Yol polisləri də “avtoş”lara qoşuldu – BİABIRÇILIQ, VİDEO

2-12-2014, 00:34   
Yol polisləri də “avtoş”lara qoşuldu – BİABIRÇILIQ, VİDEOİzlədiyiniz videomaterial bu il aprelin 4-də özünü Xaliqziya Əliyev kimi təqdim edən şəxs tərəfindən Youtube sosial şəbəkəsində yayılıb. Video artıq 50 min dəfəyə yaxın izlənilib. Hadisələr isə Lənkəran şəhərində cərəyan edir.
Yenilik.Az xəbər verir ki,Avtosfer.az-ın məlumatına görə, Lənkəranda toy karvanına başçılıq edən «VAZ-2107» markalı, 90 MZ 703 dövlət nömrə nişanlı avtomobilin bütün şüşələri plyonka ilə tündləşdirilib və avtomobilin salonu görünmür. Onu müşaiyət edən avtomobillərin də əksəriyyəti «VAZ» markalıdır və əksəriyyətinin də üzərində «taksi» nişanı var. Amma bu maşınları idarə edənlər yolda elə oyunlardan çıxırlar ki, onların «taksi» nişanı ilə «avtoş»luğu gizlətməyə çalışdığını anlamaq çətin deyil.
Təxminən 20-dən artıq avtomobilin Lənkəran şəhərinin mərkəzi küçələri ilə təhlükəli hərəkətlər etməsi, qarşı yola çıxması, qəza şəraiti yaratması, təhlükəli manevrlər etməsi az sonra şəhərin mərkəzindəki dairədə də davam edir. Özü də burada 4 Yol-Patrul Xidməti avtomobili də var.
DYP əməkdaşları onların gözü qarşısında hər cür oyundan çıxan sürücülərin hərəkətlərini əvvəlcə sakit qarşılayır. Sonra DYP maşınlarının bir neçəsi də toy karvanına qoşulur. İlk olaraq 10 YP 650 dövlət nömrə nişanlı DYP avtomobili «avtoş»ların arasında görünür. Bir qədər getdikdən sonra DYP əməkdaşları karvanın yarısını saxlayır. Bu zaman hətta «avtoş»lardan biri yol polisi avtomobilinin qarşısını kəsir. Sonra hərəkət yenidən davam edir və «avtoş»lar elə DYP-nin gözü qarşısında öz əməllərini təkrar edirlər.
Bu videoda ən maraqlı məqam odur ki, 10 YP 967 dövlət nömrə nişanlı DYP avtomobili 90 MZ 703 nömrəli avtomobillə yan-yana dayanır. «07»nin sürücüsü pəncərədən DYP əməkdaşına sənəd və pul uzadır. DYP əməkdaşı sürücünün verdiklərini alır, amma az sonra nə fikirləşirsə, geri qaytarır. Sürücü yenidən polisə nəsə uzadır. Bu dəfə qəbul olunmur.
Sonrakı kadlardan görünür ki, 10 YP 260 dövlət nömrə nişanlı DYP avtomobili də «avtoş»larla biryerdə hərəkət edir. Amma toy karvanını dayandırmırlar. Onlar hətta şəhərin mərkəzindəki dairədə əməlli-başlı şou göstərirlər.
Ən biabırçı məqam odur ki, DYP-nin bu hərəkəti və ya acizliyi ətrafdakı insanlar və karvandakı sürücülər tərəfindən gülüşlə qarşılanır. Onlar sanki DYP-ni ələ saldıqlarını düşünərək bundan zövq alırlar.
Nədənsə, son vaxtlar bölgələrdə, xüsusən də cənub bölgəsində toy karvanlarında bu cür təhlükəli oyunlardan çıxanlar çoxalır. Qəribəsi də budur ki, toy qalır bir kənarda, toy karvanında oyun çıxaran sürücülər özlərini reklam etmək üçün bu kadrları montaj edib bəzəyirlər və sosial şəbəkələrdə yayırlar. Hər halda, bu, heç də normal hal deyil. Və inanmaq istərdik ki, DYP-ni ələ salıb onların qarşısında hoqqabazlıq edən bu sürücülər artıq cəzalandırılıb.
DYP yaxasını kənara çəkib deməsin ki, qayda pozanlar çox idi, polis az, onlara o anda heç nə etmək olmazdı. Əslində, nə lazım idisə o anda etmək olarda. Lənkəranda post-patrul xidməti var, mühafizə polis idə yəqin ki, var. Yol polisi onların köməyindən istifadə edib bu cür harınlamış sürücüləri elə bir saatın içərisində lazımi qaydada cəzalandıra bilərdi. Polisin bu məsələdə susqun dayanması bir qədər təəccüblü göründü. Bəlkə, polisin o sürücülərdən asılacağı, çəkinəcəyi var? Əlbəttə, ola bilsin ki, bütün bölgələrdə olduğu kimi, burada da polislər həmyerli məsələni düşünüblər, «toy karvanını saxlasam el-oba nə deyər» düşüncəsi ilə hərəkət ediblər. Amma cənablar, görün vəziyyət hansı həddə çatıb ki, «avtoş» yol polisinin qarşısını kəsir.
Sürücülərə gəldikdə isə yəqin ki, onların əksəriyyəti sürdükləri maşını kreditə götürüblər. Kadrlardan da görünür ki, əksəriyyəti taksi sürücüsüdür. Onlar DYP-in gözü qarşısında heç nədən çəkinmədən təhlükəli hərəkətləri dəfələrlə təkrar edirlər. Adama deyərlər, ay kasıb, niyə boyundan hündürə tullanırsan? Nəyin artıq düşüb? Yollarda baş verən bu qədər qəza, ölən, yaralanan sənə çatmır? Başa düşürük, toy günüdür, şənlənmək lazımdır. Amma sizinki şənlənmək yox, xuliqanlıqdır.
Adınız üstünüzdədir – avtoxuliqan…[media=https://www.youtube.com/watch?v=fkiviJNoHUI]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.