2 ton 790 kiloqramlıq heroin müəmması isə davam edir...
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) antiheroin əməliyyatından 5 ay ötdü. İyulun 11-də baş tutan əməliyyatdan sonra sərgilənən susqunluq bu gün də davam edir.
Əfqanıstanda hazırlanan 2 ton 790 kiloqram yüksək keyfiyyətli maye heroin Azərbaycan ərazisinə necə daxil olması və ölkə sərhədlərini aşması faktı sanki olmayıb.
Gürcüstan DİN-in yaydığı rəsmi məlumatda maye heroinin maye halında olan sabun adı altında 30 litrlik 93 çəlləkdə daşındığı bildirilirdi. Qeyd olunurdu ki, əməliyyat zamanı 2 Gürcüstan və 1 Türkiyə vətəndaşı saxlanıb. Sonrakı məlumatlarda yükün son çatdırılma nöqtəsi kimi Moldova göstərilirdi. Bu günə qədər yükün Azərbaycan ərazisinə necə daxil olması haqda rəsmi məlumat yoxdur.
Qeyri-rəsmi məlumatlara görə, 3 tona yaxın heroin olan yük maşını Astara Gömrük-Keçid Məntəqəsindən ölkəyə daxil olub və 500 kilometrlik yolu qət etməklə Qazaxdakı gömrük-keçid məntəqəsindən çıxmaqla sərhədlərimizi aşıb. Məlum əməliyyatdan 5 ay ötür. Lakin rəsmi qurumlar ictimaiyyətə sərhədlərimizi asanlıqla aşan beynəlxalq narkomafiyanın bəd əməlinin hansı şəraitdə baş tutması haqda məlumat verməyə tələsmirlər. Avqustun 29-da “Yeni Müsavat”a Astaradan belə bir məlumat daxil olmuşdu ki, məlum əməliyyatdan sonra Astara Gömrük-Keçid Məntəqəsinin qaçaqmalçılıq şöbəsində çalışan 4 məmur işdən çıxarılıb. Gömrükçülər Azərbaycandan keçən və Gürcüstanda tutulan 3 ton heroin əməliyyatına görə vəzifədən kənarlaşdırılıblar. Qaynağımız iddia etmişdi ki, işdən qovulan gömrükçülərdən biri Astara sakinidir, digərləri isə başqa bölgələrdəndir.
Onların adları açıqlanmasa da, mənbənin sözlərinə görə, işdən çıxarılan gömrükçülər məhz Gürcüstanda saxlanılan 3 ton herion, ardınca da “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində saxlanılan 60 kiloqram heroin əməliyyatlarının qurbanı olublar. Qaynağımız iddia edirdi ki, gömrükçülər məsuliyyətsizlikdə təqsirli bilinərək gömrük sistemindən kənarlaşdırılıblar: “Bu əməliyyatı ört-basdır etmək üçün Astara gömrüyü ”günah keçi"si axtarıb və tapıb. Nəticədə 4 gömrükçü işindən uzaqlaşdırılıb. Gürcüstanda saxlanılan 3 ton heroinin məhz bu məntəqədən Azərbaycana keçməsi barədə məlumatlar var.
Qeyd edək ki, 3 ton heroinin tutulması əməliyyatını ABŞ kəşfiyyatının Gürcüstan hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi bildirilirdi. İddia olunurdu ki, heroinin Azərbaycan ərazisində hərəkəti, o cümlədən məxfi bir yerdə saflaşdırılması əməliyyatı ABŞ kəşfiyyatı tərəfindən lentə də alınıb. Azpolitika.info bir qədər əvvəl heroinin Azərbaycan ərazisinə necə daxil olması və çıxarılması ilə bağlı çox ciddi istintaq başlaması xəbərini yaymışdı. Həmin xəbərdə qeyd edilirdi ki, onlarla adam istintaqa cəlb olunub, xeyli saxlanılanlar var. Yollarda quraşdırılmış müşahidə kameralarının incələnməsindən sonra “yük” Azərbaycan ərazisinə daxil olandan sonra onu müşayiət edən avtomobillər müəyyənləşdirilərək kimlərə məxsus olduğu aydınlaşdırılıb, kamera görüntüləri sayəsində içindəki şəxslər saxlanılıb. Bundan başqa, telefon siqnalları və danışıqların təhlili də ciddi ipucları verib. Gömrük sənədlərinin araşdırılması zamanı məlum olub ki, yükün ümumi dəyəri cəmi 5 min dollar göstərilib, lakin qəribədir ki, 5 min dollarlıq “mal”a görə 8 min dollar “rüsum” alınıb. İstintaq qrupu üzvlərinin, eyni zamanda Gömrük Komitəsinin rəhbər şəxslərinin bu işlə bağlı Gürcüstanda ezamiyyətdə olduqları da bizə verilən məlumatlar sırasındadır.
Təəssüf ki, ölkədaxili araşdırma aparılması ilə bağlı məlumatların nə dərəcədə həqiqət olmasını müəyyən etmək imkanlarımız xaricindədir. Gürcüstan hüquq-mühafizə orqanları da məlumat yaymağa həvəsli görünmürlər. Gürcüstan DİN-in yaydığı son məlumatda heroinin daşınmasında istifadə olunan avtomaşının sürücüsü Quram Sxaldzenin azad edildiyi bildirilib. Amma bu qədər heroinin Azərbaycan ərazisindən necə keçməsi açıqlanmayıb