə olaraq, “podstavit” ediblər.

“Ded Xasan”ın öldürüləcəyi barədə söhbətlər çoxdan gəzirdi. Onu elə mənsub olduğu yezidi-kürdləri sifariş edə bilərdilər". Jurnalistin “nə məqsədlə ” sualına Vladimir Kireyev “məqsəd Rövşənin aradan götürülməsi idi. Çoxları başa düşürdü ki, yaşlı ”Ded Xasan"dan sonra kriminal aləminin kralı məhz Rövşən ola bilərdi. Amma imkan vermədilər. Maraqlıdır ki, onun öldürülməsinə daha çox marağı yezidi kürdlərin kriminal dəstələri göstərir. Amma onun Azərbaycanlı kriminallar tərəfindən öldürüldüyünü eşitsəm, təəccüblənmərəm" deyə, cavablandırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.